Ölkəyə gələn turistlərin sayı niyə azalır? – Ekspertdən ŞƏRH
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, Azərbaycana gələn turist axınının azalması və paralel olaraq da onların ölkədəki xərclərində də geriləmə qeydə alınıb.
Son dövrlərdə Avropa ölkələrindən gələn turistlərin sayında müəyyən artım müşahidə olunsa da, onların əksəriyyəti Azərbaycana qısamüddətli səfərlər etməyə üstünlük verir. Regionda davam edən geosiyasi gərginliklər, müharibələr, nəqliyyat xərclərinin artması və ölkəyə səfərin baha başa gəlməsi kimi amillər turizm sektorunun inkişafına mənfi təsir göstərir.
Bəs ölkəyə gələn turist sayının azalmasına səbəb nədir? Turistləri ölkəyə cəlb etmək üçün nələr etmək lazımdır?
Məsələ ilə bağlı 1news.az-a danışan turizm eksperti Ceyhun Aşurov bildirib ki, sərhədlərin bağlı qalması, regionda gərginliyin davam etməsi və xüsusilə Azərbaycana yaxın ölkələrdə baş verən hərbi münaqişələr ölkənin turizm bazarına birbaşa təsir göstərir.
Onun sözlərinə görə, müharibə və ya digər təhlükəsizlik riskləri turistlərin səyahət planlaşdırdığı dövrlərə təsadüf etdikdə bu, turizm axınının azalmasına səbəb olur: “Əlbəttə ki, bu vəziyyət uzun müddət davam edə bilməz. Səyahət insanların əsas ehtiyaclarından biridir. İnsanlar həm ölkədaxili, həm də beynəlxalq səfərlər etməyə davam edirlər. Dünyada turizm axını müxtəlif istiqamətlər üzrə inkişaf edir. Azərbaycan da turizm bazarında rəqabət qabiliyyətini artırmalı, ölkəyə gələn turistlər üçün daha əlverişli şərait yaratmalıdır ki, xarici vətəndaşlar seçim edərkən Azərbaycana üstünlük versinlər. Bunun üçün ölkəyə səfəri stimullaşdıran amillər artırılmalı, turizm məhsulları daha cəlbedici və əlçatan olmalıdır. Bu istiqamətdə daha çevik və elastik siyasətin həyata keçirilməsi vacibdir”.
Ekspert qeyd edib ki, Azərbaycanın kifayət qədər böyük turizm potensialı mövcuddur və bu potensial həm dövlət strategiyalarında, həm də rəsmi çıxışlarda öz əksini tapır. Lakin mövcud imkanlardan daha səmərəli istifadə olunmasına ehtiyac var.
Ceyhun Aşurovun sözlərinə görə, turistlər hər hansı istiqamət seçərkən ilk növbədə təhlükəsizlik və nəqliyyat xərclərini nəzərə alırlar: “Bu baxımdan Azərbaycan sabitlik və təhlükəsizlik baxımından üstünlüklərə malikdir. Ölkəmizə gələn turistlərin əksəriyyəti də bunu xüsusi vurğulayır. Lakin hazırda Azərbaycana səfər etmək regionun bəzi ölkələri ilə müqayisədə o qədər də əlverişli hesab olunmur. Tur paketlərinin dəyərində nəqliyyat xərclərinin payı 40 faizdən çoxdur ki, bu da kifayət qədər yüksək göstəricidir”.
Ekspert hesab edir ki, ölkədə fəaliyyət göstərən beynəlxalq hava limanlarından daha səmərəli istifadə edilməli, regionlardakı hava limanlarına aşağıbüdcəli aviaşirkətlər cəlb olunmalıdır.
O, həmçinin Azərbaycan və Gürcüstan arasında fəaliyyətə başlayan dəmir yolu xəttinin turizm üçün müsbət addım olduğunu vurğulayıb: “Bununla belə, bu xidmət daha çevik və rahat formada təşkil edilməlidir. Biletlərin əldə olunması prosesi sadələşdirilməli və operativləşdirilməlidir. Sərnişindaşıma xidmətlərinin komfort səviyyəsi artırılmalıdır. Həm yük daşımaları, həm də bilet satışı ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılması turizm sektorunun inkişafına əlavə töhfə verə bilər”.









