ABŞ-də silahlı insident: Eyni ailədən 3 nəfər ölüb, 1 nəfər yaralanıb | 1news.az | Xəbərlər
Dünya

ABŞ-də silahlı insident: Eyni ailədən 3 nəfər ölüb, 1 nəfər yaralanıb

Oksana Orucova13:05 - Bu gün
ABŞ-də silahlı insident: Eyni ailədən 3 nəfər ölüb, 1 nəfər yaralanıb

ABŞ-nin Şimali Karolina ştatında baş verən silahlı insident nəticəsində eyni ailənin 3 üzvü həyatını itirib, 1 nəfər isə yaralanıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, ölənlər arasında silahlı hücumu törətdiyi bildirilən şəxs də var.

Hadisə Şimali Karolina ştatının Kasvell (Caswell) dairəsinə bağlı Prospekt Hill qəsəbəsində yerli vaxtla səhər saat 08:00 radələrində yaşayış evlərindən birində baş verib.

Məlumat daxil olduqdan sonra hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Hadisə yerində aparılan baxış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları evdə 3 nəfərin meyitini aşkar ediblər. Silahla yaralanan bir nəfər isə ilkin tibbi yardımdan sonra Duke Universiteti Xəstəxanasına çatdırılıb.

Kasvell dairəsinin şerifi Toni Dörden bildirib ki, hadisədə iştirak edən şəxslərin hamısı yetkin yaşda olub və eyni ailənin üzvləridir. Onun sözlərinə görə, həyatını itirənlərdən biri silahlı hücumu törədən şübhəlidir.

Şerif qeyd edib ki, insident evin daxilində baş verib və ictimaiyyət üçün hər hansı təhlükə mövcud deyil.

Rəsmilər ailə ilə bağlı daha əvvəl hüquq-mühafizə orqanlarına hər hansı şikayətin daxil olmadığını açıqlayıblar. Hadisə yerində sübutların toplanması və insidentin səbəblərinin araşdırılması Şimali Karolina Ştat İstintaq Bürosu tərəfindən davam etdirilir.

Paylaş:
48

Son xəbərlər

Bütün xəbərlər