“190 ölkənin iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir” | 1news.az | Xəbərlər
Siyasət

“190 ölkənin iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir”

Oksana Orucova12:31 - Bu gün
“190 ölkənin iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir”

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu – WUF13 Azərbaycanın qlobal diplomatik və urban inkişaf gündəmində mövqeyini gücləndirən mühüm beynəlxalq platforma kimi qiymətləndirilir. BMT-nin İnsan Məskənləri Proqramı – UN-Habitat və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən forumda dünyanın 190-dan çox ölkəsindən nümayəndələr, şəhərsalma mütəxəssisləri, beynəlxalq təşkilatların təmsilçiləri və ekspertlər iştirak ediblər.

Forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək ölkənin son illərdə şəhərsalma və infrastruktur sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq miqyasda diqqət çəkdiyini bildirib. Dövlət başçısı xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin Azərbaycanın müasir inkişaf modelinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. Prezident həmçinin qeyd edib ki, tarixi irsin qorunması ilə müasir şəhərsalma arasında balansın təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fariz İsmayılzadə 1news.az-a açıqlamasında WUF13-ün Azərbaycan üçün strateji əhəmiyyətini xüsusi vurğulayıb. O bildirib:

“WUF13 Azərbaycan üçün təkcə beynəlxalq tədbir deyil, eyni zamanda ciddi diplomatik uğurdur. 190-dan çox ölkənin nümayəndəsinin Bakıya gəlməsi və birbaşa təmaslar qurması Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirir. Bu forum bizə imkan verir ki, Azərbaycanın şəhərsalma modelini, xüsusilə son illərdə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və müasir urban layihələri beynəlxalq ictimaiyyətlə bölüşək. Bu təcrübə bir çox ölkələr üçün nümunə ola bilər”.

Fariz İsmayılzadə əlavə edib ki, Azərbaycanın şəhərsalma siyasətində əsas məqsəd yalnız infrastruktur quruculuğu deyil, həm də tarixi-mədəni irsin qorunması və müasir şəhər konsepsiyası ilə uzlaşdırılmasıdır:

“Biz həm tarixi şəhərlərimizin - Bakı, Gəncə, Şamaxı, Qəbələ, Şəki və Naxçıvanın qorunmasına, həm də onların müasir standartlara uyğun inkişafına xüsusi önəm veririk. Bu, Azərbaycanın şəhərsalma fəlsəfəsinin əsasını təşkil edir. Azad olunmuş ərazilərdə həyata keçirilən layihələr, yeni şəhər planlaşdırılması və ağıllı infrastruktur modelləri Azərbaycanın gələcək inkişaf xəritəsini formalaşdırır. Biz bu təcrübəni paylaşmaqla qlobal şəhərsalma müzakirələrinə töhfə veririk”.

Deputat sonda vurğulayıb ki, WUF13 Azərbaycanın həm diplomatik nüfuzunu, həm də müasir və dayanıqlı şəhərsalma modelini dünyaya təqdim edən strateji əhəmiyyətli qlobal platforma kimi yadda qalır.

Oksana Orucova

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər