Sahibkarlara yeni dəstək: İxracda gömrük xərcləri kompensasiya olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sahibkarlara yeni dəstək: İxracda gömrük xərcləri kompensasiya olunacaq

First News Media14:49 - Bu gün
Sahibkarlara yeni dəstək: İxracda gömrük xərcləri kompensasiya olunacaq

Qeyri-neft-qaz məhsulları ixrac edən sahibkarlara yeni dəstək: Gömrük rəsmiləşdirilməsi xərcləri kompensasiya olunacaq.

1news.az-ın əldə etdiyi məlumata görə, Prezidentin 16 iyun 2026-cı il tarixli “Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən, Azərbaycan mənşəli qeyri-neft-qaz mallarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə gömrük rəsmiləşdirilməsi xərcləri üzrə dövlət dəstəyi göstəriləcək.

Fərmana əsasən, ixrac zamanı ödənilən gömrük rəsmiləşdirilməsi ödənişləri dövlət tərəfindən kompensasiya ediləcək. Malların Azərbaycan mənşəli olması isə mənşə sertifikatı ilə təsdiqlənəcək.

Dəstək mexanizmi yalnız faktiki ixrac olunmuş qeyri-neft-qaz mallarına şamil ediləcək və gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanacaq.

Kompensasiyanın məbləği gömrük dəyərinə tətbiq edilən yığım hədlərinə uyğun hesablanacaq. Hər ixrac bəyannaməsi üzrə ödəniləcək kompensasiya üçün yuxarı hədd müəyyən ediləcək.

Fərmana əsasən, dəstək mexanizminin tətbiq olunduğu müddətdə qeyri-neft-qaz mallarının ixracı ilə bağlı gömrük nəzarəti, gömrük müşayiəti və malların saxlanmasına görə tutulan gömrük yığımları artırılmayacaq.

Kompensasiya 2026-cı il sentyabrın 1-dən 2031-ci il sentyabrın 30-dək həyata keçiriləcək ixrac əməliyyatlarına görə hesablanacaq.

Dəstək ixracatçının müraciəti və təqdim etdiyi sənədlər əsasında hər rüb üzrə ixrac gömrük proseduru altında yerləşdirilmiş və faktiki ixrac olunmuş mallara görə hesablanacaq, ödəniş isə rüb başa çatdıqdan sonra İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçiriləcək.

Dəstək mexanizminin tətbiqi ilə bağlı qeyri-neft-qaz mallarının, ixrac ölkələrinin (ölkə qruplarının), dəstəyin yuxarı həddinin, müraciət və baxılma qaydasının, həmçinin mexanizmin şamil olunmadığı əməliyyatlar və şəxslərin siyahısının müəyyən edilməsi üçün müvafiq normativ hüquqi aktlar qəbul ediləcək.

Yeni mexanizmin mikro, kiçik və orta sahibkarların ixrac xərclərinin azalmasına, onların xarici bazarlara çıxış imkanlarının genişlənməsinə, qeyri-neft-qaz ixracının və ölkənin ixrac potensialının artırılmasına töhfə verəcəyi gözlənilir.

Paylaş:
50

Son xəbərlər

Bütün xəbərlər