Bakıda 11-ci “Azərbaycan Beynəlxalq Sığorta Forumu” keçirilir - FOTO
Bakıda sayca 11-ci “Azərbaycan Beynəlxalq Sığorta Forumu” (AIIF-2026) bu gün öz işinə başlayıb.
1news.az xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının strateji dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə baş tutan Forum bu ilin 24-25 iyun tarixlərini əhatə edir.
Ənənəvi olaraq Azərbaycanda keçirilən bu Forumda bu il 20-dən çox ölkədən (Qafqaz regionu, Orta Asiya, Avropa, Türkiyə, Rusiya və MDB ölkələri) peşəkar sığorta, təkrarsığorta və broker şirkətlərinin top-menecerlərinin, o cümlədən, dövlət rəsmiləri, millət vəkilləri, yerli sığortaçılar və aidiyyəti təşkilatlar rəsmiləri iştirak edirlər.
2 gün davam edəcək və ümumilikdə 400-ə yaxın iştirakçının qatıldığı Forum çərçivəsində özəl pensiya sistemləri, təbii fəlakətlər fonunda təkrarsığorta, türk dövlətlərinin sığorta bazarının birgə inkişaf imkanları, həyat və sağlamlıq sığortaları, sığorta brokerliyində qlobal trendlər, sığorta sahəsində peşəkar təhsil və s. kimi mövzularda panel müzakirələrinin təşkili nəzərdə tutulub.
Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Sığorta Forumu” artıq 11-ci dəfədir ki, ənənəvi olaraq ölkəmizdə keçirilən və Qafqaz regionunun ən mühün qlobal sığorta əməkdaşlığı platformasıdır.















