Azərbaycanlılar Ermənistanla sülh perspektivləri barədə nə düşünür? – 1news.az-ın sorğusu
2025-ci il avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə tarixi üçtərəfli sammit keçirilib.
Görüş zamanı liderlər Birgə Bəyannamə imzalayıb və tərəflər arasında razılaşdırılmış “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş” mətninin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahid olublar.
Tərəflərin yekun sülhə doğru irəliləmək niyyətini əks etdirən bu sənədin bir illiyi ərəfəsində regionda baş verən genişmiqyaslı siyasi dəyişikliklərin ilkin nəticələri dəyərləndirilib.
Ötən on iki ay ərzində sülh prosesi diplomatik bəyanatlardan çıxaraq yeni reallıqlar müstəvisinə keçib.
Azərbaycan sakinləri bu prosesi necə qiymətləndirir və Azərbaycan cəmiyyətinə görə uzun illər davam edən münaqişənin yekun həlli perspektivləri necə görünür?
1news.az bu mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.
Sorğunun nəticələrinə əsasən, respondentlərin Ermənistanla sülh əldə olunmasının mümkünlüyü ilə bağlı fikirləri fərqlənib: bəziləri nikbin mövqe nümayiş etdirib, digərləri isə məsələyə daha ehtiyatlı yanaşıb. Bununla belə, sorğuda iştirak edənlərin böyük əksəriyyəti vurğulayıb ki, cəmiyyətin əsas arzusu müharibəsiz, gənclərin həyatını itirmədiyi sülh və əmin-amanlıq şəraitində yaşamaqdır.
Paytaxt sakinləri hesab edirlər ki, sülh prosesi “inan, amma yoxla” prinsipi əsasında qurulmalı, mehriban qonşuluq münasibətləri isə tarixi yaddaşı və keçmişdən çıxarılan dərsləri kölgədə qoymamalıdır.
Ətraflı videomaterialda:








