Qvineyalı nazir: Bu cür qlobal müzakirələr üçün Bakını mühüm mərkəzə çevirir
“Genişmiqyaslı dayanıqlı inkişafın təmin olunmasında insan kapitalı mühüm rol oynayır”.
1news.az xəbər verir ki, bunu Qvineya Respublikasının planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri İsmayıl Nabe Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunmuş panel müzakirəsində deyib.
Nazir qeyd edib ki, Sevilyada İnkişafın Maliyyələşdirilməsi üzrə Dördüncü Beynəlxalq Konfrans çərçivəsində başlayan müzakirələr inkişaf mexanizmlərinin köklü şəkildə dəyişdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir:
“Sevilya öhdəliyi bizə xatırlatdı ki, inkişafın maliyyələşdirilməsi əsasən yardımlara söykənən modeldən investisiya, innovasiya, tərəfdaşlıq və ortaq rifahın hərəkətverici qüvvəyə çevrildiyi yeni sistemə keçməlidir. Bu yeni dövrdə nə dövlət maliyyəsi, nə də özəl kapital təkbaşına kifayət edəcək. Lakin biz birlikdə köklü dəyişikliklərə nail ola bilərik”.
İ.Nabe Qərbi Afrikada yerləşən Qvineya kimi ölkələr üçün maliyyə ekosistemlərinin düzgün qurulmasının vacibliyini vurğulayıb.
O qeyd edib ki, Qvineya Respublikasının Prezidenti Mamadi Dumbuyanın rəhbərliyi altında növbəti 15 ili əhatə edən milli transformasiya proqramı – “Simandou 2040” strategiyası qəbul edilib:
“Bu strategiyanın təməlində sadə bir inam dayanır: təbii resurslar təkbaşına rifah yaratmır. Bunun üçün insan kapitalı, infrastruktur, innovasiya və maliyyə də zəruridir. Məqsədimiz təkcə daha çox resurs toplamaq deyil, daha səmərəli resursları cəlb etməkdir. Bu resurslar özəl investisiyaları stimullaşdırmalı, kapitalın dəyərini azaltmalı, regional dəyər zəncirlərini gücləndirməli, yeni iş yerləri yaratmalı, dayanıqlılığı artırmalı və struktur transformasiyanı sürətləndirməlidir”.
Nazir innovativ maliyyələşdirmə alətlərinin zəruriliyini qeyd edərək bildirib ki, İslam maliyyəsi kapitalın dayanıqlı inkişaf məqsədləri ilə uyğunlaşdırılması baxımından hələ tam istifadə olunmamış böyük potensiala malikdir. Onun sözlərinə görə, qarışıq maliyyələşdirmə (blended finance) risk qavrayışı fərqinin aradan qaldırılmasına kömək edir, rəqəmsal maliyyə xidmətlərə çıxışı görünməmiş sürətlə genişləndirir, yaşıl və inkişaf yönümlü maliyyələşdirmə isə iqlim və gələcək inkişaf üçün yeni platformalar yaradır. Ticarətin maliyyələşdirilməsi və regional kapital bazarları isə sərhədlərarası iqtisadi inteqrasiyanın və məhsuldar investisiyaların qarşısını açır:
“Bu alətlər inkişafın maliyyələşdirilməsinə alternativ deyil, onun gələcəyini formalaşdıran əsas istiqamətlərdir. Bugünkü qlobal reallıq göstərir ki, heç bir ölkə Dayanıqlı İnkişaf Məqsədlərinə təkbaşına nail ola bilməz. İnkişafın maliyyələşdirilməsinin gələcəyi getdikcə regional inteqrasiyadan, Cənub-Cənub əməkdaşlığından və strateji tərəfdaşlıqlardan daha çox asılı olacaq. Bu, xüsusilə İslam İnkişaf Bankı (İİB) birliyinə daxil olan ölkələr üçün xarakterikdir”.
Nazir əlavə edib ki, Qərbi Afrikadan Mərkəzi Asiyaya, Qafqazdan Cənub-Şərqi Asiyaya qədər olan ölkələr infrastruktur, energetika, kənd təsərrüfatı, səhiyyə, təhsil və sənaye sahələrində əməkdaşlıq üçün geniş imkanlara malikdir və İslam İnkişaf Bankı Qrupu bu tərəfdaşlıqların yeni mərhələsi üçün katalizator rolunu oynamaq baxımından unikal mövqeyə sahibdir.
O, həmçinin tədbirin Bakıda keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb.
Nazir bildirib ki, Azərbaycanın beynəlxalq əməkdaşlıq platforması kimi artan rolu, regionlararası dialoqa verdiyi töhfə və İslam dünyasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi istiqamətində atdığı addımlar bu cür qlobal müzakirələr üçün Bakını mühüm mərkəzə çevirir.
Çıxışının sonunda İsmayıl Nabe ambisiyaların miqyasına uyğun, dövlətin rəhbərlik etdiyi, özəl sektorun gücləndirdiyi, rəqəmsal texnologiyalara əsaslanan və regional səviyyədə inteqrasiya olunmuş maliyyə arxitekturasının qurulmasının vacibliyini vurğulayıb:
“Gəlin ənənəvi paradiqmalardan, yardımlardan, pərakəndə layihələrdən və təcrid olunmuş maliyyə alətlərindən kənarda düşünək. Dayanıqlı İnkişaf Məqsədləri sadəcə qlobal gündəm deyil, xalqlarımıza verilən daha yaxşı bir gələcək bir vədidir”.












