Türkiyədə məşhurlara qarşı narkotik ƏMƏLİYYATI: 25 nəfər saxlanıldı
Türkiyədə narkotik vasitələrlə mübarizə çərçivəsində Bakırköy Respublika Prokurorluğu tərəfindən aparılan istintaq üzrə aralarında sənətçi, aktyor və iş adamlarının da olduğu 25 şübhəli barəsində saxlanılma qərarı çıxarılıb.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, Prokurorluğun yaydığı məlumata görə, istintaq zamanı ictimaiyyətdə sənətçi, aktyor, iş adamı və obyekt sahibi kimi tanınan bəzi şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etdiyi, bu istifadəyə şərait yaratdığı və ya bunun üçün yer təmin etdiyi barədə əsaslı şübhələri təsdiqləyən sübutlar əldə olunub.
Bununla əlaqədar İstanbul polisinə 16 iyul 2026-cı il tarixində 25 şübhəlinin saxlanılması, yaşadıqları ünvanlarda axtarış aparılması, bioloji nümunələrin götürülməsi, ifadələrinin alınması və sonradan Bakırköy Respublika Prokurorluğuna təqdim edilməsi barədə göstəriş verilib.
Əməliyyat çərçivəsində müğənnilər Sıla Gençoğlu və İlyas Yalçıntaş, rejissor Mehmet Fatih Aksoy, həmçinin Ateş İnce, Şefik Ömər Dolman, Aybüke Aldere, Ayşe Nur Balcı, İrem Haznedar və Önər Faruk Işık polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, İlyas Yalçıntaşın evində aparılan axtarış zamanı həssas elektron tərəzi və narkotik maddə istifadəsində istifadə olunduğu ehtimal edilən müxtəlif əşyalar aşkar edilərək götürülüb.
İstintaq davam edir.












