Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi şəhid ailəsi üzvünün video müraciətinə münasibət bildirib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonundan məcburi köçkün, şəhid ailəsinin üzvü Orucova Ziba Malik qızının sosial şəbəkələrdə yayılmış video müraciəti ilə bağlı açıqlama yayıb.
1news.az xəbər verir ki, Komitənin Mətbuat xidmətinin məlumatında bildirilib ki, vətəndaşın bütün müraciətlərinə hər zaman həssaslıqla yanaşılıb, şəhid ailəsinin üzvü kimi ona daim hörmət və diqqət göstərilib.
Qeyd olunub ki, Orucova Ziba Malik qızının Xocalı rayonunun Almalı kəndində yerləşən 4206 nömrəli fərdi yaşayış evinin ailəsinə verilməsi ilə bağlı tələbi mövcud qanunvericiliyə və Böyük Qayıdış Proqramı çərçivəsində tətbiq olunan köçürülmə qaydalarına uyğun olmadığından təmin edilə bilməz.
Araşdırma zamanı müəyyən olunub ki, Orucova Ziba Malik qızının ailəsi Almalı kəndinə köçürülmənin ilk mərhələsi üzrə formalaşdırılmış siyahıya daxil edilmədiyindən birinci mərhələdə şəhid ailələri üçün nəzərdə tutulmuş yaşayış evini seçim hüququndan istifadə etməyib. Həmin mərhələdə keçirilən püşkatma nəticəsində 4206 nömrəli fərdi yaşayış evi qanuni əsaslarla digər ailəyə ayrılıb.
Komitə vurğulayıb ki, qüvvədə olan qaydalara əsasən, püşkatma nəticəsində sahibi müəyyən edilmiş yaşayış evinin sonradan geri alınaraq başqa şəxsə verilməsi hüquqi baxımdan mümkün deyil.
Açıqlamada bildirilib ki, Orucova Ziba Malik qızı və ailə üzvləri şəhid ailəsi və məcburi köçkün kimi dövlət tərəfindən həyata keçirilən sosial müdafiə və mənzil təminatı proqramlarından dəfələrlə faydalanıblar.
Belə ki, onun oğlu Kərim Miryusif oğlu Orucov Binəqədi rayonunun Xocahəsən qəsəbəsində evlə təmin olunub, eyni zamanda Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində şəxsi mənzili var. Digər oğlu İlqar Orucov Bakı şəhərində yerləşən Qobu Park yaşayış kompleksində 3 otaqlı mənzillə, qızı Zenfira Orucova isə Ağcabədi rayonunda 4 otaqlı mənzillə təmin edilib.
Bundan əlavə, araşdırma zamanı müəyyən edilib ki, ailə üzvlərinin bir neçəsinə Abşeron rayonu ərazisində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri ayrılıb. Həmçinin Orucova Ziba Malik qızı Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Hövsan yaşayış kompleksində şəxsi mənzillə, oğlu Tofiq Orucov isə şəhid ailəsinin üzvü kimi Yasamal rayonunda şəxsi mənzillə təmin olunub.
Komitənin məlumatında qeyd edilib ki, sadalanan faktlar dövlət tərəfindən həmin ailəyə müxtəlif dövrlərdə şəhid ailəsi və məcburi köçkün statusu nəzərə alınmaqla sosial dəstək və mənzil təminatı tədbirlərinin göstərildiyini təsdiqləyir.
Bildirilib ki, Orucova Ziba Malik qızının Xocalı rayonunun Almalı kəndinə köçürülməsi məsələsinə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq növbəti köçürülmə mərhələlərində baxılacaq. Bu barədə vətəndaşa 23 iyun 2026-cı il tarixində Dövlət Komitəsində keçirilən qəbul zamanı ətraflı məlumat və hüquqi izahat verilib.
Komitə video müraciətdə Dövlət Komitəsində qəbul zamanı ona qarşı guya hörmətsizlik və kobud rəftar göstərilməsi ilə bağlı səsləndirilən iddiaların aparılmış araşdırma zamanı öz təsdiqini tapmadığını da açıqlayıb.
Bildirilib ki, Dövlət Komitəsində şəhid ailələrinin, məcburi köçkünlərin və digər həssas kateqoriyadan olan vətəndaşların müraciətlərinə daim yüksək həssaslıq, hörmət və humanist yanaşma nümayiş etdirilir.
Açıqlamada qeyd olunub ki, son dövrlərdə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesi ilə əlaqədar Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı əhəmiyyətli dərəcədə artıb və bütün müraciətlər qanunvericiliyin tələblərinə uyğun qaydada, bərabərlik, şəffaflıq və sosial ədalət prinsipləri əsasında araşdırılır.
Komitə vurğulayıb ki, bəzi hallarda müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə təmin olunmayan şəxslər narazılıqlarını sosial şəbəkələr vasitəsilə ictimailəşdirməyə çalışırlar. Bununla yanaşı, vətəndaşların fikir və müraciət hüququna hörmətlə yanaşıldığı, ictimaiyyətin Böyük Qayıdış Proqramı ilə bağlı məlumatları yalnız rəsmi mənbələrdən əldə etməsinin və faktlara söykənən məlumatlara etibar etməsinin vacibliyi diqqətə çatdırılıb.
Sonda Dövlət Komitəsi bir daha bəyan edib ki, Böyük Qayıdış Proqramı çərçivəsində bütün köçürülmə və mənzil bölgüsü prosesləri yalnız qanunvericiliyin tələblərinə uyğun, şəffaf, obyektiv və sosial ədalət prinsipləri əsasında həyata keçirilir, şəhid ailələrinin hüquq və mənafeləri isə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi bundan sonra da xüsusi həssaslıqla qorunacaq.












