“Canlı yayım”a çevrilən faciə: 6 azyaşlının zəhərlənməsi və Gülcənnətin ölümü | 1news.az | Xəbərlər
Cəmiyyət

“Canlı yayım”a çevrilən faciə: 6 azyaşlının zəhərlənməsi və Gülcənnətin ölümü

Ayşən Salehli14:19 - Bu gün
“Canlı yayım”a çevrilən faciə: 6 azyaşlının zəhərlənməsi və Gülcənnətin ölümü

“Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib” başlığı ilə gündəmə gələn bir hadisə qısa müddət sonra daha ağır və narahatedici məzmun kəsb etməyə başladı.

Ailənin 2 yaşlı övladı Gülcənnətin ölümü xəbərə psixoloji, mənəvi və hüquqi baxımdan narahatedici çalarlar qatdı. Bu narahatlığın əsas mənbəyi isə övladını yenicə itirmiş bir atanın sosial şəbəkələrdə aktiv şəkildə görünməyi, canlı yayımlar açmağı və ən dəhşətlisi ölən körpənin görüntülərini paylaşmağı oldu.

Bəs övladını itirən bir atanın belə bir anda sosial şəbəkədə canlı yayım açması nə ilə izah oluna bilər? Şəxsi faciənin, xüsusilə azyaşlı uşağın görüntülərinin ictimailəşdirilməsi etik və psixoloji yöndən necə dəyərləndirilməlidir? Belə ağır itki yaşayan valideynin sosial şəbəkədə aktiv olması, hətta bunu paylaşması psixoloji baxımdan necə izah olunur? Ən əsası bu kimi faciələrdə sağ qalan uşaqların psixoloji vəziyyəti necə qorunmalıdır və dövlət, cəmiyyət və yaxın ətraf onların travma yaşamaması üçün nə etməlidir?

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablandıran psixoloq Fərqanə Mehmanqızı bu cür halların şəxsiyyət pozğunluğu ilə əlaqəli olduğunu söyləyib:

“Cəmiyyət olaraq, insani keyfiyyət və ailə dəyərləri olaraq etik qaydalar var. Bu qaydalardan kənara çıxmış bir insanda şəxsiyyət pozğunluğuna gətirib çıxara bilir”.

O qeyd edib ki, bu ailədə psixoloji problem olduğu elə hadisənin qəribəliyindən də bilinir.

“Qızlar və oğlanların eyni vaxtda hamamda çimməyi ndən görünür ki, ailədə problemlər var. Üstəlik, canlı yayım açmaq, sosial şəbəkə aludəçiliyi, insanların cəmiyyətin fikrindən asılılığı və s. Bu şəxsiyyət pozğunluğunun cəmiyyətdə yaratdığı “qara yara” və bizim də bunu izləməyimiz, bu barədə danışmağımız əslində bizi manipulyasiya etməyinə gətirib çıxarır. Onlar öz istədiklərinə nail olublar və cəmiyyəti idarə edirlər. Bu barədə danışmaq xəbərin yayılmasına səbəb olur. Cəmiyyətdə hər ağılda və düşüncədə bir qrup insan var. Cəmiyyətdəki problemlər haqqında danışdıqca bu bir qrup insanı bir yerə toplayırıq. Kütlə psixologiyası deyə bir şey var. Baxır ki, hamı nədən danışır, onlar da ondan danışırlar. Bir şey haqqında cəmiyyətdə çox danışdıqca o şey adiləşir. Bu gün sosial şəbəkədə cəsədlə şəkil çəkdirmək, hüzrdə canlı yayım açmaq, meyitin basdırılmasını çəkmək o qədər adiləşib ki, artıq bu da ictimai qınaqdan çıxaraq maraqlı mövzu kimi müzakirə olunur. Problem cəmiyyətin verdiyi reaksiyadır. Əgər insanlar cəmiyyətin kəskin ictimai qınağından qorxsaydılar, bu gün o hərəkəti etməzdilər. Bundan əlavə, biz uzağıq, amma onların yanında daha yaxın ətraf var. Məsələn yaxınlar və qonşular onlara daha ciddi yanaşsaydı, yaxşı olardı”.

Psixoloq çoxuşaqlı ailələrin aidiyyəti qurumlar tərəfindən nəzarətdə saxlanılmasının önəmini vurğulayıb:

“Çoxuşaqlı ailələrin hərəkətlərinə baxdıqca mənə elə gəlir ki, belə ailələr dövlət və dövlət qurumları tərəfindən ciddi nəzarətə götürülməlidir. Kimsə deyə bilər ki, biz 6 qardaş-bacı bir yerdə yaşayırdıq. Əvvəllər bu cür ailələrin olması normal idi. Amma əvvəlki dövrlə bugünkü dövr eyni deyil. Kasıb çoxuşaqlı ailələr bütün gün maddi durumlarının aşağı olmağından şikayət edirlər. Bu gün hər uşağın ayrı təlabatı var. Çoxlu uşaq dünyaya gətirən valideynlərin psixologiyası yoxlanılmalıdır. Ailə nəzarətə götürülməlidir. Bu həmin ailəyə də şamil olunmalıdır. Çünki ailədə qeyri-adekvat hərəkətlər var. Ailədə insan dəyəri aşağı düşüb. Bir insan faciəvi şəkildə və digər uşaqların gözünün önündə rəhmətə gedir və bu ictimailəşdirilir. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi buna baxmalıdır ki, niyə o uşaqların hamısı birlikdə hamamda idi? Hüquqda da var ki, hər bir valideynin öz övladının psixi və fiziki sağlamlığını qorumaq, təhsil vermək vəzifəsidir. Həmin ailə bu vəzifələrin heç birini yerinə yetirməyib”.

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da hadisənin anormallığını dilə gətirib:


“Burada davranış pozuntusu müşahidə edirəm. Çünki övlad itirən bir atanın “Tik-Tok”da hansısa bir formada kədərini bölüşməsini, diqqət çəkməyə çalışması və ya dəstək istəməsini görməmişəm.

Belə hallar olduqda Daxili İşlər Nazirliyi, Sosial Xidmətlər Agentliyi dərhal ailə ilə əlaqə saxlayıb vəzityyəti qiymətləndirirlər. Ehtimal ki, aidiyyəti qurumlar əlaqədə olub və vəziyyəti qiymətləndirib”.

“Biz hansı ailədə nə baş verdiyini dərhal bilə bilmərik”, - deyə o, fikirlərinə davam edib:

“Ailə üzvləri vəziyyəti gizlədirlər və yaxud qurumlara müraciət edə bilmirlər. Amma istənilən halda şəxsin məlumatlılığı və bu məlumatlılığı düzgün istiqamətləndirməsi əhəmiyyətli məsələdir. Problemlərdən biri odur ki, əksər vaxtlarda əhali mövcud xidmətlərdən xəbərsiz olurlar və buna görə də vaxtında müraciət etmirlər. Və yaxud müraciət etmirlər, çünki “Tik-Tok”da ictimailəşdirmək daha çox dəstək verir, nəinki o proseduru keçmək. Çoxları düşünür ki, “Tik-Tok”da daha rahat və tezdir. Qaynar xətlər var. Əhalinin bu qaynar xətlər barəsində kifayət qədər məlumatlı olması vacibdir. Əhalinin məlumatlandırılması daha çox bu yöndə getməlidir ki, əgər sən çətin vəziyyətdəsənsə, bu nömrələrə zəng vur. Həmçinin onlayn müraciətlər imkanı var. O ki qaldı uşaqlara, hər şey uşaq maraqlarının üzərində qurulmalı, onların müdafiəsi birinci növbədə diqqət mərkəzində dayanmalıdır”.

M.Zeynalova son olaraq çoxuşaqlı valideynlərin tənqidlərə tuş gəlməsindən bəhs edib:

“Mən çoxuşaqlı ailələrin tənqid edilməli olduğunu düşmürəm. Bəzi hallarda dini düşüncəyə görə abort etməyin günah olduğunu düşünürlər. Bu ailənin düşüncə tərzi, daxili münasibətlər və qaydaları haqqında məlumatsızam. Ailəni dinləmək, vəziyyətini qiymətləndirmək çox vacib məsələdir. Gərək düzgün qərar verəsən ki, nəyə görə bu ailədə vəziyyət belədir? Bəlkə, hansısa dəstək üçün bu qədər uşaq dünyaya gətiriblər. Çünki belə halllar da olur. Burada müxtəlif amillər var. Din və ya başqa psixoloji təsirlər ola bilər. Valideyn tək övlad olduğu üçün uşaqlarının sayının çox olmasını istəyə bilər.

Amma ailədə uşaqlarının sayının çox olması dövlət tərəfindən də dəstəklənir və stimullaşdırılır. Vaxtında müraciətlər və bu müraciətlərin qurumlar tərəfindən eşidilməsi önəmli məsələlərdəndir. Çox uşağın olması pis hal deyil, sadəcə o uşaqların hüquq və maraqları qorunmalıdır. İlk növbədə, onun təhsilini, yaşamını, qidalanma və sağlamlığını düşünməlisən”.

Fəlsəfə doktoru, sosioloq Mail Yaqub dəm qazının hələ də can almağa davam etməsindən duyduğu təəssüfünü dilə gətirib və baş verən hadisələrin valideynin övladı qarşısında öz məsuliyyət və vəzifələrin dərk edə bilməməsi ilə izah edib:

“Əvvəla, təhlükəsizlik məsələləri qorunmur və hələ də dəm qazından qurbanlar veririk. Bu təəssüfedicidir. Valideynin laqeyd hərəkətinə gəlincə, hadisədən qısa müddət sonra canlı yayım açmaq və övladının cəsədini göstərməsi onun etik və psixoloji problemlərindən qaynaqlanır. Psixoloji dedikdə, psixiatrik problemləri nəzərdə tutmuram. Yəni insanın bir atalıq məsuliyyəti, mənəviyyatı olmalıdır. Bu çoxuşaqlı olmaqla da bağlı deyil. Həmin valideynin bir uşağı olsaydı, o cür hərəkət etməyəcəkdi? Yox, bu insanın özünün əxlaqi durumuna bağlıdır. Elə tip insanlar təkcə bu məsələdə yox, digər yerlərdə də laqeydlik göstərirlər. Yəni insanın qanında laqeydlik, vecsizlik, məsuliyyətsizlik varsa, bütün yerlərdə də o cürdür. Buna nə ad vermək olar? O atanın valideynlik missiyasını anlamaması. Çünki valideyn olmaq təkcə fizioloji akt deyil, həm də məsuliyyətdir, əxlaq-mənəviyyat, dərk məsələsidir. Valideynin övladı qarşısında məsuliyyəti və vəzifələri var. Bunu başa düşməlidir”.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər