BMT rəsmisi qlobal mənzil böhranı ilə bağlı xəbərdarlıq etdi | 1news.az | Xəbərlər
Siyasət

BMT rəsmisi qlobal mənzil böhranı ilə bağlı xəbərdarlıq etdi

Faiqə Məmmədova10:57 - Bu gün
BMT rəsmisi qlobal mənzil böhranı ilə bağlı xəbərdarlıq etdi

BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin direktoru Ceffri Saks bildirib ki, yaxın 25 il ərzində dünya üzrə şəhər əhalisinin sayı iki milyard nəfər artacaq.

1news.az-ın müxbiri xəbər verir ki, o, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində keçirilən “Qlobal mənzil böhranı: çıxış yolu nədir?” adlı dialoqda səsləndirib.

Onun sözlərinə görə, bu məsələ yalnız qlobal struktur dəyişiklikləri kontekstində qiymətləndirilməlidir. Ekspert qeyd edib ki, hazırda dünyada demoqrafik reallıqlar ciddi şəkildə dəyişir və anlayışlar dəqiq şəkildə fərqləndirilməlidir.

“Dünyanın böyük hissəsi artıq şəhər əhalisinin artım pik həddinə çatıb. Bu şəraitdə əsas vəzifələr sürətlə artan əhalinin mənzillə təminatı deyil, mövcud yaşayış fondunun modernləşdirilməsi, gecəqondu məhəllələrinin aradan qaldırılması və şəhər mühitinin yaxşılaşdırılması olacaq”, - deyə ekspert vurğulayıb.

Bununla yanaşı, spiker bildirib ki, növbəti 25 ildə qlobal miqyasda şəhər əhalisinin təxminən iki milyard nəfər artacağı gözlənilir və bu artım əsasən Afrika və Cənubi Asiyanın payına düşəcək. Bu isə kütləvi demoqrafik artım və meqapolislərin formalaşacağı regionlarla, şəhər əhalisinin sabitləşdiyi və ya azaldığı regionların bir-birindən aydın şəkildə fərqləndirilməsini tələb edir.

Ceffri Saks qeyd edib ki, Afrikanın Saxaradan cənub bölgəsi xüsusi hal kimi qiymətləndirilməlidir:

“Gördüyümüz demək olar ki, bütün xəritələr Saxaradan cənubdakı Afrikanı unikal vəziyyət kimi göstərir. Bu, həm davam edən yoxsulluğun, həm də sürətli demoqrafik artımın göstəricisidir. Proqnozlara görə, Afrika əhalisi əsrin sonunadək hazırkı təxminən 1,4 milyard nəfərdən 2,5 milyarda yüksələcək”.

Onun sözlərinə görə, mənzil məsələsi daha mürəkkəb bir tənliyin tərkib hissəsidir. Əsas amillər yalnız bazardakı təkliflə deyil, həm də əhali artımı, gəlir səviyyəsi, məşğulluq imkanları, işçi qüvvəsinin ixtisası və şəhər məkanlarının planlaşdırılması ilə bağlıdır. Bu, həm sürətlə böyüyən şəhərlərə, həm də əhalisi sabitləşən və ya azalan şəhərlərə aiddir.

“Mən bu mürəkkəb çağırışlara sadə cavablar təqdim etdiyimi iddia etmirəm. Əsas fikrim ondan ibarətdir ki, biz vahid və eyni xarakterli qlobal mənzil böhranı ilə qarşılaşmırıq. Dünyanın müxtəlif bölgələrində tamamilə fərqli dinamika müşahidə olunur. Xüsusilə Afrikadakı problemlərə, eləcə də Cənubi və Cənub-Şərqi Asiyada hələ də aktual olan, lakin fərqli xarakter daşıyan çağırışlara daha çox diqqət yetirməliyik”, - deyə BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin direktoru vurğulayıb.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər