Malayziya sahillərində miqrant qayığı batdı: 14 nəfər itkin düşdü
Malayziyanin Pangkor adası sahillərində qeyri-qanuni miqrantları daşıdığı ehtimal edilən qayığın batması nəticəsində 14 nəfər itkin düşüb.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, qayığın Sumatra adasının Kisaran şəhərindən 9 may tarixində yola çıxdığı və Kuala Lumpur və Penang adası daxil olmaqla müxtəlif istiqamətlərə hərəkət etdiyi müəyyən edilib.
Bildirilib ki, hadisə səhər saatlarında bir balıqçı tərəfindən səlahiyyətli qurumlara xəbər verilib. Onun sözlərinə görə, 37 nəfərin olduğu qayığın 23 sərnişini xilas edilib və onlar dəniz polisinin nəzarətinə götürülüb.
Rəsmi açıqlamada qeyd olunur ki, hazırda itkin düşənlərin axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Miqrant hüquqları üzrə təşkilatların məlumatına görə, hər il təxminən 100–200 min İndoneziya vətəndaşı qeyri-qanuni yollarla təhlükəli dəniz səfərlərinə çıxır və çox zaman insan alveri şəbəkələrinin istismarına məruz qalır.












