Azərbaycan Hava Yolları Qarsa ilk uçuşunu həyata keçirib - FOTO
Azərbaycan Hava Yolları Türkiyənin Qars şəhərinə ilk uçuşunu uğurla həyata keçirib.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Qars istiqamətində həyata keçirilən ilk reysin sərnişinləri Qars Harakani Hava Limanında xüsusi mərasimlə qarşılanıblar.
Yeni marşrut üzrə reyslər həftədə iki dəfə – cümə axşamı və bazar günləri həyata keçiriləcək. Bu istiqamətin açılması Azərbaycan və Türkiyə arasında hava əlaqələrinin daha da genişlənməsinə, sərnişinlər üçün səyahət imkanlarının artırılmasına, həmçinin turizm, biznes və mədəni əlaqələrin inkişafına əlavə töhfə verəcək.
Qeyd edək ki, Türkiyə Azərbaycan Hava Yollarının ən geniş təmsil olunduğu bazar olaraq qalır. Hazırda aviaşirkət İstanbul, Ankara, İzmir, Antalya, Bodrum, Trabzon, Dalaman, Adana və Qars istiqamətlərinə müntəzəm reyslər həyata keçirir.

















