BƏƏ OPEC və OPEC+ təşkilatlarından çıxdığını açıqlayıb | 1news.az | Xəbərlər
Dünya

BƏƏ OPEC və OPEC+ təşkilatlarından çıxdığını açıqlayıb

Qafar Ağayev16:44 - Bu gün
BƏƏ OPEC və OPEC+ təşkilatlarından çıxdığını açıqlayıb

BƏƏ OPEC və OPEC+ təşkilatlarından çıxdığını açıqlayıb.

1news.az "Reuters"ə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin bu qərarı İranla müharibənin qlobal enerji bazarına ciddi təsir göstərdiyi bir dövrdə qəbul olunub və neft ixrac edən ölkələr birliyi üçün ağır zərbə hesab edilir.

Məlumata görə, uzun illər OPEC üzvü olan BƏƏ-nin təşkilatdan ayrılması qurum daxilində parçalanma riskini artırır. Qeyd olunur ki, təşkilat indiyədək geosiyasi və hasilat kvotaları ilə bağlı fikir ayrılıqlarına baxmayaraq, vahid mövqe nümayiş etdirməyə çalışıb.

Hazırda Körfəz ölkələri Hörmüz boğazı vasitəsilə enerji daşıyıcılarının ixracında çətinliklərlə üzləşir. Dünyada neft və mayeləşdirilmiş təbii qazın təxminən beşdə birinin daşındığı bu strateji keçid İranın təhdidləri və hücumları səbəbindən risk altındadır.

Bildirilib ki, BƏƏ-nin bu addımı ABŞ Prezidenti Donald Tramp üçün siyasi uğur kimi qiymətləndirilir. O, daha əvvəl OPEC-i neft qiymətlərini süni şəkildə artırmaqda ittiham edib və ABŞ-ın Körfəz ölkələrinə hərbi dəstəyini enerji qiymətləri ilə əlaqələndirib.

Qərarın qəbul olunmasına səbəblərdən biri kimi BƏƏ-nin müharibə zamanı İranın hücumlarına qarşı ərəb ölkələrinin yetərli dəstək göstərməməsindən narazılığı göstərilir.

BƏƏ prezidentinin diplomatik müşaviri Ənvər Qərqaş Gulf Influencers Forum çərçivəsində bildirib ki, Körfəz ölkələri logistik dəstək göstərsə də, siyasi və hərbi baxımdan mövqeləri zəif olub.

O əlavə edib ki, bu cür yanaşmanı Ərəb Dövlətləri Liqasından gözləsə də, Körfəz Əməkdaşlıq Şurasından gözləmədiyi üçün təəccübləndiyini bildirib.

Paylaş:
152

Son xəbərlər

Bütün xəbərlər