Gülşən Rzayeva: Qarabağda aparılan bərpa işləri postmünaqişə ölkələri üçün model ola bilər | 1news.az | Xəbərlər
Siyasət

Gülşən Rzayeva: Qarabağda aparılan bərpa işləri postmünaqişə ölkələri üçün model ola bilər

Faiqə Məmmədova13:10 - Bu gün
Gülşən Rzayeva: Qarabağda aparılan bərpa işləri postmünaqişə ölkələri üçün model ola bilər

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri və Ümumdünya Şəhərsalma Forumunun koordinator müavini Gülşən Rzayeva bildirib ki, Azərbaycanın Qarabağda həyata keçirdiyi bərpa təcrübəsi postmünaqişə ölkələri üçün model rolunu oynaya bilər.

1news.az-ın müxbiri xəbər verir ki, o, bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) üçüncü günü çərçivəsində təşkil olunan “Sülh naminə iqlim fəaliyyəti: həssas və münaqişədən zərər çəkmiş regionlar üçün şəhər həlləri” adlı panel sessiyada səsləndirib.

Gülşən Rzayevanın sözlərinə görə, urbanizasiya iqlimə təsir göstərir, iqlim dəyişikliyi isə öz növbəsində şəhərlərə təsir edir. Bu iki gündəliyin bir-biri ilə sıx əlaqəli olduğunu vurğulayan komitə rəsmisi bildirib ki, onlar əlaqələndirilmiş şəkildə və birgə yanaşma əsasında nəzərdən keçirilməlidir.

O qeyd edib ki, müzakirə olunan təşəbbüs xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycan uzun illər işğal nəticəsində böyük dağıntılara məruz qalmış Qarabağ və Şərqi Zəngəzur ərazilərində yenidənqurma və inkişaf sahəsində mühüm təcrübə toplayıb. Hazırda həmin ərazilərdə genişmiqyaslı bərpa işləri həyata keçirilir.

“Azərbaycan bu təcrübəyə əsaslanaraq oxşar çağırışlarla üzləşən digər postmünaqişə və postböhran ölkələri üçün faydalı nümunə ola biləcək model formalaşdırır. Bu səylər yalnız fiziki infrastrukturun bərpasına yönəlməyib. Söhbət şəhərlərin və icmaların dirçəldilməsindən, insanların həyatının yenidən qurulmasından və nəticə etibarilə regionda sülhün möhkəmləndirilməsinə töhfə verməkdən gedir”, — deyə Gülşən Rzayeva bildirib.

Onun sözlərinə görə, bu yanaşma bir neçə əsas istiqaməti əhatə edir. İlk növbədə şəhərlər sıfırdan, insan mərkəzli müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur. Eyni zamanda, infrastrukturun inkişafı yalnız texniki məsələlərlə məhdudlaşmır, əlçatanlıq, inklüzivlik və kompleks məkan planlaşdırılması prinsiplərini də özündə birləşdirir.

Gülşən Rzayeva qeyd edib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanaşmasına görə, bu cür təşəbbüslər iki əsas məqsədə xidmət edir: dayanıqlı şəhər mühitinin formalaşdırılması və tətbiq olunduğu regionlarda sülhün möhkəmləndirilməsi.

O əlavə edib ki, belə ölkələrin şəhər və icmaların inkişafı üçün investisiyalara ehtiyacı var. Bunun üçün layihələrin beynəlxalq standartlara və maliyyə institutlarının tələblərinə uyğunluğunu təmin edən mexanizmlər vacibdir.

“Bu təşəbbüsün inklüzivliyi məhz bu məqsədlərdə ifadə olunur: birincisi, Azərbaycanın model və təcrübəsini bölüşmək; ikincisi, praktiki həllər üçün maliyyə resurslarının səfərbər edilməsinə kömək etmək; üçüncüsü isə standartların hazırlanması, keyfiyyətə nəzarət və etibarlı çərçivələrin yaradılması vasitəsilə ölkələrə dəstək göstərmək”, - deyə o vurğulayıb.

Komitə rəsmisi bildirib ki, beynəlxalq tərəfdaşlarla birgə standartlar, çərçivə sənədləri və praktiki mexanizmlər tam formalaşdırıldıqdan sonra onlar həssas və postmünaqişə şəraitində şəhər inkişafı problemlərinin həllində qlobal ictimaiyyət üçün mühüm alətə çevriləcək.

“Ən əsası isə belə çağırışlarla üzləşən şəhərlər həll yolları, dəstək və tərəfdaşlıq üçün müraciət edə biləcəkləri platforma əldə edəcəklər”, - deyə Gülşən Rzayeva əlavə edib.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər