Milli Etalon Vaxtı, ölçmə, kalibrlənmə - Metrologiya İnstitutunun laboratoriyalarından REPORTAJ
AzMİ-də media nümayəndələri üçün maarifləndirici təlim və mediatur təşkil olunub.
Media nümayəndələrinə metrologiyanın əhəmiyyəti, ölkədə ölçmə və kalibrlənmə imkanları barədə məlumat verilib, eləcə də AzMİ-nin laboratoriya infrastrukturu əyani şəkildə təqdim olunub.
1news.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) media nümayəndələri üçün maarifləndirici təlim və mediatur təşkil olunub.
Tədbirdə çıxış edən Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) baş direktoru Xamis Seyranov deyib ki, məhsulların keyfiyyətinin təsdiqlənməsində metroloji xidmətlərin rolu mühümdür.
"Azərbaycanda sahibkarın istehsal etdiyi və ya bazara təqdim etdiyi məhsul müəyyən keyfiyyət göstəricilərinə cavab verməlidir. Əgər məhsul keyfiyyət tələblərinə cavab vermirsə, qlobal rəqabətdə özünə yer tapa bilməyəcək və nəticədə bazardan çıxmağa məcbur qalacaq", - deyə X.Seyranov bildirib.
O qeyd edib ki, sahibkar anbarında nə qədər məhsul olduğunu, nə qədər məhsul satdığını və istehsal prosesinin hansı şəraitdə həyata keçirildiyini bilməlidir:
"Bütün bu əminliklər ölçmələrlə bağlıdır. Ölçülür və dəqiqləşdirilir. Bu ölçmələr metroloji xidmətlər vasitəsilə təmin olunur. Yanlış laboratoriya ölçmələri insan sağlamlığı üçün risk yarada bilər. Nümunələrin saxlanılması, daşınması və istifadə olunan reagentlərin ölçmə dəqiqliyi təmin olunmazsa, analiz nəticələri düzgün olmayacaq və insanlara həyati əhəmiyyətli yanlış məlumat verilə bilər".
Tədbir media nümayəndələrini metrologiya sahəsi ilə daha yaxından tanış etmək, metroloji xidmətlərin əhəmiyyəti, milli etalon bazası və laboratoriya infrastrukturunun inkişafı istiqamətində görülən işlər barədə məlumatlılığı artırmaq məqsədilə təşkil olunub .
O, qurumun fəaliyyət istiqamətləri, mövcud və yaradılması planlaşdırılan laboratoriyalar, eləcə də müvafiq sahədə beynəlxalq əməkdaşlıqlardan bəhs edib.
Daha sonra AzMİ nümayəndəsi metrologiyanın gündəlik həyatda, sənayenin inkişafında, sahibkarlıq subyektlərinin fəaliyyətində və istehlakçı hüquqlarının qorunmasında rolu, həmçinin Azərbaycanın Milli Etalon Vaxtı – UTC(AZ) haqqında təqdimatla çıxış edib.
Tədbir çərçivəsində media nümayəndələrinə Azərbaycan Metrologiya İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyalar, buradakı müasir avadanlıqlar, ölçmə və kalibrlənmə imkanları barədə ətraflı məlumat təqdim edilib.
































