İsveçrə Hava Yollarına məxsus təyyarə Qazaxıstana təcili eniş etdi
Seul–Sürix marşrutu üzrə uçuş həyata keçirən İsveçrə Hava Yollarına (SWISS) məxsus sərnişin təyyarəsi ikinci pilotun səhhətinin qəfil pisləşməsi səbəbindən Qazaxıstana təcili eniş edib.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə uçuş zamanı baş verib. Airbus A350-941 tipli təyyarə Qazaxıstan hava məkanında olarkən ekipaj hava hərəkətinə nəzarət xidmətinə təcili eniş siqnalı göndərib.
Təyyarə yerli vaxtla saat 13:50 radələrində Almatı Beynəlxalq Hava Limanına uğurla eniş edib.
Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına görə, təcili enişə səbəb ikinci pilotun səhhətinin qəfil ağırlaşması olub. Pilot enişdən sonra xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, təyyarədə 227 sərnişin və 14 ekipaj üzvü olub. Uçuş zamanı hər hansı texniki nasazlıq qeydə alınmayıb.












