Xəzər dənizində seysmik aktivlik artır: Güclü zəlzələ ehtimalı varmı? - Seysmoloqdan ŞƏRH | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzər dənizində seysmik aktivlik artır: Güclü zəlzələ ehtimalı varmı? - Seysmoloqdan ŞƏRH

Oksana Orucova17:48 - Bu gün
Xəzər dənizində seysmik aktivlik artır: Güclü zəlzələ ehtimalı varmı? - Seysmoloqdan ŞƏRH

Son günlər Xəzər dənizində yüksək maqnitudalı zəlzələrin baş verməsi regionda seysmik aktivliyin artdığını göstərir.

Elə bu gün Xəzər dənizində 5.3 maqnitudalı qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ Lənkəran,Yardımlı, Lerik, Astara,Cəlilabad, Neftçala 4-3 bal hiss olunub. Yeraltı təkanlar isə 70 km dərinlikdə qeydə alınıb.

Bəs görəsən bunun hansı fəsadları ola bilər? Azərbaycanda yüksəl ballı zəlzələ ehtimalı varmı?

Məsələ ilə bağlı 1news.az-a danışan Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri, Yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayev deyib ki, region seysmik ocaqlarla zəngindir və müxtəlif intensivlikdə zəlzələr qeydə alınır.

Ekspertin sözlərinə görə, mürəkkəb geoloji və tektonik strukturlar, qırılmalar və struktur pozuntuları Xəzər dənizindəki seysmik aktivliyin əsas səbəblərindən biridir:

"Son günlər Xəzər dənizində yüksək maqnitudalı zəlzələr baş verir və bu, mənim əvvəlki müsahibələrimin bir təzahürüdür. Xəzər dənizi seysmik ocaqlarla zəngin bir region sayılır, müxtəlif intensivliyə malik ocaqlar mövcuddur. Müxtəlif mürəkkəb geoloji və tektonik strukturların mövcudluğu, qırılmalar, müəyyən struktur pozuntuları seysmik aktivliyə təsir edir".

O, zəlzələlərin gücünün insanların yaşadıqları mühitdən də asılı olduğunu vurğulayıb:
"Xəzər dənizində baş verən titrəyişlər güclü və dağıdıcı deyildir. Amma insanlar yaşadıqları ərazidən asılı olaraq onları daha güclü hiss edə bilərlər. Məsələn, yüksək mərtəbədə yaşayan biri zəlzələni daha kəskin hiss edə bilər. Seysmologiyada 4.5–5.5 maqnitudalı zəlzələlər hiss olunan zəlzələlər sayılır, güclü və dağıdıcı 6.5–7 maqnitudalı zəlzələlər isə istisnadır".

Qulam Babayev həmçinin qeyd edib ki, Xəzər dənizindəki seysmik ocaqlar qonşu ərazilərdə də aktivliyi artırır və regionun hələ tam sabit olmadığını göstərir:

"Xəzər dənizindəki ocaqlar aktivdir, hər gün kiçik titrəyişlər baş verir. Bu aktivlik qonşu ərazilərə də təsir edə bilər, məsələn, Quba, Şabran və Siyəzən ərazilərində seysmik ocaqlar var. Böyük dağıdıcı zəlzələlərin baş verməsi ehtimalı azdır, amma kiçik titrəyişlər davam edəcək və bu il də qaçılmazdır”.

Ekspertin açıqlaması göstərir ki, Xəzər dənizində seysmik proseslər davamlı izlənməli və regionda mümkün risklərə qarşı hazırlıq tədbirləri gücləndirilməlidir.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər