Azovda 5 azərbaycanlının həyatına son qoyan dron hücumunun görüntüləri yayıldı – VİDEO – YENİLƏNİB
Azov dənizində gəmilərə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumun görüntüləri yayılıb.
Hadisə nəticəsində 5 Azərbaycan vətəndaşı həlak olub.
1news.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) daha əvvəl yaydığı məlumata görə, ötən gecə heyətində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə pilotsuz uçuş aparatları ilə hücum edilib.
"Rusiya tərəfinin təqdim etdiyi məlumata əsasən, hücum nəticəsində 5 Azərbaycan vətəndaşı həlak olub, daha 3 nəfər isə xəsarət alıb. Yaralanan şəxslər Yeysk şəhərinin xəstəxanasına yerləşdirilib", - məlumatda bildirilib.
Qeyd olunub ki, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil.
XİN hazırda aidiyyəti dövlət qurumları, Azərbaycanın diplomatik nümayəndəlikləri və müvafiq ölkələrin səlahiyyətli orqanları ilə koordinasiya işləri aparır. Azərbaycanın Rusiyadakı səfirliyinin bir neçə əməkdaşı hadisə yerinə ezam olunub.
12:11
Azov dənizinin Taqanroq körfəzində iyunun 5-nə keçən gecə pilotsuz uçuş aparatlarının hücumuna məruz qalan və Türkiyədən Rusiyanın Rostov-na-Donu şəhərinə istiqamətlənən “Natra” və “Zirkon” yük gəmilərində həlak olan azərbaycanlı dənizçilərin yalnız könüllü əsaslarla xidmət etdikləri məlum olub.
1news.az xəbər verir ki, bu barədə əldə olunan məlumata görə, onların sözügedən fəaliyyətə cəlb olunması hər hansı dövlət proqramı və ya rəsmi göndərişlə bağlı olmayıb.
Qeyd olunub ki, müharibə və silahlı münaqişələrin hökm sürdüyü bölgələrdə çalışan şəxslərin təhlükəsizliyinə heç kim tam zəmanət verə bilməz.
Bununla əlaqədar xarici ölkələrdə müxtəlif sahələrdə çalışan Azərbaycan vətəndaşlarına müraciət edilərək, onları könüllü şəkildə münaqişə zonalarında fəaliyyət göstərməkdən çəkinməyə çağırılıb. Vətəndaşlara təhlükəli proseslərdən və hərbi qarşıdurmaların yaşandığı ərazilərdən uzaq durmaları tövsiyə olunub.












