Burhanettin Durandan İrana və bütün tərəflərə ciddi xəbərdarlıq: Regional təhlükəsizliyi riskə atmayın | 1news.az | Xəbərlər
Dünya

Burhanettin Durandan İrana və bütün tərəflərə ciddi xəbərdarlıq: Regional təhlükəsizliyi riskə atmayın

Qafar Ağayev17:44 - Bu gün
Burhanettin Durandan İrana və bütün tərəflərə ciddi xəbərdarlıq: Regional təhlükəsizliyi riskə atmayın

"İrandan atəşlənib ölkəmizə yönəldiyi təsbit edilən bir ballistik raket, Qaziantepin Şahinbey rayonu səmalarında NATO hava və raketdən müdafiə elementləri tərəfindən vaxtında qarşısı alınaraq zərərsizləşdirilib".

1news.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran rəsmi "X" hesabında məlumat paylaşıb.

Dövlət qurumları tam koordinasiya şəraitindədir

Hadisə nəticəsində hər hansı can itkisi və ya yaralanmanın yaşanmadığını qeyd edən B.Duran, inkişafın ilk andan etibarən bütün müvafiq qurumlar tərəfindən yaxından izlənildiyini vurğulayıb:

"Gərəkli müdafiə və təhlükəsizlik tədbirləri dərhal dövriyyəyə alınıb. Bu çərçivədə Milli Müdafiə Nazirliyi başda olmaqla, müvafiq bütün bölmələrimiz tam bir koordinasiya içərisində hərəkət etməkdədir. Türkiyənin hava məkanının və sərhəd təhlükəsizliyinin qorunması mövzusunda dövlətimizin iradəsi və potensialı ən yüksək səviyyədədir".

Regional təhlükəsizlik və tərəflərə xəbərdarlıq

Bölgədəki gərginliyin daha da artmaması və qarşıdurmaların daha geniş bir sahəyə yayılmamasının böyük əhəmiyyət kəsb etdiyini bildirən Kommunikasiya İdarəsinin rəhbəri tərəfləri mülki şəxsləri təhlükəyə sala biləcək hərəkətlərdən uzaq durmağa çağırıb:

"İran başda olmaqla bütün tərəflərə, regional təhlükəsizliyi riskə atan və mülki şəxsləri təhlükəyə sala biləcək hərəkətlərdən uzaq durmaları barədə xəbərdarlığımızı bir daha güclü şəkildə təkrarlayırıq".

Vətəndaşlara dezinformasiya xəbərdarlığı

Sonda Burhanettin Duran vətəndaşları və media qurumlarını yalnız rəsmi məlumatları əsas götürməyə səsləyib:

"Bu prosesdə vətəndaşlarımızdan və media qurumlarımızdan təsdiqə möhtac, ictimaiyyəti təşvişə sala biləcək və dezinformasiya tərkibli məzmunlara qarşı həssaslıq göstərmələrini; yalnız rəsmi məqamlarımız tərəfindən edilən açıqlamaları əsas götürmələrini xahiş edirik".

Paylaş:
292

Son xəbərlər

Bütün xəbərlər