FHN “Son zəng”lə bağlı avtonəqliyyat vasitələri sürücülərinə müraciət edib
Təhsil müəssisələrində keçiriləcək “Son zəng” və “Məzun günü” tədbirləri ilə əlaqədar avtomobil yollarında hərəkətin intensivliyinin artacağı gözlənilir.
1news.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələri sürücülərinə müraciət edib.
Nazirlik bildirib ki, belə günlərdə xüsusi təyinatlı texnikalara, o cümlədən yanğınsöndürmə və xilasetmə avtomobillərinə yol verilməməsi, eləcə də nizamsız parklama fövqəladə hadisələr zamanı operativ xidmətlərin hadisə yerinə vaxtında çatmasına mane olur.
Qeyd olunub ki, tikililərin giriş və həyətyanı sahələrində, avtomobil yollarının hərəkət hissəsində, həmçinin yanğına qarşı su təchizatı sistemlərinə gedən yollarda və onların yaxınlığında nəqliyyat vasitələrinin saxlanılması yanğınların söndürülməsi və xilasetmə işlərinin aparılmasını çətinləşdirir.
FHN sürücüləri yollarda operativ nəqliyyat vasitələrinə dərhal yol verməyə, avtomobilləri yalnız təyin olunmuş yerlərdə və digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə mane olmayacaq şəkildə park etməyə çağırıb.
Nazirlik xatırladıb ki, yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməyən sürücülər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Bununla yanaşı, bu cür halların insan həyatının xilas edilməsinə və fövqəladə hadisələrin nəticələrinin operativ aradan qaldırılmasına ciddi maneə yaratdığı vurğulanıb.












