Aygün Attar: Türkiyə media nümayəndələri Qarabağda quruculuq işlərini, bölgədə formalaşan yeni reallığı yaxından izlədilər
"30 il işğalla anılan Qarabağ bu gün artıq sülhün, quruculuğun və Böyük Qayıdışın coğrafiyasına çevrilib".
1news.az xəbər verir ki, bunu Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (TADİV) İdarə Heyətinin sədri, professor Aygün Attar Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi – TADİV və Mədəniyyətlər Arası Əlaqə Dərnəyinin (Kültürlerarası Ağ) birgə təşkilatçılığı ilə keçirilən “Sülhün coğrafiyası: Qarabağ – Cənubi Qafqazda quruculuq, sabitlik və regional əməkdaşlıq” proqramının yekun tədbirində deyib.
Professor bildirib ki, layihənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə yaranan yeni reallıqları Türkiyə ictimaiyyətinə və media nümayəndələrinə yerində göstərmək olub.
"İstədik ki, Türkiyənin tanınmış jurnalistləri Qarabağı öz gözləri ilə görsünlər. Aramızda Anadolu Agentliyi, Milliyet, CNN Türk, HaberTürk, Haber Global, Yeni Şafak, Independent Türkiyə, Oda TV, ATV, Akşam qəzeti və digər nüfuzlu media qurumlarının nümayəndələri iştirak edirdi. Onlar Azərbaycanın azad edilmiş torpaqlarında həyata keçirilən quruculuq işlərinin, Böyük Qayıdış proqramının və bölgədə formalaşan yeni reallığın şahidi oldular".
Aygün Attar deyib ki, Qarabağ Zəfərinin əhəmiyyəti zaman keçdikcə daha dərindən dərk olunur.
"Bu Zəfər yalnız Azərbaycanın deyil, bütün türk dünyasının tarixi uğurudur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı işğaldan azad olunmuş torpaqlarda yeni həyat yaradır. Otuz il işğalla xatırlanan Qarabağ bu gün sülhün, inkişafın və regional əməkdaşlığın məkanına çevrilib".
Professor qeyd edib ki, proqram çərçivəsində Bakı, Ağdam, Xankəndi, Şuşa, Laçın və digər istiqamətlərə səfərlər təşkil olunub.
"Azad edilmiş şəhər və rayonlarda aparılan bərpa-quruculuq işlərini yerində gördük. Uzun illər terror fəaliyyətinə xidmət etmiş ərazilər bu gün tamamilə yeni sima qazanır. Bu dəyişikliklər Azərbaycanın tarixi Zəfərinin ən mühüm nəticələrindən biridir".












