Şuşadan dünyaya: Prezident İlham Əliyevin “orta güc” konsepsiyası - ŞƏRH
Xəbər verdiyimiz kimi, ötən gün Şuşada 2 gün davam edəcək 4-cü Şuşa Beynəlxalq Forumu baş tutub.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa dördüncü dəfədir ki, beynəlxalq media ictimaiyyətini bir araya gətirən Qlobal Media Forumuna ev sahibliyi edir. Artıq nüfuzlu beynəlxalq platformaya çevrilən forum hər il daha geniş iştirakçı coğrafiyası ilə diqqət çəkir. IV Şuşa Qlobal Media Forumunda 53 ölkədən 160 nümayəndə, o cümlədən 30 informasiya agentliyi, 60-dan çox media qurumu, həmçinin media sahəsində fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat təmsil olunub. Bu geniş iştirak forumun qlobal informasiya məkanında artan əhəmiyyətini bir daha nümayiş etdirir.
Forum çərçivəsində Prezident İlham Əliyev ənənəvi olaraq beynəlxalq media nümayəndələrinin suallarını cavablandırıb. Dövlət başçısına ünvanlanan suallar əsasən regional və qlobal təhlükəsizlik, beynəlxalq münasibətlər, geosiyasi transformasiyalar, münaqişələr, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və dünya gündəmini müəyyən edən digər aktual məsələləri əhatə edib.
Milli Məclisin deputatı, əməkdar jurnalist Elçin Mirzəbəyli 1news.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Şuşa Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın yeni geosiyasi mərhələdə özünü necə gördüyünün və yaxın onilliklər üçün müəyyənləşdirdiyi strateji hədəflərin sistemli təqdimatıdır.

Deputatın sözlərinə görə, dövlət başçısının çıxışı yalnız Cənubi Qafqazla bağlı məsələləri deyil, enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizləri, ABŞ, Avropa İttifaqı, Rusiya və Çinlə münasibətlər, Yaxın Şərqdəki proseslər, süni intellekt texnologiyaları, dekolonizasiya və qlobal idarəetmə sisteminin gələcəyi kimi geniş spektri əhatə edib.
"Prezident İlham Əliyevin çıxışından görünür ki, Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində regional iştirakçı kimi deyil, qlobal proseslərə təsir imkanları artan “orta güc” kimi çıxış edir. Son illərdə ərazi bütövlüyünün və suverenliyin tam bərpası, enerji və nəqliyyat layihələrinin genişlənməsi, beynəlxalq tərəfdaşlıq şəbəkəsinin dərinləşdirilməsi ölkənin xarici siyasətində keyfiyyətcə yeni mərhələ formalaşdırıb", - deyə deputat qeyd edib.
Elçin Mirzəbəylinin fikrincə, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın geostrateji mövqeyinin iqtisadi və siyasi üstünlüyə çevrilməsi xüsusi yer tutur.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, Orta və Şimal-Cənub dəhlizlərinin inkişafı, logistika infrastrukturunun gücləndirilməsi Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən əsas geoiqtisadi qovşaqlardan birinə çevrilməsini təmin edir".
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Türkiyə-Azərbaycan müttəfiqliyi, Zəngəzur dəhlizi, Avropa ilə enerji əməkdaşlığı, ABŞ ilə münasibətlərin yeni mərhələsi, Çin və Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlıq barədə səsləndirdiyi fikirlər Bakının çoxvektorlu və praqmatik xarici siyasət kursunun davam etdiyini nümayiş etdirir.
"Prezident İlham Əliyevin mesajları göstərir ki, Azərbaycan artıq təhlükəsizlik istehlakçısı deyil, təhlükəsizlik istehsalçısı kimi çıxış edir, regional gündəmi formalaşdıran və beynəlxalq əməkdaşlıq təşəbbüsləri irəli sürən dövlətə çevrilib. Şuşa Qlobal Media Forumu isə Azərbaycanın bu baxışını beynəlxalq ictimaiyyətə birbaşa təqdim etdiyi mühüm platforma rolunu oynayır".
Deputat deyib ki, Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın "orta güc" statusunun əsas konturlarını ortaya qoyur.
"Ölkə artıq yalnız regional proseslərin iştirakçısı deyil, beynəlxalq gündəliyin formalaşmasına təsir göstərən, təşəbbüslər irəli sürən və müxtəlif geosiyasi mərkəzlərlə balanslaşdırılmış əməkdaşlıq quran siyasi aktor kimi çıxış edir".








