Bakı və Berlin yeni səhifə açır: Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevlə MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Mövqe

Bakı və Berlin yeni səhifə açır: Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevlə MÜSAHİBƏ

Səba Ağayeva15:43 - Bu gün
Bakı və Berlin yeni səhifə açır: Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevlə MÜSAHİBƏ

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri və Strateji Gündəliyə dair Birgə Bəyannamənin imzalanması Bakı ilə Berlin arasında münasibətlərdə yeni mərhələnin əsasını qoydu.

Bu sənəd iki ölkə arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və strateji tərəfdaşlığın daha da dərinləşməsi üçün yeni imkanlar açır.

Bəyannamənin imzalanmasından sonra Azərbaycan–Almaniya münasibətlərini hansı perspektivlər gözləyir? Yeni yaradılan Azərbaycan–Almaniya Biznes Şurası necə fəaliyyət göstərəcək? Alman investorlarının Qarabağa və Orta Dəhlizə marağını artıran əsas amillər hansılardır? Və mürəkkəb informasiya fonunda Azərbaycanın mövqeyini Almaniya ictimaiyyətinə çatdırmaq nə dərəcədə mümkündür?

Bu və digər aktual sualları 1news.az-a müsahibəsində Azərbaycanın Almaniyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Nəsimi Ağayev cavablandırıb.

Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlinə rəsmi səfəri baş tutdu və səfər çərçivəsində ikitərəfli tərəfdaşlığın Strateji Gündəliyinə dair Birgə Bəyannamə imzalandı. Bu səfər və sənədin imzalanmasından sonra Bakı ilə Berlin arasında münasibətlərin perspektivlərini necə qiymətləndirirsiniz?

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya rəsmi səfəri ikitərəfli münasibətlərimizdə keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts tərəfindən imzalanmış İkitərəfli Tərəfdaşlığın Strateji Gündəliyinə dair Birgə Bəyannamə ikitərəfli münasibətlərimizin tarixində Prezident və Federal Kansler tərəfindən imzalanmış ilk rəsmi sənəddir. Bu tarixi sənəd münasibətlərimizin siyasi iradəyə, qarşılıqlı hörmət və etimada, eləcə də ortaq maraqlara əsaslanan uzunmüddətli inkişaf çərçivəsini müəyyən edir.

Bu sənəd yalnız niyyətlərin ifadəsi deyil, konkret fəaliyyət istiqamətlərini müəyyənləşdirən siyasi yol xəritəsidir. Buraya müntəzəm yüksək səviyyəli dialoq, ticarət və sərmayələr, enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat bağlantıları, sənaye modernləşdirilməsi, rəqəmsal transformasiya, elm, təhsil, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq daxildir.

Almaniya Avropanın ən aparıcı iqtisadi gücü, Azərbaycan isə Cənubi Qafqazın ən əsas gücü, iqtisadi, enerji və nəqliyyat mərkəzidir. Bu strateji üstünlüklərin bir araya gətirilməsi təkcə Azərbaycan və Almaniya üçün deyil, bütövlükdə daha geniş Avrasiya məkanında sabitliyin, bağlantılılığın və dayanıqlı iqtisadi inkişafın möhkəmləndirilməsinə mühüm töhfə verəcək.

Səfərin əsas nəticələrindən biri Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması barədə qərar oldu. Sizcə, bu şuranın diqqət mərkəzində ilk növbədə hansı prioritet sahələr və layihələr olacaq?

Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması iki ölkə arasında iqtisadi əməkdaşlığın institusional əsasda yeni mərhələyə keçdiyini göstərir. Biznes Şurasının əsas məqsədi hökumət, biznes dairələri və iqtisadi təşviq qurumları arasında daimi dialoq platforması yaratmaq, birgə təşəbbüsləri və sərmayə imkanlarını müəyyənləşdirmək və gerçəkləşdirmək, eləcə də sektorlar üzrə ekspert mübadiləsini təşviq etməkdir.

İlk növbədə, enerji təlükəsizliyi, yaşıl enerji, enerji səmərəliliyi, sənaye, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat, logistika və nəqliyyat dəhlizləri, kənd təsərrüfatı və aqrobiznes, eləcə də kiçik və orta sahibkarlığın inkişafı istiqamətlərində konkret layihələrin təşviqinə xüsusi diqqət yetiriləcək.

Almaniyanın qabaqcıl texnologiyaları və sənaye təcrübəsi ilə Azərbaycanın əlverişli investisiya mühiti, strateji coğrafi mövqeyi və iqtisadi transformasiya gündəliyi bir-birini tamamlayır. Əminik ki, Biznes Şurası bu üstünlükləri bir araya gətirərək, iki ölkənin biznes dairələri arasında uzunmüddətli tərəfdaşlıqların qurulmasına, qarşılıqlı investisiyaların artmasına və yeni iqtisadi imkanların reallaşdırılmasına mühüm töhfə verəcək.

Alman biznesi ənənəvi olaraq yeni bazarların seçilməsində ehtiyatlı mövqe tutur. Səfirlik investorların cəlb olunması və onlarla danışıqların aparılması istiqamətində hansı işləri görür?

Alman investorlarının qərar qəbuletmə prosesi, bir qayda olaraq, kifayət qədər əsaslı təhlil və qiymətləndirmələrə söykəndiyi üçün müəyyən vaxt tələb edir. Ancaq təcrübə göstərir ki, alman şirkətləri investisiya qərarı qəbul etdikdən sonra etibarlı, məsuliyyətli və uzunmüddətli tərəfdaş kimi fəaliyyət göstərirlər.

Səfirlik olaraq fəaliyyətimizi bir neçə istiqamətdə qururuq. Almaniyanın federal və regional iqtisadi strukturları, sənaye və ticarət palataları, biznes assosiasiyaları, maliyyə institutları və ayrı-ayrı şirkətlərlə davamlı əlaqələr saxlayırıq. Azərbaycanın investisiya mühiti, sənaye parkları, Ələt Azad İqtisadi Zonası, vergi və gömrük güzəştləri və s. barədə ünvanlı təqdimatlar keçiririk. Eyni zamanda, Almaniyanın müxtəlif federal torpaqlarında iqtisadi forumlar və biznes tədbirləri təşkil edərək Azərbaycanın iqtisadi potensialını və investisiya imkanlarını alman işgüzar dairələrinə təqdim edirik.

Ümumi xarakterli çağırışlarla kifayətlənmirik. Alman şirkətlərinin profilinə uyğun müvafiq Azərbaycan layihələrinin təqdim edilməsinə üstünlük veririk. Potensial investorların Azərbaycana səfər edərək, aidiyyəti dövlət qurumları və yerli tərəfdaşlarla görüşlərin keçirilməsi, ilkin sualların operativ cavablandırılması da işimizin əsas hissəsidir.

Orta Dəhlizin infrastrukturu ilə bağlı Almaniya tərəfi ilə dialoq necə gedir? Almaniyanın iri logistika şirkətləri layihəyə maraq göstərirlərmi?

Almaniyada Avropa ilə Asiya arasında dayanıqlı nəqliyyat bağlantılarının yaradılmasına ciddi maraq mövcuddur. Son illərin geosiyasi hadisələri göstərdi ki, tədarük zəncirlərinin yalnız bir və ya iki marşrutdan asılı olması həm iqtisadi, həm də təhlükəsizlik baxımından risklidir.

Orta Dəhliz bu baxımdan alternativ deyil, artıq Avrasiyanın nəqliyyat arxitekturasının vacib elementidir. Azərbaycan həmin dəhlizin mərkəzi həlqəsidir. Azərbaycansız Orta Dəhliz mümkün deyil. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası, müasir avtomobil yolları və artan tranzit imkanları ölkəmizin regional logistika qovşağı rolunu gücləndirir.

Almaniyanın iri logistika və nəqliyyat şirkətləri bu marşrutun inkişafını diqqətlə izləyir və Orta Dəhlizin imkanlarından istifadə edirlər. Xüsusilə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi layihəsinə alman investorları tərəfindən artan marağı müşahidə edirik.

Almaniya Avropada “yaşıl keçid”in liderlərindən biridir. Səfirlik Almaniya texnologiyalarının Azərbaycanın, xüsusilə Qarabağın bərpa olunan enerji layihələrinə cəlb edilməsinə necə dəstək verir?

Azərbaycanın yaşıl enerji gündəliyi ilə Almaniyanın texnoloji və sənaye potensialı bir-birini tamamlayır. Almaniya külək və günəş enerjisi, enerji səmərəliliyi, elektrik şəbəkələrinin idarə olunması, enerji saxlama sistemləri, yaşıl hidrogen və ekoloji şəhərsalma sahələrində böyük təcrübəyə malikdir.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan olunması alman şirkətləri üçün mühüm əməkdaşlıq imkanları açır. Burada söhbət yalnız günəş panelləri və külək turbinlərindən getmir. Bu, ağıllı elektrik şəbəkələri, enerji saxlama sistemləri, binaların enerji səmərəliliyi, elektrik nəqliyyatı, tullantıların emalı, su idarəçiliyi və yaşıl hidrogen istehsalı kimi bütöv bir ekosistemi özündə ehtiva edir.

Səfirlik Almaniyanın ixtisaslaşmış şirkətləri, mühəndislik assosiasiyaları, enerji agentlikləri və tədqiqat mərkəzləri ilə əlaqələr yaradır, Azərbaycanın layihələri barədə texniki məlumatların təqdim edilməsini təşkil edir. Məqsədimiz yalnız hazır texnologiyanın alınması deyil, birgə istehsal, texnologiya transferi, mütəxəssis hazırlığı və elmi-tədqiqat əməkdaşlığının formalaşdırılmasıdır.

Görürük ki, Avropa strukturlarında (o cümlədən bəzi alman siyasətçilərinin fəallığı ilə AŞPA-da və Avropa Parlamentində) Azərbaycana qarşı bəzən qərəzli təşəbbüslər irəli sürülür. Səfirlik belə kampaniyalara qarşı necə fəaliyyət göstərir?

Biz obyektiv tənqidə və açıq dialoqa həmişə hazırıq. Azərbaycan suallardan çəkinən dövlət deyil. Ancaq konstruktiv tənqidlə destruktiv siyasi qərəzi, faktlara əsaslanan mövqe ilə məkrli kampaniyanı bir-birindən fərqləndirmək lazımdır.

Səfirlik emosional polemika deyil, faktlara əsaslanan sistemli kommunikasiya aparır. Bundestaq üzvləri, federal hökumət qurumları, siyasi fondlar, beyin mərkəzləri, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri ilə müntəzəm görüşlər keçiririk. Yanlış məlumatlara operativ cavab verir, mövqeyimizi hüquqi sənədlər və faktlarlla təqdim edirik.

Eyni zamanda hesab edirəm ki, ayrı-ayrı siyasətçilərin qərəzli mövqeyi bütövlükdə Almaniya dövlətinin və ya Almaniya cəmiyyətinin mövqeyi kimi təqdim edilməməlidir. Azərbaycanla Almaniya arasında münasibətlərin strateji səviyyəyə qaldırılması göstərir ki, rəsmi Berlin əməkdaşlığın önəmini və Azərbaycanın artan regional rolunu yüksək qiymətləndirir və bu vacib tərəfdaşlığın daha da gücləndirilməsində maraqlıdır.

Ümumiyyətlə, bütün çətinliklərə baxmayaraq son illərdə Almaniyada Azərbaycan dostlarının sayının artdığını əminliklə söyləyə bilərik.

Almaniyanın media məkanında mövcud olan “informasiya divarı”nı aşmaq nə dərəcədə çətindir?

Almaniyanın ənənəvi media məkanı bir sıra mövzular üzrə uzun illər ərzində formalaşmış, hətta “daşlaşmış” yanaşmaları ilə səciyyələnir. Cənubi Qafqaz haqqında onilliklər ərzində yaranmış stereotipləri bir müsahibə və ya açıqlama ilə dəyişmək təbii ki mümkün deyil.

Əsas çətinliklərdən biri medianın regiona bir çox hallarda hələ də keçmiş münaqişə və ayrıcı xətlər prizmasından yanaşmasıdır. Halbuki Azərbaycan öz gücü ilə regionda sülhü bərqərar etmiş, müasir iqtisadiyyata, müstəqil xarici siyasətə, multikultural ənənələrə malik, Avropanın enerji təhlükəsizliyində və qitələrarası nəqliyyat bağlantılarında mühüm rol oynayan dövlətdir.

Bizim vəzifəmiz alman jurnalistlərinə nəyi yazmalı olduqlarını demək deyil, onların bütün zəruri faktlara və müxtəlif mənbələrə çıxışını təmin etməkdir. Buna görə redaksiyalarla birbaşa işləyir, müsahibələr verir, yanlış məlumatları düzəldir, jurnalistlərin Azərbaycana səfərlərini və ekspertlərlə təmaslarını təşviq edirik.

“İnformasiya divarları” emosiyalarla deyil, etimadla aşılır. Etimad isə bir bəyanatla deyil, ardıcıl fəaliyyət, dəqiqlik və faktlara söykənən peşəkar kommunikasiya ilə formalaşır. Uzunmüddətli perspektivdə məhz belə yanaşma stereotipləri zəiflədir və daha balanslı yanaşmanın formalaşmasına xidmət edir.

Səfirlik Azərbaycanın mədəniyyətinin Almaniyada tanıdılması və mədəni əlaqələrin inkişafı istiqamətində hansı işləri həyata keçirir?

Mədəni diplomatiya Səfirliyimizin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Məqsədimiz Azərbaycanın zəngin tarixi, mədəniyyəti və incəsənətini Almaniya ictimaiyyətinə daha yaxından tanıtmaq, eyni zamanda iki ölkənin aparıcı mədəniyyət təsisatları arasında dayanıqlı əməkdaşlıq əlaqələri qurmaqdır.

2022-ci ildən etibarən yalnız Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində 60-dan çox tədbir, o cümlədən klassik, muğam və jaz konsertləri, xalça və rəsm sərgiləri, teatr tamaşaları, film nümayişləri, kitab təqdimatları və digər tədbirlər keçirmişik. Bununla yanaşı, Almaniyanın aparıcı muzeyləri, teatrları, konsert zalları, festivalları, kitabxanaları, universitetləri və digər mədəniyyət təsisatları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl iş aparırıq.

Həmçinin bu müddət ərzində Azərbaycan yazıçılarının əsərlərinin alman dilinə tərcümə edilərək Almaniyada nəşri təşkil olunub, eləcə də Azərbaycan multikulturalizmi, ölkəmizdəki alman irsinə həsr olunmuş kitablar nəşr edilib. Səfirliyin sifarişi ilə Uzaq sahillərdə filminin 1959-cu ildə Berlində alman dilində dublyaj olunmuş versiyası arxivlərdə aşkar edilərək bərpa edilib və rəqəmsallaşdırılıb və uzun illərdən sonra yenidən Almaniya ictimaiyyətinə təqdim olunub.

Bütün bu təşəbbüslər Azərbaycanın zəngin mədəni irsinin Almaniyada daha geniş tanıdılmasına, xalqlarımız arasında humanitar əlaqələrin möhkəmlənməsinə və mədəniyyət sahəsində uzunmüddətli əməkdaşlığın inkişafına xidmət edir.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər