Türkiyəli professor: Azad olunandan sonra Qarabağda görülən işlər möcüzəvi inkişaf nümunəsidir
"Qarabağda son üç ildə görülən quruculuq işləri həqiqətən də möcüzəvi inkişaf nümunəsidir".
1news.az xəbər verir ki, bunu Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) İdarə Heyətinin üzvü, professor Yalçın Sarıkaya Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkil etdiyi "Sülhün coğrafiyası: Qarabağ – Cənubi Qafqazda quruculuq, sabitlik və regional əməkdaşlıq" proqramının yekun tədbirində deyib.
Professor bildirib ki, proqram çərçivəsində Türkiyədən gələn media nümayəndələri Qarabağın müxtəlif istiqamətlərinə səfər edərək işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri ilə yaxından tanış olublar.
"Proqramımız çərçivəsində Ağdam, Xankəndi, Şuşa, Laçın, Qubadlı, Zəngilan istiqamətində geniş səfər həyata keçirdik və daha sonra Bakıya qayıtdıq. Məqsədimiz Qarabağda formalaşan yeni reallığı yerində görmək və Türkiyə ictimaiyyətinə çatdırmaq idi. Səfər ərzində gördüklərimiz gözləntilərimizin də üzərində oldu".
Yalçın Sarıkaya deyib ki, Ağdamda Azərbaycanın mina təhlükəsinə qarşı apardığı mübarizə və bu istiqamətdə əldə etdiyi nəticələr iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
"Azərbaycan ərazilərinin bir hissəsi hələ də mina təhlükəsi ilə üz-üzə olsa da, dövlət bu problemin aradan qaldırılması istiqamətində böyük işlər görür. Mina təmizləmə prosesinin miqyası və əldə olunan nəticələr həqiqətən təqdirəlayiqdir. Bu, bölgədə həyatın bərpası üçün ən vacib addımlardan biridir".
Professor bildirib ki, Xankəndi və Şuşada aparılan quruculuq işləri də iştirakçılarda böyük təəssürat yaradıb.
"Xankəndidə Azərbaycanın suverenliyinin tam bərpa olunmasının nəticələrini, şəhərdə aparılan abadlıq işlərini yerində gördük. Şuşada isə tarix, mədəniyyət və dövlətçilik ruhunu bir daha hiss etdik. Bu şəhərlər artıq yeni inkişaf mərhələsinə qədəm qoyub".
Onun sözlərinə görə, Qarabağda həyata keçirilən bərpa və yenidənqurma işlarının miqyası olduqca böyükdür.
"Qələbədən altı ilə yaxın vaxt keçməsinə baxmayaraq, əsas quruculuq işləri son üç ildə həyata keçirilib. Xüsusilə 2023-cü il antiterror tədbirlərindən sonra proses daha da sürətlənib. Bu müddətdə avtomobil və dəmir yolları çəkilib, beynəlxalq hava limanları istifadəyə verilib, məktəblər, xəstəxanalar və yeni yaşayış məntəqələri inşa olunub. Bütün bunlar çox qısa zaman ərzində həyata keçirilib və bunu həqiqətən də möcüzəvi inkişaf nümunəsi hesab etmək olar".
Yalçın Sarıkaya qeyd edib ki, Laçının Zabux və Sus kəndlərində aparılan bərpa işləri də xüsusi diqqət çəkir.
"Bu yaşayış məntəqələrində müasir infrastruktur yaradılıb, ekoloji yanaşma əsas götürülüb və insanların rahat yaşayışı üçün bütün şərait təmin edilib. Qarabağda həyata keçirilən layihələr gələcək inkişafın möhkəm təməlini formalaşdırır".
Professor sonda vurğulayıb ki, belə proqramlar Türkiyə ilə Azərbaycan arasında media əməkdaşlığının və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verir.












