ABŞ-dən yeni qayda: 60 illik “Green Card” sistemi dəyişdi
ABŞ müvəqqəti viza ilə ölkədə olan əcnəbilərin yaşıl kart müraciətləri ilə bağlı qaydaları dəyişib.
1news.az xəbər verir ki, bu barədə ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) sosial şəbəkə platforması X üzərindən açıqlama yayıb.
Bildirilib ki, yeni qaydalara əsasən, ABŞ-də müvəqqəti viza ilə yaşayan əcnəbilər daimi yaşamaq icazəsi ("Green card" - yaşıl kart) üçün müraciətlərini, istisna hallar nəzərə alınmaqla, əsasən öz ölkələrindən etməlidirlər.
Qeyd olunub ki, təxminən 60 ildir böyük ölçüdə dəyişməz qalan sistemdəki boşluqların sui-istifadə edilməsinin qarşısını almaq məqsədilə bu addım atılıb.
USCIS vurğulayıb ki, dəyişikliklərin əsas məqsədi yaşıl kart müraciəti rədd edilən şəxslərin ABŞ ərazisində qeyri-qanuni qalmasının qarşısını almaqdır.
Açıqlamada bildirilib ki, yeni yanaşma immiqrasiya sisteminin daha nəzarətli və şəffaf fəaliyyətini təmin etməyə xidmət edir.
Həmçinin xatırladılıb ki, tələbə, müvəqqəti iş və turist vizası sahibləri ABŞ-yə qısa müddətli və konkret məqsədlərlə gəlirlər.
“Sistem onların səfərləri başa çatdıqdan sonra ölkəni tərk etmələri üçün nəzərdə tutulub. Bu səfərlər yaşıl kart prosesinin başlanğıcı kimi qiymətləndirilməməlidir”, – deyə açıqlamada qeyd olunub.












