Kral Çarlz III Azərbaycan nümayəndələrini Britaniya ilə əlaqələrin inkişafına verdikləri töhfəyə görə mükafatlandırıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kral Çarlz III Azərbaycan nümayəndələrini Britaniya ilə əlaqələrin inkişafına verdikləri töhfəyə görə mükafatlandırıb – FOTO

First News Media09:45 - Bu gün
Kral Çarlz III Azərbaycan nümayəndələrini Britaniya ilə əlaqələrin inkişafına verdikləri töhfəyə görə mükafatlandırıb – FOTO

İlk dəfə olaraq Azərbaycan vətəndaşları - British Council Azerbaijan-ın direktoru Nargiz Hacıyeva və bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Britaniya-Azərbaycan münasibətlərinin inkişafına verdikləri töhfəyə görə Böyük Britaniyanın fəxri mükafatlarına layiq görülüblər.

Mükafatlar onlara bir gün əvvəl Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Old tərəfindən təqdim edilib.

Diplomatın sözlərinə görə, ən böyük imtiyazlardan biri bir şəxsə Onun Əlahəzrət Kral adından mükafatın verilməsi barədə xəbər vermək, daha böyük şərəf isə bu mükafatı şəxsən təqdim etməkdir. O, qeyd edib ki, Bəxtiyar Aslanbəyli və Nargiz Hacıyeva uzun illərdir ki, Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsinə əhəmiyyətli töhfələr verirlər.

Səfir həmçinin bp-nin “Əsrin Müqaviləsi”nin imzalanmasından sonra Azərbaycanın inkişafında oynadığı rolu vurğulayaraq, şirkətin ölkənin iqtisadi inkişafına verdiyi töhfəni qeyd edib. British Council-ın fəaliyyətindən danışarkən o, xatırladıb ki, təşkilat Azərbaycanda təqribən 30 ildir fəaliyyət göstərir və insan kapitalının inkişafına kömək edir.

Bəxtiyar Aslanbəyli və Nargiz Hacıyeva öz növbələrində fəaliyyətlərinə verilən yüksək qiymətə görə təşəkkür edib və iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

Xatırladaq ki, Bəxtiyar Aslanbəyli Çarlz III-ün qərarı ilə Britaniya İmperiyası Ordeninin fəxri zabiti (OBE) adına layiq görülüb. Nargiz Hacıyeva isə Britaniya İmperiyası Ordeninin fəxri üzvü (MBE) adına layiq görülüb.

Qeyd edək ki, Böyük Britaniyanın fəxri mükafatları görkəmli nailiyyətlərə və xidmətlərə görə verilir. Müxtəlif illərdə bu mükafatlara Uinston Çörçill, Devid Bekhem və Adel kimi tanınmış şəxslər, həmçinin dövlət xidmətçiləri və ictimai xadimlər layiq görülüb. Mükafatlar Çarlz III tərəfindən təsdiq edilir.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər