“Dünyanın müxtəlif istiqamətlərində müharibələr gedir” – Azərbaycan sabitliyi necə qoruyur? - ŞƏRH
“Beynəlxalq münasibətlər sistemi mürəkkəb kombinasiyalarla dolu, həlli çətin bir mərhələdən keçir və demək olar ki, dünyanın bütün regionlarında ya münaqişə ocaqları yenidən qızışdırılmağa çalışılır, ya da dövlətlərin daxili siyasətinə zorakı qaydada müdaxilələrin şahidi oluruq”.
Bu sözləri 1news.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
O qeyd edib ki, belə bir şəraitdə şübhəsiz ki, nəinki dövlətin xarici siyasətində uğur qazanmaq, həm də daxildə sabitliyi və təhlükəsizliyi təmin etmək son dərəcə mürəkkəb xarakter alır.
“Cənab Prezident İlham Əliyev bu məsələlərin öhdəsindən uğurla gəlir və qürurverici məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan dünyada təhlükəsiz bir ölkə kimi tanınır, Azərbaycanın sözünə böyük etimad göstərilir və Azərbaycanla münasibətlərin qurulmasında qarşı tərəflərin göstərdiyi maraq öz sözünü deyir. Dünyanın müxtəlif istiqamətlərində müharibələr gedir. Məhz belə bir reallıqda dövlətin həm siyasi, həm iqtisadi, həm hərbi, həm də ideoloji baxımdan güclü olması çox çətin bir tapşırıq olsa da, Azərbaycan bunu reallaşdırmağı bacarıb. İllər ərzində yürüdülən siyasət, xalq-ordu-dövlət birliyi Azərbaycanın mövcud reallığını yaratdı və 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun göstərmiş olduğu şücaət, xalqımızın həmrəyliyi, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, habelə antiterror əməliyyatları zamanı Azərbaycan ordusunun yazdığı qəhrəmanlıq dastanı bugünkü beynəlxalq münasibətlər sistemində əvəzsiz bir nümunədir və bütövlükdə dünya tarixinə qızıl hərflərlə yazılmalı səhifələrdən biridir. Azərbaycanın istər döyüş meydanında, istərsə də diplomatik masada qazandığı uğurlar, habelə informasiya savaşında olduqca möhkəm mövqe sərgiləməsi bugünkü reallıqlarımızın əsasında dayanır”.
“Hər nə qədər Azərbaycana təzyiq edilməyə çalışılsa da, hər nə qədər Azərbaycanın daxili siyasətinə qarışılmağa cəhd göstərilsə, Azərbaycan dövləti və Azərbaycan xalqı bu işdə həmrəy davranaraq təhlükə oxlarını özündən uzaqlaşdırır. Şübhəsiz ki, bütün bunların təməlində cənab Prezident İlham Əliyevin liderlik qabiliyyəti, şəxsi keyfiyyətləri öz sözünü deyir. Habelə o da qeyd olunmalıdır ki, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva bu işdə cənab Prezident İlham Əliyevin ən sadiq silahdaşı kimi Azərbaycanın müsbət imicinin formalaşdırılmasında misilsiz xidmətlər göstərir. Ölkədə dövlətə böyük inam, etimad var, bugünkü reallığımızın əsasında dayanan amil də məhz budur”.












