Məşhur aktyor Donald Gibb vəfat etdi
Donald Gibb 71 yaşında dünyasını dəyişib.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, aktyorun oğlu Travis Gibb ABŞ mətbuatına açıqlamasında bildirib ki, Donald Gibb çərşənbə axşamı səhhətində yaranan ağırlaşmalar səbəbindən vəfat edib.
O, aktyorun Teksasdakı evində, ailə üzvlərinin əhatəsində həyatını itirdiyini qeyd edib.
Məlumata görə, Donald Gibb bir müddətdir müxtəlif sağlamlıq problemlərindən əziyyət çəkirdi və vəziyyəti son dövrlərdə daha da ağırlaşıb.
Aktyor xüsusilə "Revenge of the Nerds" film seriyasında canlandırdığı "Fred Ogre” obrazı ilə tanınırdı. Onun iri cüssəsi və yumor hissi bu obrazı kult personajlardan birinə çevirmişdi.
Donald Gibb həmçinin "Bloodsport", "Conan the Barbarian", "U.S. Marshals" və "Hancock" kimi filmlərdə rol alıb.
Televiziya karyerası ərzində isə "Knight Rider", "MacGyver", "Quantum Leap", "Seinfeld" və "The X-Files" kimi məşhur seriallarda çəkilib.












