200 min tamaşaçı izlədi: “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi oldu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

200 min tamaşaçı izlədi: “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi oldu - FOTO

First News Media15:49 - Bu gün
200 min tamaşaçı izlədi: “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi oldu - FOTO

Bakı Media Mərkəzinin istehsalı olan  “Tağıyev” bədii filmini ölkə kinoteatrlarında bu günədək 200 mindən çox kinosevər izləyib.

Bədii filmin bölümləri - “Tağıyev: Neft”, “Tağıyev: Çar”, “Tağıyev: Sona” və “Tağıyev: Məktəb” ölkənin aparıcı kinoteatrlarında bu müddət ərzindən geniş maraqla qarşılanan Azərbaycan filmi statusu əldə ediblər. Artıq kinoteatrlar bununla bağlı rəsmi statistikanı açıqlayaraq  “Tağıyev” bədii filmini “Ən çox izlənilən Azərbaycan filmi” elan ediblər.

Məlumat üçün bildirək ki, Azərbaycan tarixinin tanıdılması və milli dəyərlərimizin təbliğində vacib əhəmiyyət kəsb edən 4 hissəli filmin ilk bölümü  “TAĞIYEV: NEFT” məhz böyük xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd olunduğu 2024-cü ildə təqdim olunub. “TAĞIYEV: MƏKTƏB”-in təqdimatı da məhz Azərbaycanın maarif və təhsil sahəsində canlanma yaradan, xalqımızın həyatında böyük rol oynayan qızlar məktəbinin yaranmasının 125 illiyinin qeyd olunduğu tarixə - 2026-cı ilə təsadüf edib.

Ümumiyyətlə “TAĞIYEV” filmin hər bölümü əlamətdar mədəniyyət hadisəsinə çevrilib və ölkə kinoteatrlarında yayımlanaraq geniş izləyici kütləsi toplaya bilib. İctimai maraq olduğundan hazırda bu filmlərin kinoteatrlarda baxışı davam edir.

 Filmlərin ölkə daxilində və xaricində geniş təqdimat mərasimləri baş tutub. Həmçinin, “Tağıyev: Neft” filmi 98-ci Kino Sənəti və Elmləri Akademiyasının (“Oscar”) mükafatlarına “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasında ölkəmizdən rəsmi namizəd seçilib və bədii filmin ABŞ-ın kino sənayesinin mərkəzi – Hollivudun yerləşdiyi Los-Anceles şəhərində də təqdimatı keçirilib. 2026-cı ildə “Tağıyev: Neft” bədii filmi Böyük Britaniyanın paytaxtı Londonda, məşhur kino mərkəzi BAFTA-nın Princess Anne Theatre zalında xarici auditoriyaya təqdim edilib. “Dədə Qorqud” film festivalında “Tağıyev: Neft” filminə görə ən yaxşı kişi rolu nominasiyasında baş rol ifaçısı, xalq artisti Pərviz Məmmədrzayev əsas mükafatı qazanıb. Film həm ölkə daxilində, həm də bir sıra xarici ölkələrdə təqdim olunaraq izləyicilərin rəğbətini qazanıb.

Bununla yanaşı bədii filmin ilk bölümü  dünyaca məşhur “Dehancer Colourist Awards 2024” festivalına qatılaraq keyfiyyətli rəng korreksiyalı tammetrajlı film nominasiyasında qalib gəlib.

 Bakı Media Mərkəzinin istehsalı olan filmdə XIX-cu əsrin sonu XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə toxunulur. Tağıyevin həyat yolu mübarizələrlə keçir. Hər yeni dövr onun üçün yeni bir məqsəd, yeni bir məsuliyyət olur. O çətinliklərlə üzləşir amma geriyə addım atmır, zərbələr alır amma daha güclü olur.

Filmin çəkilişləri öz miqyasına görə də Azərbaycan kinomatoqrafiya tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri baş tutan filmdəki kütləvi səhnələrdə 2500 nəfərə yaxın yaradıcı şəxs iştirak edib. Filmin tarixi səhnələri üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı tarixi dövrü tam əks elətdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunələri və xüsusi rekvizitlər hazırlanıb. 

Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, quruluşçu rejissor Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, quruluşçu operator Vladimir Artemyev, quruluşçu rəssam Səbuhi Atababayev, geyim üzrə rəssam Vüsal Rəhim, bəstəkar Etibar Əsədli və montaj rejissoru Əsgər Rəhimovdur.

Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan “TAĞIYEV” filmini ərsəyə gətirməklə Bakı Media Mərkəzi Azərbaycanın kino sənayesinə öz növbəti dəyərli tövhəsini vermiş olub.

Məlumat üçün bildirək ki, Azərbaycan Milli Kino Günü münasibətilə CinemaPlus kinoteatrlarında Tağıyev Film Həftəsi keçirilir. 9 avqust tarixinə qədər keçirilən bu marafonda Azərbaycanın böyük xeyriyyəçisi və maarifpərvəri Hacı Zeynalabdin Tağıyevin həyatına, mübarizəsinə və zəngin irsinə həsr olunmuş 4 filmi yenidən böyük ekranda izləmək imkanı əldə edəcəksiniz.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər