Mikayıl Cabbarov: Azad olunmuşun ərazilərin bərpası ÜDM-in təxminən 3 faizini təşkil edir
Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərin bərpasına iri həcmdə investisiyalar yönəldir.
1news.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan “Azərbaycan ev sahibi və əlaqələndirici kimi: yaşıl transformasiya, regional inteqrasiya və strateji tərəfdaşlıq” mövzusunda dialoq sessiyasında bildirib.
Nazirin sözlərinə görə, dövlətin azad edilmiş ərazilərlə bağlı birbaşa maliyyə öhdəlikləri ölkənin ümumi daxili məhsulunun təxminən 3 %-ni təşkil edir. O qeyd edib ki, bu investisiyalar digər inkişaf proqramlarının maliyyələşdirilməsinə mənfi təsir göstərmədən həyata keçirilir.
Mikayıl Cabbarov vurğulayıb ki, Azərbaycanın strateji valyuta ehtiyatları ÜDM-in həcmini üstələyir və məhz bu imkanlar genişmiqyaslı infrastruktur layihələrinin, eləcə də işğaldan azad olunmuş ərazilərin bərpasının maliyyələşdirilməsinə şərait yaradır.
Nazir əlavə edib ki, azad edilmiş ərazilər böyük iqtisadi potensiala malikdir.
Onun sözlərinə görə, ölkənin strateji mineral ehtiyatlarının 80 %-dən çoxu məhz bu ərazilərdə cəmləşib və bu səbəbdən mədən sənayesi regionda iqtisadi fəaliyyətin əsas istiqamətlərindən biri kimi çıxış edir.












