Overçuk: İrəvanın Aİ standartlarına yaxınlaşması risklər yaradır
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanla bağlı mümkün məhdudlaşdırıcı addımların gündəmdə olmadığını bildirib.
1news.az xəbər verir ki, Overçuk bu barədə Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammiti ərəfəsində jurnalistlərə açıqlamasında danışıb.
O bildirib ki, Ermənistanın Avropa İttifaqına inteqrasiya planları rusiyalı investorlar üçün müəyyən qeyri-müəyyənlik yaradır: “Biz təbii ki, bundan məmnun deyilik və iqtisadi münasibətlərimizi mümkün qədər tez aydınlaşdırmağa çalışırıq. Bununla belə, İrəvan həm üstünlüklərin həcmini, həm də digər Aİİ üzv ölkələri ilə ticarət dövriyyəsini çox yaxşı anlayır”.
Overçuk Ermənistanın Avropa standartları və texniki tənzimləmələrə uyğunlaşma istiqamətində fəal addımlar atdığını da qeyd edib:
“Bu baxımdan yarana biləcək risklər Qazaxıstanda keçiriləcək Aİİ liderlərinin sammitində də müzakirə olunacaq”. Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Astanada keçiriləcək Aİİ sammitində iştirakı gözlənilmir.












