Türkiyədə 75 vilayətdə narkotik əməliyyatı: 638 nəfər həbs edildi
Ölkə üzrə 75 vilayətdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində 638 şübhəli şəxs həbs olunub.
1news.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, son 10 gün ərzində həyata keçirilən əməliyyatlar çərçivəsində ümumilikdə 767 kiloqram narkotik maddə və 3 milyon 340 min 726 ədəd narkotik tərkibli həb aşkar edilərək götürülüb.
Prokurorluq orqanlarının koordinasiyası ilə keçirilən əməliyyatlara 1980 qrup, 4 min 950 əməkdaş, 21 hava vasitəsi və 43 xüsusi təlim keçmiş it cəlb olunub.
Əməliyyatlar nəticəsində 1319 nəfər saxlanılıb. Onlardan məhkəməyə çıxarılan 638 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 174 nəfər haqqında isə digər hüquqi nəzarət tədbirləri tətbiq olunub. Qalan şəxslərlə bağlı araşdırmalar davam edir.
Nazirlikdən bildirilib ki, cəmiyyətə və xüsusilə gənclərə təhlükə yaradan narkotik alverçilərinə qarşı mübarizə ardıcıl və qətiyyətlə davam etdiriləcək.












