Axios: Tramp İrana qarşı daha genişmiqyaslı hücum planlarını müzakirə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Axios: Tramp İrana qarşı daha genişmiqyaslı hücum planlarını müzakirə edib

Qafar Ağayev14:08 - Bu gün
Axios: Tramp İrana qarşı daha genişmiqyaslı hücum planlarını müzakirə edib

ABŞ Prezidenti Donald Trampın İrana qarşı daha genişmiqyaslı hərbi əməliyyatların müzakirəsi üçün Ağ Evin Vəziyyət Otağında (Situation Room) yüksək səviyyəli iclas keçirdiyi iddia olunur.

1news.az xəbər verir ki, bu barədə Axios nəşri məsələdən məlumatlı olan üç mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Donald Tramp ötən gün Vəziyyət Otağında ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmiləri ilə görüş keçirib.

İddia olunur ki, iclasda Hörmüz boğazı ətrafında İran hədəflərinə qarşı hazırda davam edən zərbələrdən daha genişmiqyaslı hərbi əməliyyatların mümkünlüyü müzakirə edilib. Bildirilir ki, müzakirələr təkcə Hörmüz boğazındakı İran obyektlərinə deyil, həm də ölkə daxilində yerləşən strateji hədəflərə qarşı daha dağıdıcı zərbələrin endirilməsi ilə bağlı yeni planlar üzərində cəmlənib.

Məlumata əsasən, toplantıda ABŞ-ın vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Ratkliff, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff, eləcə də Prezidentin milli təhlükəsizlik komandası iştirak edib.

Xatırladaq ki, Donald Tramp ötən gün Fox News telekanalına müsahibəsində İranın danışıqlar masasına qayıtmayacağı təqdirdə ölkənin bütün enerji stansiyalarını və körpülərini məhv edəcəklərini bildirmişdi.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər