Təhlükəsizlik kəmərini taxmaqdan imtina etdi, uçuş ləğv olundu
Kanadada Viktoriya-Toronto reysini həyata keçirməyə hazırlaşan sərnişin təyyarəsində maraqlı hadisə baş verib.
1news.az BBC-yə istinadən xəbər verir ki, “Porter Airlines” şirkətindən bildirilib ki, avqustun 6-da uçuşdan əvvəl bir uşaq oturacağında ayağa qalxıb və təhlükəsizlik kəmərini bağlamayıb.
Buna görə təyyarə terminala geri qaytarılıb. Sərnişinlər arasında olan uşağın təhlükəsizlik kəmərini taxmaqdan imtina etməsi və yaranan gecikmələr səbəbindən uçuş ləğv edilib.
Yaranan gecikmələr və hava limanının uçuş-enmə zolağının gecə yarısından sonra bağlanması səbəbindən reys ləğv edilib. Sərnişinlər növbəti günün reyslərinə keçirilib.
Şirkət uşağın valideyni və ekipaj tərəfindən inandırılmağa çalışıldığını, lakin səylərin nəticə vermədiyini bildirib. Qeyd olunub ki, təhlükəsizlik kəməri bağlanmadan təyyarənin uçuşuna icazə verilə bilməzdi.
Hadisə sosial şəbəkələrdə geniş müzakirə olunub. Təyyarədə olan bəzi sərnişinlər isə uşağın aqressiv davranmadığını, sadəcə uçuş qorxusu səbəbindən oturacağın altına girməyə çalışdığını bildiriblər.












