“Azərbaycan artıq yalnız beynəlxalq prosesləri izləyən deyil, həmin proseslərə təsir göstərən ölkədir” – MÜSAHİBƏ
Son illər Azərbaycan beynəlxalq arenada diplomatik uğurlarını ardıcıl şəkildə davam etdirir.
Müxtəlif beynəlxalq təşkilatlarda əldə olunan qələbələr, ölkəmizin irəli sürdüyü təşəbbüslərə göstərilən dəstək və qlobal məsələlərin müzakirəsində artan fəallıq Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir.
Bu gün Azərbaycan artıq beynəlxalq prosesləri sadəcə izləyən deyil, onların gedişinə təsir göstərən, etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi qəbul olunur. Milli maraqlara əsaslanan müstəqil və balanslaşdırılmış xarici siyasət ölkəmizin həm regionda, həm də qlobal miqyasda mövqeyini daha da möhkəmləndirib.
Nəticədə Azərbaycan bu gün kənardan diktə olunan qərarlarla hərəkət edən deyil, öz mövqeyini qətiyyətlə müdafiə edən, beynəlxalq gündəmin formalaşmasına töhfə verən və müxtəlif güc mərkəzləri ilə qarşılıqlı hörmət prinsipi əsasında əməkdaşlıq quran ölkələrdən biri kimi çıxış edir.
Məsələ ilə bağlı suallarımızı siyasi şərhçi Əziz Əlibəyli 1news.az-a müsahibəsində cavablandırıb.
Müsahibəni təqdim edirik:
– Son iki ildə Azərbaycan beynəlxalq təşkilatlarda demək olar ki, bütün seçkilərdə uğur qazanıb. Sizcə, bunun əsas səbəbləri nədən ibarətdir?
– 2020-ci il Vətən müharibəsinədək Azərbaycan beynəlxalq təşkilatlarda əsasən beynəlxalq hüquqa söykənən mövqeyini müdafiə edirdi. Müharibədən sonra isə həm regionda, həm də qlobal miqyasda tamamilə yeni geosiyasi reallıq formalaşdı. Dünyada baş verən proseslər dövlətlər, o cümlədən Azərbaycan diplomatiyası üçün yeni imkanlar yaratdı.
Doğrudur, hazırda beynəlxalq münasibətlər sistemində və beynəlxalq təşkilatların fəaliyyətində müəyyən böhran elementləri müşahidə olunur. Lakin belə dövrlərdə peşəkar diplomatiya və düzgün müəyyənləşdirilmiş xarici siyasət kursu dövlətlər üçün ciddi üstünlüyə çevrilir. Azərbaycan da məhz bu imkanlardan səmərəli istifadə edərək beynəlxalq təşkilatlarda mövqelərini daha da möhkəmləndirib.
Bu uğurun birinci səbəbi Azərbaycanın bütün dövrlərdə beynəlxalq hüquqa söykənən mövqe nümayiş etdirməsidir. Qarabağ münaqişəsi dövründə də ölkəmiz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə əsaslanırdı. İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumların qəbul etdiyi sənədlər də Azərbaycanın haqlı mövqeyini dəstəkləyirdi.
Məhz bu hüquqi baza həm 44 günlük Vətən müharibəsi zamanı, həm də 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri dövründə Azərbaycanın mövqeyini daha da gücləndirdi.
İkinci mühüm amil Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi oldu. Xüsusilə pandemiya dövründə ölkəmizin üzv dövlətlərə göstərdiyi humanitar və maliyyə yardımı Azərbaycanın beynəlxalq nüfuzunu artırdı və etibarlı tərəfdaş imicini möhkəmləndirdi.
Sonrakı mərhələdə Bakı Təşəbbüs Qrupunun yaradılması Azərbaycanın beynəlxalq siyasətdə yeni təşəbbüslərlə çıxış etməsinə imkan verdi. Bu platforma vasitəsilə müasir neokolonializm siyasətinə qarşı ardıcıl mövqe ortaya qoyuldu, Afrika və Sakit okean hövzəsində yaşayan xalqların hüquqlarının müdafiəsi beynəlxalq gündəmə gətirildi. Bu da Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına mühüm töhfə verdi.
– Dünyada baş verən geosiyasi dəyişikliklər fonunda Azərbaycanın mövqeyini necə qiymətləndirirsiniz?
– Hazırda dünya yeni geosiyasi transformasiya mərhələsindən keçir. Əvvəlki beynəlxalq nizam artıq əvvəlki effektivliklə işləmir, yeni sistem isə hələ tam formalaşmayıb. Belə keçid dövrlərində çevik və balanslaşdırılmış xarici siyasət yürüdən dövlətlər daha çox üstünlük qazanırlar.
Rusiya-Ukrayna müharibəsi Avrasiyada nəqliyyat və logistika marşrutlarını dəyişdirdi. Digər tərəfdən, Yaxın Şərqdə baş verən proseslər, xüsusilə İran-İsrail qarşıdurması alternativ nəqliyyat dəhlizlərinə marağı daha da artırdı. Belə şəraitdə Azərbaycanın geostrateji əhəmiyyəti xeyli yüksəlib.
Bu gün Orta Dəhliz və Zəngəzur dəhlizi kimi layihələrin beynəlxalq səviyyədə daha çox müzakirə olunması da bunun göstəricisidir. Dünyada təhlükəsiz və etibarlı nəqliyyat marşrutlarına ehtiyac artdıqca Azərbaycanın rolu da güclənir.
Bununla yanaşı, Bakıda keçirilən mötəbər beynəlxalq tədbirlər – Qlobal Bakı Forumu, COP29, Formula 1, WUF13 və digər beynəlxalq platformalar Azərbaycanın artıq qlobal dialoq məkanına çevrildiyini göstərir. Bu tədbirlər ölkəmizin beynəlxalq imicinin və diplomatik nüfuzunun güclənməsində mühüm rol oynayır.
– Qarabağ Zəfərindən sonra Azərbaycanın xarici siyasətində hansı əsas nəticələr ortaya çıxdı?
– Qarabağ müharibəsi Azərbaycana çox mühüm siyasi və diplomatik dərslər verdi. Ən vacib nəticələrdən biri ondan ibarətdir ki, beynəlxalq hüquq dövlətlər üçün hüquqi əsas yaratsa da, beynəlxalq təşkilatlar həmin hüququn icrasını hər zaman təmin edə bilmirlər.
Azərbaycan uzun illər BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını gözlədi. Bu sənədlər ölkəmizin ərazi bütövlüyünü təsdiqləyirdi, lakin onların həyata keçirilməsi təmin olunmadı. Buna baxmayaraq, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz suveren ərazilərində antiterror tədbirləri keçirdi və ərazi bütövlüyünü tam bərpa etdi.
Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycan başqa dövlətin ərazisini işğal etmədi. Ölkəmiz beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində öz suveren hüquqlarını təmin etdi. Bu da Azərbaycanın beynəlxalq hüquqa sadiqliyini bir daha nümayiş etdirdi.
Qarabağ müharibəsindən çıxarılan digər mühüm nəticə ondan ibarətdir ki, dövlətlər xarici siyasətlərini ilk növbədə milli maraqlar üzərində qurmalıdırlar. Beynəlxalq hüquq və beynəlxalq təşkilatlarla əməkdaşlıq vacibdir, lakin xarici siyasətin əsas istiqamətini milli maraqlar müəyyənləşdirir.
Azərbaycan bu gün də həmin prinsipə sadiqdir. Ölkəmizin Rusiya ilə münasibətləri qarşılıqlı maraqlar əsasında inkişaf edir. Digər tərəfdən, Azərbaycan Ukraynaya humanitar dəstəyini davam etdirir. Çünki Azərbaycan işğalın nə demək olduğunu yaxşı bilir və beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşır.
Ümumilikdə, Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri çoxvektorlu yanaşmadır. Bu siyasət hər hansı bir güc mərkəzindən asılı olmaq deyil, müxtəlif tərəfdaşlarla balanslı münasibətlər qurmaq, milli maraqları qorumaq və dəyişən geosiyasi şəraitə uyğun hərəkət etmək deməkdir.
– ABŞ ilə münasibətlərin inkişafını necə qiymətləndirirsiniz? Bu münasibətlər regionda gedən proseslərə necə təsir göstərə bilər?
– ABŞ ilə münasibətlər Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biridir. Hesab edirəm ki, Vaşinqtonla Bakı arasında əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur.
Bu əməkdaşlığın əsas istiqamətləri enerji təhlükəsizliyi, regional sabitlik, nəqliyyat-kommunikasiya layihələri və Cənubi Qafqazda davamlı sülhün təmin olunmasıdır.
Hazırda Azərbaycanın yerləşdiyi geosiyasi məkan dünyanın diqqət mərkəzindədir. Şimalımızda Rusiya-Ukrayna müharibəsi davam edir, cənubumuzda isə Yaxın Şərqdə mürəkkəb proseslər baş verir. Belə bir şəraitdə Azərbaycan regionun ən sabit və etibarlı dövlətlərindən biri kimi çıxış edir.
Bu amil ölkəmizin strateji əhəmiyyətini daha da artırır. Azərbaycanın həyata keçirdiyi enerji layihələri, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, Orta Dəhlizin inkişafında oynadığı rol və Şərqlə Qərbi birləşdirən nəqliyyat marşrutları beynəlxalq tərəfdaşların ölkəmizə marağını artırır.
ABŞ də bu reallığı nəzərə alır. Qarşılıqlı maraqlar əsasında qurulan əməkdaşlıq həm ikitərəfli münasibətlərin inkişafına, həm də regionda sabitliyin möhkəmlənməsinə töhfə verə bilər.
Azərbaycanın xarici siyasətinin üstün cəhətlərindən biri də məhz balansı qorumağı bacarmasıdır. Rəsmi Bakı heç bir geosiyasi qarşıdurmanın tərəfinə çevrilmir. Əksinə, müxtəlif güc mərkəzləri ilə qarşılıqlı hörmət və milli maraqlar əsasında əməkdaşlıq qurur. Məhz bu siyasət son illərdə Azərbaycanın beynəlxalq nüfuzunun artmasını təmin edən əsas amillərdən biridir.
– Fransa istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də sonrakı mərhələdə Azərbaycana təzyiq göstərməyə və sülh prosesinə təsir etməyə çalışırdı. Parisin bu siyasətinin əsas məqsədi nə idi və Azərbaycan bu təzyiqlərə necə cavab verdi?
– Fransanın Azərbaycana münasibəti və bölgədəki siyasəti daha geniş geosiyasi maraqlarla bağlıdır. Fransa hökuməti hesab edir ki, son illər həm Avropada, həm də digər regionlarda təsir imkanları xeyli zəifləyib və ciddi geosiyasi itkilərlə üzləşib. Parisdə belə bir yanaşma formalaşıb ki, bu prosesdə Çin, Rusiya və Türkiyənin rolu artıb.
Bu baxımdan Fransa müəyyən mənada revanş almağa çalışır və bunun üçün ən uyğun coğrafiyalardan birinin Cənubi Qafqaz olduğunu düşünür. Bölgədə Fransanın maraqlarının üst-üstə düşdüyü aktorlardan biri də İrandır. Məhz buna görə Cənubi Qafqaz yeni geosiyasi oyunların qurulduğu məkan kimi nəzərdən keçirilir.
Azərbaycanın davamlı şəkildə ittiham olunması, ölkəmizə qarşı sanksiya təşəbbüslərinin irəli sürülməsi, anti-Azərbaycan mövqelərinin bir araya gətirilməsi kimi proseslərin əksəriyyətində Fransanın təşkilatçılıq rolunu görmək mümkündür.
Ancaq son nəticədə gördük ki, Emmanuel Makronun sərt ritorikası fiaskoya uğradı. Fransa həm sülh prosesindən kənarda qaldı, həm də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində onun rolu faktiki olaraq sıfırlandı.
Bu prosesdə əsas söz sahibi kimi ABŞ və müəyyən mənada Rusiya ön plana çıxdı. Fransa bir yana, hətta Almaniya belə həmin prosesdə aparıcı rol oynaya bilmədi.
Yəni bu gün Fransanın xarici siyasət xəttinin ciddi nəticələr vermədiyini görürük və Emmanuel Makron da məhz bu xarici siyasət kursunda böyük uğursuzluqlarla üzləşib.
Bütün bunlar onu göstərir ki, Azərbaycanın yürütdüyü siyasət özünü doğrultdu və bu siyasətin uğurları təkcə regionda deyil, dünyanın müxtəlif bölgələrində də qəbul olunur.
– Son illərdə Azərbaycanın qazandığı diplomatik uğurları necə qiymətləndirirsiniz və bu nailiyyətlər ölkənin beynəlxalq mövqeyinə hansı töhfəni verib?
– Azərbaycanın son illərdə qazandığı uğurlar təkcə beynəlxalq təşkilatlarda keçirilən seçkilərdə əldə olunan nəticələrlə məhdudlaşmır. Bu uğurlar ölkəmizin beynəlxalq münasibətlər sistemində etibarlı və məsuliyyətli tərəfdaş kimi formalaşmasının göstəricisidir.
Bu gün Azərbaycan müxtəlif güc mərkəzləri ilə eyni vaxtda əməkdaşlıq edə bilən azsaylı dövlətlərdəndir. Ölkəmiz həm Türkiyə, həm Avropa İttifaqı, həm ABŞ, həm də digər tərəfdaşlarla qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurur.
Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafındakı rolu, humanitar təşəbbüsləri, Qoşulmama Hərəkatına uğurlu sədrliyi, Bakı Təşəbbüs Qrupunun fəaliyyəti və qlobal tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.
Eyni zamanda, Azərbaycan artıq yalnız beynəlxalq prosesləri izləyən deyil, həmin proseslərə təsir göstərən və yeni təşəbbüslərlə çıxış edən dövlət kimi qəbul olunur. Bu, son illərdə aparılan ardıcıl və milli maraqlara söykənən xarici siyasətin ən mühüm nəticəsidir.
Düşünürəm ki, qarşıdakı dövrdə də bu siyasət davam etdiriləcək. Dünya sürətlə dəyişir və yeni geosiyasi nizam formalaşır. Belə bir şəraitdə çevik diplomatiya, milli maraqların qorunması və beynəlxalq hüquqa əsaslanan siyasət Azərbaycanın əsas üstünlükləri olaraq qalacaq.
Məhz buna görə də son iki ildə beynəlxalq təşkilatlarda qazanılan uğurlar təsadüfi deyil. Bu nailiyyətlər ölkənin ardıcıl xarici siyasətinin, peşəkar diplomatiyasının və dəyişən beynəlxalq şəraitə vaxtında uyğunlaşmaq bacarığının məntiqi nəticəsidir.









