Xalq artistindən Nəsibə Zeynalova haqqında xatirə: “Qışın ortasında Şəmsi Bədəlbəyliyə badımcan dolması bişirdi...” – MÜSAHİBƏ
Azərbaycan mədəniyyətinin parlaq simalarından olan Cahangir Novruzov, milli teatr və kino sənətimizə böyük töhfələr vermiş zəngin sənətkar ocağının layiqli bir davamçısıdır.
O, məşhur aktyor və rejissor, Azərbaycan teatrının banilərindən sayılan Cahangir Zeynalovun adını daşıyır və onun zəngin irsini qürurla yaşadır. Anası - səhnəmizin unudulmaz gülüş ustadı, Xalq artisti Nəsibə Zeynalova isə öz bənzərsiz istedadı ilə bütöv bir nəslin məhəbbətini qazanmış qüdrətli sənətkardır. İrsi davam etdirən Cahangir Novruzov yaradıcılıq yolu boyunca həm kinoda, həm də teatrda yaratdığı xarakterik obrazlar və bənzərsiz rejissor işləri ilə tamaşaçıların qəlbində dərin iz qoymuşdur.
1news.az-ın budəfəki müsahibi görkəmli rejissor, aktyor və pedaqoq Cahangir Novruzovdur.
- Bugünkü qonağımız böyük bir teatr irsinin varisi, həmçinin ustad rejissor, pedaqoq Cahangir Novruzovdur. Həm vətənə, həm də bizim ofisimizə xoş gəlmisiniz. İlk sualım elə gəlişinizlə bağlıdır. Bilirsiniz ki, qürbətdə yaşayan bir insan üçün vətəndən uzaq olmaq çətindir. Və Bakıya hər gəlişinizdə təyyarədən enəndə, şəhəri ilk dəfə görəndə hansı hissləri keçirirsiniz? Bakı sizə hansısa duyğunu xatırladır?
- Duyğu... Bakıya gəldiyim zaman elə qarışıq duyğuları olur ki. Bir insan 30 il və ya daha çox öz sevdiyi şəhərindən uzaqda qalıbsa, necə duyğulanmaya bilər? Evim-eşiyim, valideynlərimin məzarı burada, dostlarım burada... Çox gözəl duyğular yaşayıram. Həm özləm var, həm də hər dəfə gələndə şəhərin dəyişdiyini, gözəlləşdiyini görürəm.
Linkə daxil olaraq müsahibəni videoformatda izləyə bilərsiniz.
Zahiri gözəlləşən, mənəviyyatı isə “suda açılan” Bakı...
Azərbaycanda deməyim, çünki Azərbaycanın hər yerini gəzməmişəm, haqsızlıq olar, amma Bakıda müşahidə etdiyim ümumi bir problem var. Əlimizdə tutduğumuz texnoloji yeniliklər, qadcet deyilən vasitələr insanları gerçəklikdən, reallıqdan uzaqlaşdırır. Mən bunun səbəbi üzərində düşünürəm, çünki teatr adamıyam və nəyə qarşı mübarizə aparacağını bilməliyəm. O qadcetlər sənin tamaşaçını əlindən alır, diqqətini yayındırır. Bu başqa bir problemdir. Amma bunun nəticəsində Azərbaycanda, xüsusilə də Bakıda insanlar elə düşünürlər ki, guya çox şey bilirlər. Halbuki çox şəkil görmək çox bilmək demək deyil. Çox şeydən xəbərdar olmaq ayrıdır, bilmək ayrıdır. Mən həmişə demişəm, “bilirəm” sözü ağır sözdür. “Bilirəm” deyirsənsə, onun arxasında yüz faiz dayanmalısan, sənin üçün qaranlıq qalan sual olmamalıdır. Ona görə də insanların xəbəri var, amma bilgisi yoxdur.
Bu baxımdan ətrafa baxanda görürəm ki, mənəvi mühitə sanki su qatılıb. Rəngi yerindədir, amma artıq açılıb. Belə mənzərə görürəm. Məsələn, gənclərdə çoxunun əlində telefon görürəm. Kitab oxuyan gəncləri demirəm, bu dünya kitab tutanlarındır, telefon tutanların deyil. Bəzən peşəsinin etik normalarını bilməyən insanlarla qarşılaşıram. Bu, mənim üçün üzücüdür. Çünki bu şəhər mənim şəhərimdir. Onun yaxşısı da mənimdir, yamanı da mənimdir. Ona görə də çox qarışıq hisslər yaşayıram. Amma hər dəfə gələndə şəhərin gözəlliyinə heyran oluram, yeni bir gözəllik yaranır. İstəyərdim ki, bu zahiri gözəlliklə yanaşı, mənəvi gözəllik də inkişaf etsin.
- Növbəti sualım sizin gedişinizlə bağlıdır. Bakıdan gedəndə çamadanınızda özünüzlə birlikdə geyimlə yanaşı bir inciklik və nisgil apardınızmı?
- İnsanlar düşünürlər ki, biri gedəndə inciyib gedir. Mən niyə inciməliyəm? 90-cı illərdə iqdisadi vəziyyət məlum idi. Teatrların vəziyyəti ortada idi. Sovet İttifaqından ilk ayrılan da, müstəqilliyini qorumaq istəyən də Azərbaycan idi. Ona görə də bütün daşlar-dəyənəklər ona dəyirdi. Amma Azərbaycan xalqı həm o zaman, həm də 44 günlük müharibədə sübut etdi ki, bizi öldürə bilərsiniz, amma məğlub edə bilməzsiniz. Azərbaycan xalqı ayağa qalxa bilən xalq və öz kimliyini bilən xalqdır. Çünki türkük. Çox maraqlıdır ki, türklük bütün dinlərdən keçmişdir. Ona görə də bütün dinlərə çox tolerant münasibətimiz var.
Həmin dövrdə də Nəsibə xanım xəstə idi. Mənim də bir xasiyyətim var, əl açıb heç kəsdən heç nə istəmərəm. Nəyim var? Biliyim, bacarığım, 11 illik teatr savadım var. Doğulduğum yer teatr olduğu üçün bu sahə ilə bağlı hər şeydən xəbərim var. Hətta bir az cəsarət edib “bilirəm” deyə də bilərəm. Ona görə də biliyimi təqdim etdim, qəbul etdilər və peşman da deyillər. Artıq 72 yaşım olacaq. Türkiyədə təqaüdə 65 yaşında çıxırlar. Məni hələ göndərmək istəmirlər. Keçən dəfə də rektor ilə görüşdüm. Dedim ki, təqaüdə çıxmaq istəyirəm. Dedi ki, biz sizi buraxmayacağıq. Yəni hələ də işləyirik.
Nəsibə Zeynalovanın oğlu olmaq: İrs, yoxsa yük?
- Nəsibə xanımdan danışdınız. İlk vaxtlar yaradıcılıqda sizi hər kəs Nəsibə Zeynalovanın oğlu kimi tanıyırdı...
- İndi də elə tanıyırlar, insanların düşüncəsi dəyişmir.
- Amma siz artıq özünüz də böyük sənətkarsınız...
- Təbii ki. Mən buradan Azərbaycan xalqına müraciət edərdim ki, başqalarına oxşamağa çalışmasınlar. Bizim xalqın, ümumiyyətlə, bir çox xalqların bir xüsusiyyəti var və müəyyən qüvvələr bundan istifadə edirlər. Təxminlərlə, ehtimallarla düşünməsinlər. İnsan bir sözü deyir, onu ikinci dəfə təkrar edir, üçüncü dəfə artıq ehtiyac qalmır. Yalan da olsa, doğru da olsa, insanlar ona inanırlar. Ona görə də danışanda insan öz dediyini özü eşitməlidir. Əks halda insan özü özünü aldadır. Ona görə də hələ də elə düşünənlər var. Bilmirlər ki, əgər mən Nəsibə xanıma layiq olmasaydım, məni heç kim xatırlamazdı. Sadəcə salam verib keçərdilər. Böyük sənətkarların sənətdə olmayan övladları çoxdur. Onları heç kim tanımır. Amma qəribə düşüncə tərzidir. Buyurun, sualınıza davam edin (gülür-red.).
- Sualımın davamı olaraq soruşmaq istəyirəm, öz kimliyinizi sübut etmək, “Mən Cahangirəm” demək üçün kimlərlə mübarizə aparmalı oldunuz?
- Heç kimlə mübarizə aparmadım. Mən sadəcə işimi gördüm, qızım. Nəyi doğru bilmişəmsə, nə öyrənmişəmsə, onunla yaşamışam. Bakı mənim üçün nədənsə əskik olmayıb. Mən Mehdi Məmmədovun tələbəsi olmuşam. Mehdi Məmmədov dərin biliyə, fəlsəfi təfəkkürə malik böyük ustad idi.
Bununla yanaşı, o vaxtkı Azərbaycan İncəsənət Universitetində Ədil İsgəndərovun, Təhmasibin dərslərinə rahatlıqla girib baxa bilirdim. Orada çox böyük sənətkarlar çalışırdı. İmtahanlarımızı da həmin sənətkarlar götürürdü, komissiyanın üzvləri idilər.
Amma anladım ki, aldığım bilik kifayət etmir. Bu quyu daha dərindir, onun saf suyu dibindədir. Ona görə Moskvaya, Anatoli Vasilyeviç Efrosun yanına oxumağa və işləməyə getdim. Onun assistenti oldum. Sovet İttifaqının Mədəniyyət Nazirliyinin Mədəniyyət İşçilərinin Təkmilləşdirmə İnstitutuna daxil oldum. İki il, iki il yarım orada oxudum. Hətta rəhbərimiz Nora Petrovna Kutateladze mənə təkidlə dedi: “Cahangir, bir il də qal, dissertasiyanı müdafiə et. Çünki çox yaxşı irəliləyirsən”.
Mən isə dedim: “Nora Petrovna, mən universitetdə dərs demək və akademik karyera qurmaq istəmirəm. Mən səhnəyə çıxacağam. Bir il də burada qalsam, bir il itirmiş olacağam. Çünki həyata keçirmək istədiyim fikirlərim, tamaşalarım var”.
Ona görə Şəki Teatrına gəldim və baş rejissor oldum. Şəki Teatrı mənim böyüdüyüm, birlikdə oxuduğum dostlarla formalaşmış kollektiv idi. Özümü orada yad hiss etmirdim. İşimi orada davam etdirdim. Moskvada bir il də qalsaydım, dosent, sonra da elmlər doktoru ola bilərdim. Amma bunlar mənə lazım deyildi. Həyat elə gətirdi ki, universitetdə də dərs dedim və anladım ki, rejissorluğa olan meylimdə pedaqoqluq xüsusi yer tutur. Buna görə də daha çox rejissor-pedaqoq, müəllim kimi fəaliyyət göstərdim. Çünki özümü Azərbaycan üçün hazırlayırdım.
Müasir teatr təhsilinin problemləri: Yetərli olmayan biliklər
Dostlarım, sənət yoldaşlarım inciməsinlər, amma bu gün Azərbaycan İncəsənət Universitetinin teatr fakültəsində verilən biliklərin böyük hissəsi artıq kifayət etmir. Müasir teatrın inkişafı, yeni texnologiyalar, xüsusilə də rejissorluq baxımından bu biliklər tam yetərli deyil. Lazım gəlsə, bunu həmin müəllimlərlə üz-üzə oturub əsaslandıra da bilərəm.
Anasını məşqə burxmayan rejissor
- Müsahibələrinizdə danışdığınız maraqlı bir xatirəniz var. Məşqə gecikdiyi üçün ananız Nəsibə xanımı məşqə buraxmamısınız...
- Bu onun verdiyi tərbiyənin nəticəsi idi. Çünki Nəsibə xanım son dərəcə intizamlı insan idi. Mən tamaşa hazırlayırdım. Aktyor ananın övladı olaraq rejissor olmaq asan deyil. Həmin gün Nəsibə xanım 15-20 dəqiqə gecikdi, mən də başqa səhnəni məşq etməyə başladım. Özü də buraxmamışam? Yox. Dedim: “Nəsibə xanım, biz artıq başqa səhnə ilə işləyirik. Bu gün sizin səhnəni məşq etməyəcəyik. Artıq aktyorlar səhnədədir”.
Sonra evdə dedi: “Sən bu cəsarəti haradan tapmısan?”
Dedim: “Səndən”. Mən səni tanıyandan bəri heç vaxt məşqə gecikməmisən, həmişə orkestrdən əvvəl gəlmisən. Bu gün isə aşağıda truppa müdirinin otağında aktyor yoldaşlarınla söhbət edirdin. Əgər ciddi səbəb olsaydı, səni gözləyərdim. Amma sən sadəcə söhbət edirdin. Mən də dedim ki, mən Nəsibə xanımın oğluyam, məni gözlədə bilməzsən. Üstəlik mən rejissoram. Bu tərbiyəni də səndən almışam. Sən də tərbiyəni öz atandan almısan. Burada intizamı pozan kimdir - mən, yoxsa sən? Bir həftə mənimlə danışmadı (gülür-red.). Amma sonra danışdı. Çünki haqlı olduğumu bilirdi.
Yalanın edam edildiyi müqəddəs məbəd: Teatr fəlsəfəsi
Teatr çox fərqli bir aləmdir. Bu gün bir çox insanlar teatrın mahiyyətini anlamadığı üçün ona yuxarıdan aşağı baxırlar. Halbuki teatr bir məbəddir. Mən bunu tələbələrimə də həmişə demişəm. Bu, sadəcə söz deyil. Teatr yalanların məbədidir. Amma o yalanların ən müqəddəsi, ən məsumu teatr səhnəsində deyilən yalandır. Sən min fərqli həyat yaşaya bilərsən. O obrazların tacını çıxarıb qrim otağından çıxanda isə yenə sadə aktyorsan. Əgər tamaşadan sonra səni beş, on, iyirmi nəfər gözləyirsə, deməli sən öz sənətinin taxtına layiqsən. Bu, çox önəmli məsələdir. Amma oradan çıxıb gedirsənsə, səni görmürlərsə, yox olub gedirsən. Sənətimiz yalan üzərinə qurulub, amma müqəddəs yalandır. Biz o yalanı insanların tərbiyə olunması üçün danışırıq. Uşaqlarıma (tələbələri) demişəm ki, teatr yalanın həqiqət uğruna istifadə olunduğu bir məkandır. Səhnə isə o yalanın edam ediləcəyi qurbangah yeridir. Yəni yalan səhnədə ifşa olunur və edam edilir. Bütün tamaşaların mənası bundadır ki, yaxşı ilə yaman mübarizədədir. Ona görə də teatr bir başqa yerdir, ona münasibət başqa cür olmalıdır.
- Tamaşa bitir, aktyor öz qrimlərini təmizləyir, amma onun ruhunda həmin yaratdığı obrazın izləri yəqin ki, qalır. Bəs aktyor özünü bu peşəkar deformasiyadan necə qorumalıdır?
- Onu heç kim bilmir ki. Hər kəsin bir öz üsulu var. Hər kəsin öz yanaşması var. Tamaşadan, xüsusilə də xarakterin dərinliyinə, tamaşanın və tamaşaçının keyfiyyətinə bağlı olaraq... Mən incitmək istəmirəm, amma 500-600 nəfərlik zalı dolduran hər tamaşaçı birdən-birə bir şəxsiyyətə dönür. Bir nəfər üçün oynayırsan kimi olur. Onun da ağırlığı, təsiri hər zaman fərqli olur. Ona görə də teatr yaşayan bir orqanizmadır. Yəni eyni tamaşanı hər gün oynasan da, dünənki tamaşa bugünkü kimi, bugünkü tamaşa sabahkı kimi olmayacaq. Eyni sözlər, eyni quruluş, eyni münasibətdir, amma hal-əhvalı başqa olur. Mənəvi daşıdığın yükü yerə hər zaman birdən qoya bilmirsən. Mənim vaxtlarım olub ki, tamaşadan gəlmişəm. Xüsusən də, Şəkidə “Ezop” tamaşası yadıma düşür. Özüm səhnələşdirmişdim, baş rollardan birində də oynayırdım. Tamaşa 11-in yarısı filan tamaşa qurtarırdı, oradan teatrdan çıxırdıq, evə gələnə qədər 11 olurdu. Ən tez yatdığım saat 1-ə işləmiş, 1-in yarısı olurdu. Gecə saat 2-yə qədər yata bilmirsən, televizora baxırsan, kitab oxuyursan. İçinin ritmi dəyişir. Ona görə də onu hər bir aktyor başqa cür söndürür. O, çox xəlvət, gizli və məhrəm bir şeydir. Hər kəsin bir sakitləşmə zamanı və üslubu var. Onun dəqiq bir düsturu yoxdur.
- Siz qeyd etdiniz ki, aktyorların təbiətinə, həminki əhvalına uyğun olaraq dünənki və bugünkü tamaşa tamam fərqli şəkillərdə ortaya çıxa bilir.
- Tamam fərqli şəkillərdə ortaya çıxa bilməz. Ruh halına görədir. Amma dünənki tamaşa bugünkü tamaşaya bənzəmir. Daha doğrusu bugünkü tamaşa dünənki tamaşaya bənzəmir.
- Bənzərsiz olur.
- Bənzəyir, amma o deyil. Bənzəyir, sadəcə bənzəyir. Mən yanlış cümlə işlətdim. Yalnız bənzəyə bilər, amma o deyil. Tamamilə başqa ruhda ola bilir. Sən dünənkinə nisbətən daha güclü oynaya bilirsən. Bilirsiniz, teatr dediyin məfhum iki faktordan ibarətdir: aktyor və tamaşaçı. Bunların biri olmasa, teatr yoxdur. Yəni zaldakı tamaşaçılar müəyyən bir müddətdən sonra birləşib bir ruh halına gəlirlər.
- Vəhdəti-vücud olur.
- Hə, o günkü adam dünənki adam deyil.
- Teatr kinodan fərqlidir.
- Çox.
- Çünki o an yaşanır və bitir. Hər axşam olub bitəcəyini bildiyiniz bir şeyi yaratmaq necə bir hissdir? Aktyorlar bu müvəqqətiliklə necə barışırlar?
- Bu narkotik kimi bir şeydir. Amma alçaltmaq istəmirəm. O səni çəkir, o səni yaşadır. O başqa bir ruhdur. Səhnəyə çıxmaq başqa bir ruhdur. Bu önəmli deyil ki, sən aktyorsan, sən rejissorsan. Mən istər Şəkidə olsun, istər Musiqili Komediya Teatrında, istərsə də Türkiyədəki tamaşalarım olsun, tamaşa getdiyi gün mən zalda dayanıb baxıram. Əgər bir şey varsa, aktyorları toplayıb onlarla söhbət edərəm. Çünki tamaşa bir insan kimidir. O yaşayır, onun da həyatı var. Əgər sən onu bir söz yığınının təkrarına çevirənsənsə, onun ruhu olmaz, tamaşalar çıxıb gedər, ölüb gedər. Amma sən onu yaşatmalısan. Çox maraqlıdır ki, mənim hazırladığım tamaşalar Türkiyənin qaydalarına görə ölmədən repertuardan çıxdı. Bizim qaydada olsaydı, qalardı. Xatırlayıram ki, uzun zaman Türkiyədə idim. Musiqili Teatrın səhnəsində uzun illər mənim tamaşalarım oynadı, təxminən 15 il. Tamaşa yaşayır.
- Söhbətimizin məcrasını bir qədər dəyişdirmək istəyirəm. Sizin uşaqlıq illəriniz bizə çox maraqlıdır. Çünki çox ziyalı bir nəsildən gəlirsiniz. Babanız Cahangir Zeynalov və ananız Nəsibə Zeynalova Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş insanlardır. Təbii ki, sizin ocağınıza maraqlı insanların yığışdığını düşünürük. O illəri necə xatırlayırsınız?
- Çox gözəl xatırlayıram. Çox adamlar vardı. Bizim misal üçün... (düşünür-red.). Yadımdadır ki, mən uşaq ikən Musiqili Komediya Teatrının kollektivi bir-biri ilə cana-yaxın idi. Hətta rəhmətlik Lütfəli dayı, Bəşir əmi, Münəvvər xala, Şəfiqə xala, Şəmsi müəllim... Həftədə bir, ayda isə ən azından 2 dəfə bir-birinin evinə yığışırdılar.
Bəşir Səfəroğlunun kiçik pianinosu və qışın ortasında bişən badımcan dolması
Deyəsən, “Qayınana”nın premyerası idi. Mən də orada idim. Teatrdan çıxdıq, Şəmsi müəllim anama dedi ki, sənin üçün bu boyda tamaşa hazırlamışıq. Sən bizi heç nə etmədən yolacaqsan? O da anamın bir xanım kimi mərifətini bilirdi. Anam soruşdu ki, nə istəyirsən? Dedi, mənim istədiyimi sən edə bilməzsən. Anam təkrar soruşdu. Şəmsi müəllim dedi ki, badımcan dolması. O vaxt indiki kimi deyildi. Qışın ortasında badımcanı haradan tapasan? Bizim xanımlar pomidor, bibər, badımcan kimi tərəvəzləri qış üçün saxlayırdılar. Anam dedi ki, mənə bir saat, saat yarım vaxt verin, sonra gəlin bizə. Evə gəldik, atamla anam o bankaları çıxartdılar. Qiyməsi də hazır idi. Doldurud, bişirdi. Şəmsi müəllim, Lütfəli əmi, yəni bir 10 nəfər adam olacaqdı. Şəmsi müəllim qapını açanda dedi, Nəsibə, bu nə iydir? Sən necə hazırladın? Yəni belə ekspromt görüşlər də olurdu.
Mən xatırlayıram ki, Bəşir Səfəroğlunun balaca bir evi vardı. Heç vaxt unutmaram, bir oktava əskik kiçik pianinosu vardı. Onu haradan tapdığını bilmirəm. Belə pianinonu bir də heç kəsin evində görməmişəm. Pianino balaca, özü isə hündür adam idi. Oturub bir barmaqla çalıb zümzümə edirdi. Münasibətlər çox gözəl idi. Evimizdə çox maraqlı insanlar olub. Yazıçılar, dramaturqlar Nəsibə xanımla işləməyə gəlirdilər.
Atamın çaldığı “Çahargah”ı bu günə qədər heç kim ifa edə bilmədi
Atamın da dostları və yoldaşları olurdu. O musiqi sənətində çox təvazökar insan idi. Bu gün açıq deyim ki, Azərbaycanın tanınmış kamança ustalarının əksəriyyəti onun dərslərindən keçib. Rəhmətlik Ədalət, Mirnazim, Cəbrail və başqa tanınmış kamança ifaçıları... Hətta çox dəyərli sənətkarımız Şəfiqə xanım mənə dəfələrlə deyib ki, Mütəllib müəllimi öz müəllimim hesab edirəm. O vaxt Asəf Zeynallı adına məktəbdə gənc müəllim idi. Deyirdi, boş vaxtım olanda gedib onun dərslərində otururdum, qulaq asırdım ki, necə dərs keçir. Ona görə də onu öz müəllimim hesab edirəm. Allah ona can sağlığı versin. Evimizə tez-tez sənət adamları, atamın dostları gələrdi. Əhsən Dadaşov, Əliqulu müəllim, Həbib Bayramov və başqaları tez-tez qonağımız olardı. Hətta bir xatirəni də sizinlə bölüşüm. Atam 1994-cü ildə qəfil rəhmətə getdi. Adətən kişi məclisində göz yaşarar, amma qırx mərasimində sənət dostlarının hönkür-hönkür ağladığını öz gözlərimlə gördüm.
Mən bir şeyi bilirəm ki, atamın Çahargahını heç kim çala bilmədi. O çox təvazökar idi. Deyirdim ki, ay ata, bax hamı çalır, sən niyə çıxmırsan səhnəyə? “Saçım-başım ağarıb, Cahangir” deyirdi. Soruşurdum ki, nə fərqi var? Deyirdi ki, hər şeyin zamanı var.
Evdə tək oturub çalırdı. Gəlirdim, qapını açanda kamançanı kənara qoyurdu. Mənim yanımda çalmaqdan çəkinirdi, gizlin-gizlin qulaq asırdım. Bu il 100 yaşı olacaq. Tələbələri xatırlasa, heç olmasa məzarını ziyarət edərlər.
- Səmimi xatirələrinizi bölüşdüyünüz üçün təşəkkür edirəm. Amma bir az da sizdən o xatirələri oğurlamaq istərdim. Nəsibə xanımla eyni evdə yaşamağı mən təsəvvür edə bilmirəm. Çünki gülüş ustası ilə eyni evdə yaşamısınız.
- Eh! O sizin üçün gülüş ustası idi. O mənim üçün məşqdən sonra məni danlayan... Yəni o uzurpator idi! (Gülür-red.).
Fatin Ərən dedi ki, bu tam bir Osmanlı qadınıdır!
Fatin Ərəni xatırlayıram. Fatin Ərən Azərbaycandakı ilk Türkiyə Böyük Səfirliyinin baş konsulu idi. Səfirlər gəlib-gedir, amma konsullar uzun müddət qala bilirlər.
Akif dayımın bağında yığışmışdıq. Akif Novruzov da Mütəllib Novruzov kimi biri tar, biri kamança ifa edirdi. Onlar həm dost həm də əmioğlu idilər. Bağda mənim 40 yaşımı qeyd edirdilər. Yəni onlar edirdilər, mən özüm geniş şəkildə etmədim. Çünki atamın vəfat etdiyi il idi - 1994-cü il. Fatin də bizim dostumuz idi. Yoldaşım Elnarə onun övladına pianino dərsi demişdi. Belə bir şəkildə tanış olmuşduq. Fatin anamla bir süfrə arxasında söhbət etdilər. Sonra ayağa qalxdı, söhbətin ortasında məni kənara çəkdi. Dedi ki, Cahangir, bu tam bir Osmanlı qadınıdır! Sən bununla necə yola gedirsən?! Sənə tərbiyə verən bu insandırsa, sən başqa adam olmalısan. Tam bir Osmanlı qadını. Nəsibə xanım çöldə, insanların arasında həmişə gülərüz olardı, amma evə gələndə deyərdi ki, filan şeyi düz etmədin, bir də görməyim. Sənə yaraşmaz. Hər zaman nəzarətdəydi. Ona görə bu bir formada böyümüşəm. Və yaşa dolduqca səhvləri bağışlaya bilmirəm.
Bayaq birinci sualınızda dediniz ki, hər gəlişinizdə Bakını necə görürsünüz? Hər gəlişimdə gördüyüm səhvləri qəlb ağrısı ilə qarşılayıram. Mən xalqımı daha üstün bir şəkildə görmək istəyirəm. Çünki biz başqayıq. İstedadı, ağlı bizə Allah başqa cür verib. İlber Ortaylının zarafatla dediyi gözəl bir sözü var: Anam deyərdi ki, azərbaycanlılar türklərin yəhudisidir. O zarafatın içində büyük məna var. Yəni yəhudi məntiq və ağıl sahibi olan bir millətdir. Rəhmətlik İlber Ortaylı ilə tanış idik. İki-üç dəfə görüşmüşdük. O İstanbulda, mən isə Adanada yaşayırdım. Düşünürəm ki, mən də İstanbulda yaşamış olsaydım, tez-tez görüşərdik. Çox dəyərli və Azərbaycanı sevən bir insan idi. Hətta burada qohum-əqrəbəsi də varmış. Allah rəhmət eləsin.
Yəni mən Azərbaycanı başqa cür görmək istərdim. Bütün Türk dünyasına diqqət et, hamısı parçalanıb. Və 100 il bundan əvvəl ilk Türkloji Qurultay Azərbaycanda olub. Və hamısı da repressiyaya uğrayıb. Bu il Türkoloji Qurultayın 100 illiyinə mən də dəvət olunmuşdum. Tarixi bilən adamlardan belə bir zarafat eşitdim ki, görəsən, bizim başımıza nə oyun gətirəcəklər?
Bu gün Turan layihəsinin başında bizim hörmətli Prezidentimiz durur. Bu düşüncəni yaradan və digər türk cümhuriyyətlərinə aşılayan, onları oyandırmağa sövq edən fikir Azərbaycandan - hörmətli Prezidentimiz İlham Əliyevdən gəlir. Azərbaycan türklüyün mərkəzi, döyünən qəlbidir. Ona görə də Hüseyn Cavidin əsərində deyilən sözlər boş deyil. Biz mədəniyyətimizlə, musiqimiz, tariximiz, ədəbiyyatımız, teatrımız və filmlərimizlə onlara örnək olmalıyıq. Ona görə də mədəniyyətimizə çox diqqət yetirilməlidir. Bugünkü mədəniyyətimizi qorumaq üçün ona çox həssas yanaşmalıyıq.
- Sizin müsahibələrinizdə qeyd etdiyiniz bir fikir var: “Sözünün eşidilmədiyi yerdə yerini dəyişməlisən, sözünü yox”. Sözünü dəyişməmək üçün coğrafiyanı dəyişmək, sizcə, bir sənətkara nə qazandırır və nə itirməyinə səbəb olur?
- İnsan hər getdiyi yerdən bir şey öyrənir, qızım. Amma əgər sənətkar sənətkardırsa, keyfiyyətli adamdırsa, getdiyi yer qazanır (Mənalı şəkildə gülümsəyir-red.). Sənətkar, fikir adamı nə deməkdir? Məsələn, mən nə qədər oxusam da, İlber Ortaylı ola bilmərəm. İlber Ortaylı da nə qədər sənətlə məşğul olsa, Cahangir olmaz.
Dövlət idarəçiliyində dəyər vermək mövqeyində olan insanlar bir insanın içindəki düşüncə tərzinin, öz peşəsini, öz sənətini istifadə etmə üsulunun bu millətə xeyri olub-olmadığını düşünməlidirlər. “Mənim ondan xoşum gəlir, gəlmir” kimi yox. Bu mədəniyyətə yanaşan dövlətçilik düşüncəsidir. Belə düşüncədən məhrum olan insanlar xeyirdən çox zərər verirlər.
- Türkiyədə yaşayan Cahangir Novruzovla Bakıdakı Cahangir Novruzov arasında özünüzü müşahidə edəndə necə bir fərq görürsünüz?
- Mən Türkiyədə Cahangir Novruzov olaraq azərbaycanlı olduğuma görə fəxr edirəm. Azərbaycana gələndə isə bir çox çatışmazlıqları görəndə ürəyi sınan Cahangir oluram. Bu qədər istedada, bu qədər gözəl təfəkkürə sahib olan bir millətin hər zaman inkişafını görmək istəyirəm. İnkişaf da olmalıdır.
“Mədəniyyətə yalnız mədəniyyəti olan insanlar xidmət etməlidir”
- Cahangir bəy, bəs bu sahədə çalışan insanlara, ümumiyyətlə, bu sahənin inkişafı ilə bağlı nə demək istəyərdiniz? Deyirsiniz ki, ürək ağrısı ilə bəzi problemləri görürəm. İstər teatrımız olsun, istər kinomuz. Böyük sənətkar kimi nə deyə bilərsiniz?
- Mədəniyyətə mədəniyyəti olan insanlar xidmət etməlidir. Sadə münasibətlər qura bilməyən, bunun üçün mədəniyyəti olmayan insanlar mədəniyyət sistemində çalışmamalıdır. Bu da ayrıca söhbətdir, uzun söhbətdir.
“Qırmızı diplomun evdədir, özün isə buradasan...”
Dünən çəkilişdə idim. Dedim filan işi düzgün etmirsiniz, belə olmaz. Deyir, Cahangir müəllim, siz hələ o birilərini görməmisiniz, onların yanında ən yaxşısı bizik. Bu adamı yıxar. Mənə deyir ki, mən qırmızı diplomla bitirmişəm. Cavab verdim ki, hanı? Deyir, evdədir. Dedim, qırmızı diplomun evdədir, özün isə burdasan. Səni o qırmızı diplom yox, öz davranışın, işin, mədəniyyətin, işi qurmaq və təşkil etmək etikan mədəniyyətini ortaya çıxarır. Bunlara diqqət etmək lazımdır, xüsusilə mediada, sənətdə, televiziyada.
- Son olaraq, əgər sizə bir monoloq haqqı verilsəydi, dünyaya və özünüzə nə pıçıldayardınız, nə demək istəyərdiniz?
- Monoloqa çox vaxtınız var? (gülür-red.)
- Sizə hər zaman vaxtımız var, buyurun.
- Mənim indiyə qədər dediklərimi bir araya toplasanız, elə bir monoloqdur. Nəsibə xanımın “Qaynana” filmində bir sözü var: “Bundan sonra demərəm sənin ayağın yandı, çəkil dala”. Mən orada atəşin olduğunu gördüyüm üçün “Ayağın yanar, çəkil geri”, demək istəyirəm. Mənim dediklərimin hamısını toplasanız, bir monoloq olar.
Amma teatr haqqında, teatrın önəmi haqqında Qarsiya Lorkanın bir yazısı var. “Teatr bir millətin halını, əhvalını, mədəni səviyyəsini göstərə biləcək bir barometrdir”. Qarsiya Lorkanın bu fikirlə başlayan bir yazısı var. Onu oxumalarını tövsiyə edirəm. Hesab etsinlər ki, o monoloq mənimdir.
Xatırladaq ki, bu gün müsahibimiz Cahangir Novruzov ömrünün 72-ci baharını qarşılayır. Bu münasibətlə 1news.az kollektivi dəyərli sənətkarı ürəkdən təbrik edir və ona bu sözlərlə ehtiramını ifadə edir:
Ey sənət mülkünün təcrübəli ustadı, doğum gününüz mübarək!
Səhnədə can verdiyiniz hər obraz, hər surət neçə-neçə qəlbi xoş etmiş, könüllərdə unudulmaz izlər buraxmışdır. Tanrı sizə sağlam can və yaradıcılıq şövqünüzün sönmədiyi uzun illər bəxş eyləsin. Yaxşı ki, varsınız, sənətinizin işığı daim üzərimizdə olsun!
FOTO-VİDEO: Nadir İbrahimli








