Əfsanəvi aktyor Ceki Çan Azərbaycana gələcək - FOTO
72 yaşlı əfsanəvi aktyor və rejissor Ceki Çan “Tanrının yaraqları” (“Armour of God”) yeni filminin çəkilişlərinə başlayacaq.
1news.az "Variety" nəşrinə istinadən xəbər verir ki, çəkilişlər Azərbaycan və Qazaxıstan da daxil olmaqla bir neçə ölkədə aparılacaq.
“Armour of God IV: Ultimatum” adlanan layihə ulduz aktyorun Mərkəzi Asiyada ilk işi olacaq. Əsas çəkilişlərin iyul ayında başlanması planlaşdırılır, filmin dünya premyerası isə 2027-ci ilin ikinci rübünə nəzərdə tutulub.
Süjetə əsasən, film “Asiya Şahini” ləqəbli qəhrəmanın hekayəsini davam etdirəcək. O, bu dəfə mükafatı 20 milyon dollardan çox olan qədim artefakt uğrunda təhlükəli missiyaya cəlb olunur. Yaradıcılara görə, çəkilişlərin Qazaxıstan və Azərbaycan ərazisində aparılması franşizanın vizual coğrafiyasını daha da genişləndirəcək.
Ceki Çan qeyd edib ki, bu, onun qazaxıstanlı tərəfdaşlarla ilk layihəsidir. O vurğulayıb ki, regionun lokasiyaları yeni yaradıcılıq imkanları açır və gələcəkdə də əməkdaşlığı davam etdirməyi planlaşdırır.
Xatırladaq ki, “Tanrının yaraqları” filminin əsası 1986-cı ildə qoyulub və hazırda 3 filmi yayımlanıb. Bu, Ceki Çanın karyerasındakı ən məşhur macəra seriyalarından biri hesab olunur və döyüş, komediya, həmçinin klassik “İndiana Cons” üslublu macəra elementlərini özündə birləşdirir.












