Şuşadan verilən mesaj: Azərbaycanın rolu orta gücdən daha böyükdür - Deputatdan ŞƏRH
“Şuşa Qlobal Media Forumu həm media platforması, həm də intellektual-diplomatik format baxımından analoji platformalar arasında tamamilə fərqlənir və getdikcə daha çox maraq göstərilən beynəlxalq tədbirlərdən birinə çevrilir”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, foruma artan maraq təsadüfi deyil.
“Bu, ilk növbədə Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, dünya mediasının ölkəmizlə bağlı daha çox məlumat əldə etmək istəyi ilə bağlıdır. Digər tərəfdən, Prezident İlham Əliyevin bu tədbirlərdə regional və qlobal siyasətə dair təşəbbüskar, özünəməxsus fikirlər səsləndirməsi forumun aktuallığını daha da artırır. Məhz buna görə də hər il beynəlxalq medianın Şuşa Qlobal Media Forumuna marağı artır. Çünki Azərbaycan Prezidentinin media nümayəndələrinin suallarına verdiyi cavablar açıq, obyektiv, beynəlxalq hüquqa əsaslanan və ədalətli mövqeyi əks etdirir. Eyni zamanda həmin cavablarda dərin analitik təhlil və geniş analiz müşahidə olunur ki, bu da media üçün xüsusi maraq doğuran məqamlardandır. Dördüncü Şuşa Qlobal Media Forumunda verilən suallar da göstərirdi ki, media nümayəndələrini daha çox dünyada baş verən proseslər və Azərbaycanın bu hadisələrə münasibəti maraqlandırırdı”.
Hikmət Babaoğlu deyib ki, forum iştirakçılarının diqqət mərkəzində təkcə regionla bağlı məsələlər olmayıb.
“Regionla bağlı məsələlər aydındır. Azərbaycan Prezidenti ölkənin sülh niyyətini bəyan edib və bu istiqamətdə mühüm addımlar atıb. Ancaq forum iştirakçılarını daha çox BMT-nin gələcəyi, Yaxın Şərqdə və Şərqi Avropada baş verən müharibələrin taleyi, eləcə də Azərbaycanın bu məsələlərə baxışı maraqlandırırdı. Bunun özü göstərir ki, forum artıq regional çərçivəni çoxdan aşıb”.
Deputat vurğulayıb ki, forum zamanı Azərbaycanın beynəlxalq sistemdəki rolu da aydın şəkildə özünü göstərib.
“Forumda Azərbaycan orta güc kimi xarakterizə olundu. Lakin iştirakçıların verdiyi suallar göstərirdi ki, ölkəmizin beynəlxalq münasibətlər sistemində rolu bəlkə də orta güc anlayışından daha böyükdür. Məsələn, Konqodan gələn jurnalist öz ölkəsinin problemini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdığı üçün Azərbaycan Prezidentinə təşəkkür etdi və Fransanın neokolonial siyasətindən xilas yolları ilə bağlı ümidini Azərbaycana bağladı. Yaxud Yaponiyadan gələn jurnalist Azərbaycan-Yaponiya münasibətləri ilə bağlı sual ünvanladı. Bütün bunlar göstərir ki, Azərbaycan beynəlxalq gündəmdə getdikcə daha mühüm aktora çevrilir. Bu cür forumlar da ölkəmizin real gücünü və beynəlxalq nüfuzunu nümayiş etdirir. Hesab edirəm ki, Azərbaycanın dünya siyasətində rolu artdıqca Şuşa Qlobal Media Forumuna maraq da daha da yüksələcək. Bu tədbir artıq çoxdan sırf media hadisəsi olmaqdan çıxıb. Biz ona Qlobal Media Forumu desək də, əslində o, beynəlxalq diskussiya klubu, diplomatik-siyasi və intellektual platforma funksiyasını yerinə yetirir. Məhz buna görə də Şuşa Qlobal Media Forumu xüsusi əhəmiyyət daşıyır”.
Xatırladaq ki, 13-14 iyul tarixlərində Şuşa şəhərində “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Qlobal Media Forumu keçirilib.








