“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları Azercell-in qonağı oldular
8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində “Qızlara ağ yaraşır” sosial təşəbbüsü çərçivəsində cüdo ilə məşğul olmağa başlayan gənc qızlar Azercell-in qonağı oldular.
Fəallıqları və nailiyyətləri ilə fərqlənən yeniyetmə cüdoçular Azercell əməkdaşları ilə görüşərək cüdoya başlama motivasiyaları, bu idmanın onların həyatında yaratdığı imkanlar və gələcək hədəfləri barədə fikirlərini bölüşdülər.
Görüş “Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasovanın, şirkət nümayəndələrinin və Azərbaycan Cüdo Federasiyasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Ülkər Abbasovanın iştirakı ilə baş tutdu.
Tədbiri giriş sözü ilə açan Sona Abbasova Azərbaycan Cüdo Federasiyası ilə tərəfdaşlığın müvəffəqiyyətinin qarşılıqlı hörmət, dürüstlük və davamlı inkişaf kimi ortaq dəyərlərə əsaslandığını vurğuladı: “”Qızlara ağ yaraşır” təşəbbüsü də bu əməkdaşlığın mühüm hissəsidir. Layihənin əsas məqsədi qızların cəmiyyətdə rolunun gücləndirilməsinə və onların potensiallarını reallaşdırmaları üçün imkanların yaradılmasına töhfə verməkdir. Bu gün gənc cüdoçu qızların simasında bu təşəbbüsün real nəticələrini görürük. Onlar artıq yerli və beynəlxalq yarışlarda iştirak edir, uğurlar qazanır və digər qızlar üçün ilham mənbəyinə çevrilirlər.”
Qeyd edək ki, “Qızlara ağ yaraşır” layihəsi ictimaiyyət arasında erkən nikah mövzusuna diqqətin artırılmasını, eyni zamanda qızlar arasında idmanın təşviqini hədəfləyən sosial təşəbbüsdür. Layihə indiyədək bir sıra beynəlxalq mükafatlara layiq görülüb.
Reklam hüququnda

















