Minalar sülhə qarşı: Azərbaycan niyə ən yüksək qiyməti ödəməkdə davam edir | 1news.az | Xəbərlər
Mövqe

Minalar sülhə qarşı: Azərbaycan niyə ən yüksək qiyməti ödəməkdə davam edir

Fəridə Bağırova13:03 - Bu gün
Minalar sülhə qarşı: Azərbaycan niyə ən yüksək qiyməti ödəməkdə davam edir

Azad edilmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarının aparılmasına cəlb olunmuş qeyri-dövlət təşkilatının əməkdaşları - 32 yaşlı Elzamin Vəzir oğlu Surxaylı və 28 yaşlı Füzuli Rizvan oğlu Mirzoyev ötən gün Ağdərə rayonunda minaya düşüb.

Hadisə saperlərin Çardaqlı kəndində xidməti vəzifələrini yerinə yetirdiyi zaman baş verib. Piyada əleyhinə minanın partlaması nəticəsində Elzamin Surxaylı (1994-cü il təvəllüdlü) ağır xəsarət alıb, onun sağ baldırı amputasiya edilib. Füzuli Mirzoyevdə (1998-ci il təvəllüdlü) qarın ön divarının çoxsaylı qəlpə xəsarətləri diaqnoz olunub.

Bu, hazırda Azərbaycan vətəndaşlarının zərər çəkdiyi ən son, lakin heç də yeganə mina partlayışı hadisəsi deyil. Belə hallar müntəzəm olaraq baş verir, insanların həyatına son qoyur və onları şikəst edir. Ağdərədəki faciəli hadisə döyüş əməliyyatlarının bitməsindən illər sonra da Azərbaycanın üzləşməkdə davam etdiyi mina təhlükəsinin miqyasını bir daha xatırladıb.

Azərbaycan XİN-in məlumatına görə, 2020-ci ilin 44 günlük Vətən müharibəsinin bitməsindən bu yana Ermənistanın mina çirklənməsinin qurbanı olan azərbaycanlıların ümumi sayı 433 nəfərə çatıb.

XİN son hadisə ilə əlaqədar bəyanatında vurğulayıb ki, bu faciə insan həyatına qarşı davam edən ağır zərərin və mülki vətəndaşların hər gün üzləşdiyi daimi təhlükənin növbəti sərt xatırlatmasıdır.

«Azərbaycan ərazilərinin kütləvi və məqsədyönlü şəkildə minalanması keçmiş məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qaytarılması, həmçinin regionda bərpa işlərinin aparılması üçün əsas maneə olaraq qalmaqda davam edir», - deyə xarici siyasət idarəsinin X sosial şəbəkəsindəki bəyanatında bildirilir.

Bakı mina sahələrinin dəqiq xəritələrinin alınması, həmçinin Azərbaycanın genişmiqyaslı humanitar minatəmizləmə səylərinə dəstək göstərilməsi məqsədilə beynəlxalq dəstəyin və erməni tərəfinə təzyiqin gücləndirilməsinin təxirəsalınmaz zəruriliyini vurğulayır. «Mina təhlükəsindən azad regionun yaradılması davamlı sülhün, təhlükəsizliyin və inkişafın təmin edilməsi üçün ayrılmaz və fundamental şərtdir», - deyə Azərbaycan XİN bildirib.

2020-ci ildən 2023-cü ilə qədər Azərbaycan ərazisində erməni tərəfi 500 km-ə qədər uzunluğunda yeni minalanmış zonalar yaradıb. 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatından sonra azad edilmiş ərazilərdə 500 mindən çox mina aşkar edilib - bu rəqəmin özü mina terrorunun miqyasını əyani şəkildə göstərir.

Bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-bərpa işləri davam edərkən, Azərbaycan Prezidenti tərəfindən «yaşıl enerji» zonaları elan olunmuş Qarabağ və Şərqi Zəngəzurda faktiki olaraq sıfırdan yeni şəhər və kəndlər ucaldılarkən, hər bir mina yalnız insan həyatı üçün ölümcül təhlükə deyil, həm də regionun dirçəlişi yolunda ciddi maneə olaraq qalır. Hər yeni partlayış azad edilmiş ərazilərin bərpasını, böyük infrastruktur layihələrinin həyata keçirilməsini ləngidir və keçmiş məcburi köçkünlərin doğma evlərinə təhlükəsiz və layiqli qaytarılmasını çətinləşdirir.

Qurbanların sayının artmaqda davam etməsinin əsas səbəblərindən biri Ermənistanın mina sahələrinin dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi olaraq qalır. Münaqişə illərində erməni tərəfi yolların, qəbiristanlıqların və digər mülki təyinatlı obyektlərin, o cümlədən keçmiş təmas xəttinin arxasındaki ərazilərin genişmiqyaslı minalanmasını həyata keçirib. Rəsmi məlumatlara görə, işğalın təxminən 30 ili ərzində Azərbaycan ərazisində 1,5 milyondan çox mina quraşdırılıb, bunun nəticəsində ölkə ərazisinin təxminən 12 faizi minalarla və partlamamış hərbi sursatla çirklənmiş vəziyyətdə qalır.

Bir çox dövlət silahlı münaqişələri keçmişdə qoyub dinc inkişafa fokuslandığı halda, minalarla və partlamamış hərbi sursatla dünyanın ən çox çirklənmiş ölkələrindən biri olaraq qalan Azərbaycan hələ də hər günkü mina təhlükəsi şəraitində yaşamağa məcburdur. Müharibənin bitməsindən illər sonra da onun nəticələri insan həyatına son qoymaqda, insanları şikəst etməkdə və dinc həyatın azad edilmiş ərazilərə qayıtmasını ləngitməkdə davam edir.

Bu gün Azərbaycan minatəmizləmə prosesini sürətləndirmək üçün əhəmiyyətli resurslar cəlb edir. Ərazilərin təmizlənməsi müasir texnologiyaların və qabaqcıl dünya təcrübələrinin tətbiqi ilə həyata keçirilir. Bununla yanaşı, ölkə bu işi praktiki olaraq tam şəkildə daxili resurslar hesabına maliyyələşdirir. Xarici tərəfdaşların dəstəyinə baxmayaraq, beynəlxalq yardımın ümumi həcmi son dərəcə məhdud olaraq qalır.

Prezident İlham Əliyev ardıcıl olaraq mina təhlükəsinin miqyasına diqqət çəkərək bildirir ki, ərazilərin tam minatəmizlənməsi üçün ölkəyə təxminən 30 il və 25 milyard ABŞ dolları lazım olacaq. «Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının yaratdığı vahimə ilə müqayisə oluna bilər», — Azərbaycan liderinin bu sözləri ölkənin üzləşdiyi problemin dərinliyini və kəskinliyini xüsusilə dəqiq əks etdirir.

Dünən Ağdərədə baş verən mina partlayışı sadəcə növbəti faciəli hadisə deyil, Ermənistanın bu günə qədər nə hüquqi, nə də siyasi məsuliyyət daşımadığı dərin problemin təzahürüdür. O, açıq-aydın həqiqəti bir daha təsdiqlədi: minalar «minatəmizləməyə vaxt çatmadığı» və ya «hər şeyin tapılmadığı» üçün deyil, məhz azad edilmiş torpaqlara həyatın qayıtması prosesini maksimum dərəcədə çətinləşdirmək, ləngitmək və mümkünsə pozmaq kimi şüurlu niyyətdən başqa heç nə ilə izah olunması mümkün olmayan miqyasda quraşdırıldığı üçün öldürməkdə və şikəst etməkdə davam edir.

Məhz bu səbəbdən təcili beynəlxalq dəstəyə — formal bəyannamələrə deyil, minatəmizləmə prosesini sürətləndirməyə qadir real, praktiki və sistemli yardıma kəskin ehtiyac var. Azad edilmiş ərazilərin bərpasına, yolların, elektrik xətlərinin, məktəblərin və xəstəxanaların tikintisinə böyük resurslar yatıran Azərbaycan eyni zamanda beynəlxalq hüququn əsas normalarının pozulması ilə qoyulmuş minalardan torpağın təmizlənməsi üzrə demək olar ki, cəbhə miqyaslı işlər aparmağa məcburdur. Humanitar prinsiplər həqiqətən praktiki təcəssümünü tapsaydı, bu yük dünya birliyi tərəfindən ədalətli şəkildə bölüşdürülə bilərdi. Hər yeni partlayış xatırladır ki, sülhə yol yalnız diplomatik bəyanatlar deyil, nəticələri insan həyatını təhdid etməkdə davam edən siyasətin nəticələri ilə hər günkü mübarizədir.

Ona görə də Bakı beynəlxalq birliyi bir daha kənarda qalmamağa və Azərbaycandaki mina təhlükəsinin bütün ciddiliyini nəzərə alaraq, onun aradan qaldırılması səylərinə dəstəyi gücləndirməyə çağırır. Problemin miqyası sözlər deyil, konkret və qətiyyətli addımlar tələb edir. Yalnız belə bir dəstək azad edilmiş ərazilərin bərpasını sürətləndirməyə, insanların doğma evlərinə qayıtmasını yaxınlaşdırmağa və insan həyatlarını qorumağa imkan verəcək.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər