Ali Məhkəmədən xəbərdarlıq: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır | 1news.az | Xəbərlər
Cəmiyyət

Ali Məhkəmədən xəbərdarlıq: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

Qafar Ağayev12:43 - Bu gün
Ali Məhkəmədən xəbərdarlıq: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

Məhkəmə praktikasından görünür ki, bəzən şəxslər hər hansı qanunsuz nəticə əldə etmək məqsədilə kiməsə pul və ya başqa əmlak verirlər.

Vədlər yerinə yetirilmədiyi halda isə adətən mülki məhkəmədə verilmiş pulun qaytarılması barədə iddialar irəli sürülür. Lakin bir qayda olaraq həmin pulu məhkəmə qaydasında geri almaq mümkün olmur. 

Mülki məhkəmə icraatında hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə zamanı ilk addım iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından ibarətdir. Mülki hüquqda hər hansı pul tələbinin təmin edilməsi üçün həmin tələb müqavilədən, zərər vurulmasından, əsassız varlanmadan və ya qanunda nəzərdə tutulmuş digər əsaslardan yaranmalıdır. 

Ali Məhkəmədən 1news.az-a verilən məlumata görə, qanunsuz məqsədlə verilmiş pullar isə heç bir qanuni əsasa söykənmir. Hüquq sistemi yalnız qanuni münasibətləri qoruyur. Əgər pul qanunsuz məqsədlə verilibsə, həmin münasibət artıq hüququn müdafiə etdiyi mülki hüquqi münasibət sayılmır. 

Məhkəmələr bu kateqoriya işlər üzrə ilk növbədə pulun hansı məqsədlə verildiyini araşdırırlar. Çünki hüquqi müdafiədən istifadə etmək üçün münasibətin özü əvvəlcədən qanuni və legitim əsaslara söykənməlidir. Müəyyən olunursa ki, tərəflər qanunazidd nəticə əldə etmək niyyəti ilə hərəkət ediblər, bu halda iddia təmin edilmir. 

Bundan əlavə, belə hallarda şəxslər yalnız pulu itirmək riski ilə deyil, əlavə neqativ hüquqi nəticələrlə də üzləşə bilərlər. İş materiallarından qanun pozuntusunun əlamətləri göründükdə, məhkəmələr tərəfindən xüsusi qərardad qəbul edilərək, materiallar prosessual qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilə bilər. 

Bu risklərlə üzləşməmək üçün vətəndaşlara hüquqi münasibətlərini yalnız qanuni və legitim əsaslarla qurmaq və qanunsuz münasibətlərdən isə çəkinmək tövsiyə olunur.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər