İrandan buraxılan növbəti raket Türkiyədə vuruldu, qalıqları Qaziantepə düşdü - RƏSMİ
İrandan buraxılaraq Türkiyənin hava məkanına daxil olan ballistik sursat NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
1news.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sursatın bəzi qalıqları Qaziantep şəhəri yaxınlığında boş ərazilərə düşüb. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Nazirlik vurğulayıb ki, Türkiyə yaxşı qonşuluq münasibətlərinə və regionda sabitliyin qorunmasına böyük əhəmiyyət verir. Bununla belə, ölkənin ərazisinə və hava məkanına yönələn hər hansı təhdidə qarşı bütün zəruri addımlar qətiyyətlə və tərəddüdsüz atılacaq.
Məlumatda qeyd olunub ki, Türkiyənin bu istiqamətdə etdiyi xəbərdarlıqların nəzərə alınması hər kəsin maraqlarına uyğundur.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin Sakarya vilayətinin Karasu sahillərində naməlum pilotsuz uçuş aparatının (PUA) tapıldığı barədə də məlumat yayılmışdı.












