“Ursula Fon der Lyayenin bəyanatları Azərbaycanın strateji rolunu təsdiqləyir” - ŞƏRH | 1news.az | Xəbərlər
Mövqe

“Ursula Fon der Lyayenin bəyanatları Azərbaycanın strateji rolunu təsdiqləyir” - ŞƏRH

Qafar Ağayev13:08 - Bu gün
“Ursula Fon der Lyayenin bəyanatları Azərbaycanın strateji rolunu təsdiqləyir” - ŞƏRH

"Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan ilə Avropa İttifaqı arasında ortaq maraqlara əsaslanan vahid strateji əməkdaşlıq xəttini reallaşdırırlar".

Bunu 1news.az-a açıqlamasında Prezident yanında İdarəçilik Akademiyasının dosenti, politoloq Zaur Məmmədov deyib.

"Ursula Fon der Lyayenin Azərbaycanı strateji tərəfdaş adlandırması, əlbəttə ki, istənilən məntiqlə düşünən avropalı siyasətçi üçün təbii səslənməlidir. Çünki bu gün biz həm yaşıl enerji, həm ənənəvi enerji, həm nəqliyyat, həm də Avropa İttifaqının təhlükəsizlik gündəliyinə daxil olan digər istiqamətlər üzrə ortaq addımların atıldığını müşahidə edirik. Bu əməkdaşlıq həm Avropa İttifaqının maraqlarına, həm də Azərbaycanın milli maraqlarına tam cavab verir. Son illər enerji və nəqliyyat sahəsində əldə olunan nəticələr də bunun praktik təsdiqidir. Məhz buna görə də Avropa Komissiyasının Bakıya münasibəti praqmatik və rasional yanaşmanın nümunəsi kimi qiymətləndirilməlidir. Bu səfər də həmin xəttin davam etdirildiyini göstərdi".

Zaur Məmmədov

O bildirib ki, Avropa İttifaqının bəzi institutlarının yanaşması ilə Avropa Komissiyasının mövqeyi arasında ciddi fərq müşahidə olunur.

"Təəssüf ki, Avropa İttifaqında bəsi siyasətçilər və qurumlar bəzən üçüncü tərəflərin maraqlarına xidmət edən mövqelər sərgiləyirlər. Xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasında bunun şahidi olmuşuq. Belə yanaşmalar əslində Avropa İttifaqının öz nüfuzuna zərbə vurur. Lakin Avropa Komissiyasının davranışı tamamilə fərqli yanaşmanı ortaya qoyur. Burada qarşılıqlı maraqlar, regional sabitlik və uzunmüddətli əməkdaşlıq əsas götürülür. Məhz bu səbəbdən Bakı ilə Brüssel arasında münasibətlər inkişaf dinamikasını qoruyub saxlayır".

Politoloqun sözlərinə görə, Avropa İttifaqının "Qlobal Qapılar" proqramı çərçivəsində Cənubi Qafqaza ayırdığı maliyyə dəstəyi də regionun strateji əhəmiyyətinin artdığını nümayiş etdirir.

"Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləmək məqsədilə sərhəd bölgələri üçün 20 milyon avroluq yardım paketinin təklif edilməsi də mühüm siyasi mesajdır. Burada əsas məsələ məbləğin özü deyil. Əsas məsələ Avropa İttifaqının regionda həyata keçirilən proseslərə siyasi dəstəyini nümayiş etdirməsidir. Biz daha əvvəl Bakı-Tbilisi-Qars, Nabucco, TAP və TANAP layihələrində Avropa İttifaqının müxtəlif yanaşmalarını görmüşük. İndiki mərhələdə isə Brüsselin daha konkret dəstək nümayiş etdirməsi xüsusi əhəmiyyət daşıyır. Əgər söhbət Avropa ilə Asiyanı birləşdirəcək əsas nəqliyyat marşrutlarından gedirsə, Avropa İttifaqı bu prosesdə həm siyasi, həm də maliyyə baxımından iştirak etməlidir".

O qeyd edib ki, yeni geosiyasi və geoiqtisadi reallıqlar fonunda Cənubi Qafqaz Avropa üçün əvvəlkindən daha böyük strateji əhəmiyyət kəsb edir.

"Bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq ardıcıl şəkildə inkişaf edir. Orta Dəhlizin genişlənməsi, yaşıl enerji layihələrinin reallaşdırılması və Avropa bazarlarına yeni enerji marşrutlarının formalaşdırılması bunun bariz nümunəsidir. Gələcəkdə Avropanı Asiya ilə birləşdirəcək bir çox strateji xətt məhz Azərbaycan üzərindən keçəcək. Bu isə ölkəmizin geosiyasi mövqeyini daha da gücləndirəcək və Avropa İttifaqı ilə strateji tərəfdaşlığın yeni mərhələsini formalaşdıracaq".

Xatırladaq ki, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iyulun 1-də Azərbaycana işgüzar səfərə gəlmişdi.

Səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirilən görüşdə Azərbaycan-Aİ münasibətlərinin perspektivləri, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, regional əməkdaşlıq və sülh prosesi ətrafında geniş müzakirələr aparıldı.

Paylaş:
114

Son xəbərlər

Bütün xəbərlər