“İnklüziv Şəhərsalma: Yaşlıların Baxış Bucağı” | 1news.az | Xəbərlər
Cəmiyyət

“İnklüziv Şəhərsalma: Yaşlıların Baxış Bucağı”

16:51 - Bu gün
“İnklüziv Şəhərsalma: Yaşlıların Baxış Bucağı”

Yaşayış şəraiti haqqında danışarkən çox vaxt ağlımıza binalar, divarlar, infrastruktur və fiziki məkanlar gəlir. Lakin yaşlı insanlar üçün yaşayış yalnız bunlardan ibarət deyil. Ev mənlikdir, təhlükəsizlikdir, xatirədir.


Təsəvvür edin ki, insan ömrü boyu həyat qurur övlad böyüdür, cəmiyyətə töhfə verir, icmaları dəstəkləyir və daha sonra yaşlılıq dövrünə çatdıqda anlayır ki, yaşadığı məkan artıq onun ehtiyaclarına cavab vermir. Pilləkənlər maneəyə çevrilir. İctimai xidmətlərə çıxış çətinləşir. Sosial əlaqələrin yerini isə tədricən tənhalıq almağa başlayır.


Məlum olduğu kimi “Üçüncü Bahar” İctimai Birliyi olaraq yaşlı şəxslərlə sıx işləyirik. Onlarla ünsiyyət zamanı məlum olur ki, yaşlı insanların istifadəsi üçün uyğun olan yaşayış mühitinin olmaması onları narahat edən amillərdən biridir.
Bir çox yaşlı insan maliyyə çətinlikləri, məhdud hərəkət imkanları və sosial təcrid ilə qarşılaşırlar. Təəssüf ki, onların yaşayış mühiti ilə bağlı qərarlar çox zaman onların fikirləri nəzərə alınmadan qəbul edilir. Halbuki yaşlı şəxslər təcrübənin, biliklərin və dəyərli baxışların daşıyıcılarıdır və daha yaxşı şəhərlərin qurulmasına mühüm töhfə verə bilərlər.


Demoqrafik tendensiyalar göstərir ki, cəmiyyət sürətlə yaşlanır. Bu proses ölkəmizdən də yan keçmir. 2020-ci ildə Azərbaycanda 60 yaş və yuxarı şəxslər ümumi əhalinin təxminən 11,6%-ni təşkil edirdi. Demoqrafik proqnozlara əsasən isə bu göstəricinin 2030-cu ildə təxminən 17,1%-ə, 2040-cı ildə 20%-ə, 2050-ci ildə isə 25%-ə çatacağı gözlənilir. Bu isə o deməkdir ki, yaxın onilliklərdə Azərbaycanda hər dörd nəfərdən biri 60 yaş və ya daha yuxarı yaşda ola bilər.
Bu yalnız statistik dəyişiklik deyil; bu, artıq bu gündən diqqət və fəaliyyət tələb edən sosial reallıqdır. Bu onu göstərir ki, yaşlı insanlar üçün uyğun yaşayış mühiti, əlçatan şəhər məkanları və inklüziv icmalar artıq sadəcə sosial prioritet deyil, həm də davamlı inkişafın vacib hissəsinə çevrilir.

Əgər həqiqətən inklüziv şəhərlər yaratmaq istəyiriksə, qərarvermə prosesləri də inklüziv olmalıdır.

Yaşayış sistemi təkbaşına fəaliyyət göstərə bilməz. Səhiyyə, sosial müdafiə, nəqliyyat və şəhərsalma bir-biri ilə əlaqəli şəkildə işləməlidir. Ev yalnız sığınacaq kimi deyil, eyni zamanda insanın müstəqilliyini, sağlamlığını və sosial iştirakını dəstəkləməlidir.

Dünyanın müxtəlif ölkələrində ümidverici yeniliklərin meydana çıxdığını görürük: əlçatan dizaynlar, ağıllı texnologiyalar, icma əsaslı yaşayış modelləri və insanların öz mühitində ləyaqətlə yaşlanmasına imkan yaradan həllər. Lakin yalnız innovasiya kifayət deyil. Bu həllərin həm əlçatan, həm münasib, həm də insan ehtiyaclarını mərkəzə alan yanaşmalar olmasına diqqət yetirməliyik.

“Üçüncü Bahar” olaraq inanırıq ki, yaşlı insanlar şəhərlərə uyğunlaşmalı deyil, şəhərlər həyatın hər mərhələsində insanlara uyğunlaşmalıdır.

Çünki yaşlı insanlar üçün uyğun və inklüziv mühit yaratmaq yalnız onların bu günkü hüquqlarını qorumaq deyil bu, sabah hər birimizin ehtiyac duya biləcəyi gələcəyi qurmaqdır.

Nərmin Qəniyeva
Üçüncü Bahar Yaşlılara Dəstək İctimai Birliyi
İdarə Heyətinin sədri

Paylaş:
116

Son xəbərlər

Bütün xəbərlər