“Mafiya sevgisi”nin məktəblərə ayaq açması və ya məktəblilər necə cinayətkara çevrildi? - KÖŞƏ | 1news.az | Xəbərlər
Mövqe

“Mafiya sevgisi”nin məktəblərə ayaq açması və ya məktəblilər necə cinayətkara çevrildi? - KÖŞƏ

Oksana Orucova14:22 - Bu gün
“Mafiya sevgisi”nin məktəblərə ayaq açması və ya məktəblilər necə cinayətkara çevrildi? - KÖŞƏ

Adətən qonşu ölkələrdə hava şəraiti qeyri-sabit keçəndə, başa düşürsən ki, bu dəyişiklik gec-tez bizə də təsir edəcək.

Bakıdan çox uzağa getməyək, cəmi 1177 km aralanıb Kahramanmaraşda baş verən hadisələrə nəzər salaq. Boğazından kəsib, min bir əziyyətlə, ümidlərlə uşaq böyüt. Ayaqqabısının tozunu təmizlə, paltarlarını yu, ütülə, üzündən öp, yola sal məktəbə. Sonra bir zəng gəlsin - soyuq, pərişan bir səslə desinlər ki, bir cani alıb əlinə odlu silahı, qarşısına keçənə atəş açıb, öldürüb. Sənin balan da içində.

Hələ Rusiyadakı hadisənin 40-ı çıxmayıb. Perm diyarının Dobryanka şəhərində 17 yaşlı şagird 55 yaşlı müəllimə bıçaqla hücum edib, onu öldürmüşdü.

2009-da ADNSU-da baş verən terror yadıma düşür. Ya da yox, elə uzağa getməyək. Elə bu yaxınlarda İdrak liseyində baş vermiş hadisəni xatırlamaq kifayətdir. Tüfəngin kifayət qədər böyük olduğunu anlamaq üçün hərbi ekspert olmağa ehtiyac varmı? Məncə yox. Bu vəziyyətdə iki əsas nüans ortaya çıxır: gözardı edilmiş təhlükəsizlik tədbirləri və məktəblilərdə formalaşan “mafiya sevgisi”.

Adətən güclü zəlzələ baş verəndə birinci təməli yaxşı qazılmamış binalar dağılır. Bəs bu “uçqunun” yaranmasına səbəb olan mühəndislər kimlərdir? Ailə yoxsa cəmiyyət?

Türk seriallarını izləmirəm, sevmirəm. Ailəmdə də kimsə izləyəndə acığım tutur. Amma bu yaxınlarda bir neçə gün xəstələnib evdə qaldığım müddətdə sosial şəbəkələrdə təriflənən bir türk serialı diqqətimi çəkdi. Ərinmədim, açıb baxdım. Narkomafiyanı elə təqdim etmişdilər ki, adamın ürəyi istəyir hər şeyə tüpürsün, özünü atsın o bataqlığa, qoşulsun mafiaya.

Dostlarım son zamanlar Azərbaycanda film sənayesinin necə inkişaf etməsindən danışırdılar. “Bizdə qıcqırmış qaynana-gəlin mövzularından başqa nə ola bilər ki?” düşüncəsilə açıb baxdım bir iki filmə. Pis deyildi. Kino məhsullarında hekayə quruculuğu fərqli məcraya yönəlib. Di gəl ki, bir “əmma” var. Bütün mövzular istintaqda yekunlaşır. Yenə cinayət, yenə kriminal.

Bir sıra Avropa ölkələrində qəbul olunan qərar yağ kimi yayıldı ürəyimə: 15 yaşına çatmayan uşaqların sosial mediaya girişinə qadağa qoyulub. Nə deyək? Sağ əlləri başımıza.

Ümumən indiki valideynlərə də yazığım gəlir. Əvvəllər “Bizim vaxtımızda…” ilə başlayan söhbətləri qınayırdım. Deyirdim ki, o sizin dövrünüz idi. Amma etiraf edim, bizim vaxtımızda özümüzü yığışdırmağımız bir çimdiyə baxırdı. İndi uşağa əl qaldırdınsa, 300 manatı hazırla. Gərək gündəlik qayğıları, işdə müdirdən eşitdiyin məzəmmətləri, kommunal xidmətlərin göndərdiyi qəbzi qoyasan bir kənara. Fokuslanasan ki, uşaq nə edir, kimlə görüşür, nə izləyir. Övlad dünyaya gətirəndə bunları əvvəlcədən düşünməlisən ki, sonradan nəzarətsiz qalan “məhsulunun” çürük meyvəsi başqalarını da məhv etməsin.

Gələk təhlükəsizlik məsələlərinə. Məktəb yüksək təhlükəsizlik həssaslığına malik zona hesab olunur. Amma görünən odur ki, bu, sadəcə “hesab olunmaqla” kifayətlənir. Gəlin indiki halda məktəbə daha düzgün ad seçək. Məktəb - potensial qatillərin öz “potensiallarını” layiqincə göstərə bildiyi yer.

Təklif edirəm ki, valideyn iclaslarında “uşağınızın riyaziyyatı zəifləyib” əvəzinə “uşağınızın çantasını yoxlayın, biz yoxlaya bilmədik” desinlər.

Məktəbi “yüksək təhlükəsizlik zonası” adlandırmaq asandır, əsas məsələ odur ki, ora daxil olanda uşaqlar yox, yalnız dərs və kitablar “atəşə tutulsun”.

Oksana Orucova

Paylaş:
299

Son xəbərlər

Bütün xəbərlər