Elçin Allahverdiyev: Azərbaycan təhlükəsiz qayıdış üçün yeni təşəbbüs başladıb | 1news.az | Xəbərlər
Siyasət

Elçin Allahverdiyev: Azərbaycan təhlükəsiz qayıdış üçün yeni təşəbbüs başladıb

Faiqə Məmmədova12:37 - Bu gün
Elçin Allahverdiyev: Azərbaycan təhlükəsiz qayıdış üçün yeni təşəbbüs başladıb

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İqlim Diplomatiyası İdarəsinin rəisi Elçin Allahverdiyev bildirib ki, münaqişədən zərər çəkmiş regionların bərpası yalnız infrastrukturun yenidən qurulması ilə məhdudlaşmamalıdır.

1news.az-ın müxbiri xəbər verir ki, o, bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) üçüncü günü çərçivəsində təşkil olunan “Sülh naminə iqlim fəaliyyəti: həssas və münaqişədən zərər çəkmiş regionlar üçün şəhər həlləri” adlı panel sessiyada səsləndirib.

Elçin Allahverdiyev vurğulayıb ki, bir çox həssas və münaqişədən zərər çəkmiş regionlarda bərpa prosesi təkcə fiziki infrastrukturun yenidən qurulması ilə kifayətlənməməlidir. Onun sözlərinə görə, sülh quruculuğu xarici təsirlərə davamlılığın artırılmasını, dayanıqlı mənzil təminatını və zərərçəkmiş icmaların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin edən şəraitin yaradılmasını tələb edir. Bu baxımdan iqlim, münaqişə və şəhərsalma məsələlərinin kəsişməsi xüsusi əhəmiyyət daşıyır.

“Azərbaycan BMT-Habitat və Beynəlxalq Miqrasiya Təşkilatı ilə birlikdə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birbaşa iştirakı ilə WUF13 çərçivəsində ‘Təhlükəsiz qayıdış üçün ağıllı və dayanıqlı yaşayış məntəqələri’ təşəbbüsünə start verib. Biz həmçinin bu təşəbbüsün həmmüəlliflərindən biri olan Bakı İqlim və Sülh Mərkəzinin dəstəyini yüksək qiymətləndiririk”, - deyə nazirlik rəsmisi bildirib.

Qeyd olunub ki, təşəbbüs postmünaqişə dövründə yenidənqurma, mənzil təminatı və bərpa sahəsində yanaşmaların və praktiki həllərin inteqrasiyasına dair beynəlxalq dialoqu təşviq etməyi hədəfləyir. Elçin Allahverdiyev əlavə edib ki, məhz buna görə bu məsələlərin WUF13 çərçivəsində müzakirəsi xüsusilə aktual hesab olunur.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər