Türkiyə səfirliyinin mətbuat müşaviri: Türkiyə və Azərbaycanın media əməkdaşlığı hər ötən gün daha da güclənir | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyə səfirliyinin mətbuat müşaviri: Türkiyə və Azərbaycanın media əməkdaşlığı hər ötən gün daha da güclənir

Qafar Ağayev12:02 - Bu gün
Türkiyə səfirliyinin mətbuat müşaviri: Türkiyə və Azərbaycanın media əməkdaşlığı hər ötən gün daha da güclənir

"Şuşa Bəyannaməsindən sonra yaradılan Türkiyə–Azərbaycan Birgə Media Platforması iki ölkənin media əməkdaşlığını yeni mərhələyə yüksəldib".

1news.az xəbər verir ki, bunu Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə keçirdiyi tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir deyib.

O bildirib ki, Şuşa Bəyannaməsinin imzalanmasından dərhal sonra Türkiyə–Azərbaycan Birgə Media Platforması yaradılıb və ötən il İstanbulda keçirilən Strateji Kommunikasiya Zirvəsində bu platformanın fəaliyyəti daha da təkmilləşdirilib.

"Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun və Medianın İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Əhməd İsmayılov tərəfindən əməkdaşlıq memorandumu yenilənərək imzalanıb. Bunun əsas məqsədi media sahəsində və ictimai diplomatiya istiqamətində fəaliyyət göstərən qurumlar arasında əlaqələrin daha da dərinləşdirilməsidir".

Alptekin Cihangir İşbilir qeyd edib ki, Türkiyə və Azərbaycanın media əməkdaşlığı hər ötən gün daha da güclənir.

"Sevindirici haldır ki, iki qardaş ölkənin media qurumları arasında münasibətlər getdikcə genişlənir və möhkəmlənir. Zərurət yarandıqda Türkiyə və Azərbaycan mediası vahid media kimi fəaliyyət göstərə bilir. Bu isə iki ölkə arasında strateji tərəfdaşlığın informasiya məkanında da uğurla davam etdiyini göstərir".

Onun sözlərinə görə, Azərbaycan milli mətbuatının 151 illik yubileyi media əməkdaşlığının inkişafı üçün də əlamətdar dövrə təsadüf edir.

"Azərbaycanın zəngin və köklü mətbuat ənənəsi var. Türkiyə də güclü media ənənələrinə malik ölkədir. Bu iki böyük media potensialını bir araya gətirən belə layihələrin sayının artmasını arzulayırıq. Gənc jurnalistlərdən tutmuş media rəhbərlərinə, tanınmış qələm sahiblərindən reportyorlara qədər bütün səviyyələrdə əməkdaşlığın genişlənməsi hər iki ölkənin informasiya məkanını daha da gücləndirəcək".

İşbilir vurğulayıb ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi və Türkiyənin Azərbaycandakı səfirliyi bu istiqamətdə həyata keçirilən layihələrə bundan sonra da dəstəyini davam etdirəcək.

"Media sahəsində birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və ortaq informasiya platformalarının inkişafı Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək".

Paylaş:
55

Son xəbərlər

Bütün xəbərlər