Nazir Kəmaləddin Heydərov Qətər Dövlətinin bələdiyyə naziri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Nazir Kəmaləddin Heydərov Qətər Dövlətinin bələdiyyə naziri ilə görüşüb

18:02 - Bu gün
Nazir Kəmaləddin Heydərov Qətər Dövlətinin bələdiyyə naziri ilə görüşüb

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində ölkəmizdə səfərdə olan Qətər Dövlətinin bələdiyyə naziri Abdullah bin Həməd bin Abdullah əl-Attiyə ilə görüşüb.

1news.az xəbər verir ki, qonağı səmimi salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurla ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında Qətər Dövlətinin nümayəndə heyətinin iştirakının yüksək qiymətləndirildiyini bildirib.

Nazir iki ölkə liderlərinin qarşılıqlı hörmətə və etimada əsaslanan uzaqgörən siyasəti sayəsində Azərbaycan və Qətər arasında münasibətlərin sürətlə inkişaf etdiyini xatırladıb, forum çərçivəsində keçirilən görüşlərin və aparılan müzakirələrin əməkdaşlığın daha da genişlənməsində yeni imkanlar yaradacağına əminliyini ifadə edib.

Ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən tikinti və təhlükəsizlik sahəsində əməkdaşlığının inkişafı üçün böyük potensialın mövcud olduğunu vurğulayan nazir K.Heydərov, ötən ilin noyabr ayında Doha şəhərində Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın uğurla keçirilmiş 4-cü iclasını xatırladıb, keçən müddət ərzində görülən işlərdən danışıb. Nazir, həmçinin qonağa Azərbaycan Fövqəladə Hallar Nazirliyinin strukturu və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Qətər Dövlətinin bələdiyyə naziri Abdullah bin Həməd bin Abdullah əl-Attiyə Azərbaycanda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. O, bu mötəbər tədbirin qloballaşan dünyada infrastrukturun inkişafı, şəhərsalma və tikinti sahəsində geniş təcrübə mübadiləsinə və yeni-yeni əlaqələrin qurulmasına zəmin yaradacağına inandığını deyib.

Qonaq Azərbaycan və Qətər arasında əlaqələrin daim genişləndiyindən məmnunluq ifadə edib, iki ölkənin uyğun qurumları arasında münasibətlərin daha da inkişafı üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər