Səhiyyə Nazirliyi Elnarə Canlı ilə bağlı Baş Prokurorluğa müraciət edib
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) kosmetoloq Elnarə Canlının lisenziyasız fəaliyyəti ilə bağlı bir neçə dəfə yoxlama keçirib.
1news.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin məlumatında bildirilib.
Qeyd olunub ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, AEM tərəfindən özəl tibb fəaliyyəti ilə bağlı plan üzrə və plandankənar yoxlamalar həyata keçirilir.
Məlumata görə, kosmetoloji fəaliyyətlə məşğul olan fərdi sahibkar Canlı Elnarə Fəxrəddin qızının fəaliyyəti ilə bağlı AEM-ə daxil olan vətəndaş müraciətləri və mediada yayılan məlumatlar əsasında bir neçə dəfə araşdırma və plandankənar yoxlama aparılıb.
Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 2 ünvanında fəaliyyət göstərən Elnarə Canlının lisenziya tələb olunan özəl tibb fəaliyyətini müvafiq lisenziya olmadan həyata keçirməsi ilə bağlı vətəndaş müraciəti əsasında araşdırma aparılıb və 8 may 2025-ci il tarixində plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı onun lisenziya olmadan özəl tibb fəaliyyəti – kosmetoloji fəaliyyətlə məşğul olduğu müəyyən edilib.
Aşkar edilmiş hüquq pozuntusu ilə əlaqədar fərdi sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə 8 may 2025-ci il tarixli, MN 2156869 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə göndərilib.
Bundan əlavə, vətəndaş müraciəti və mediada yayılan məlumatlar əsasında həmin şəxsin fəaliyyəti ilə bağlı daha iki plandankənar yoxlama keçirilib.
Yoxlamalar nəticəsində inzibati məsuliyyət yaradan pozuntular müəyyən edilib. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi üzrə 22 dekabr 2025-ci il tarixli, MN 2406895 və 20 fevral 2026-cı il tarixli, MN 2407064 nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək qanunvericiliyə uyğun olaraq icraata göndərilib.
Məlumatda qeyd olunub ki, sonuncu yoxlama zamanı Elnarə Canlının fəaliyyət ünvanı Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, ev 79, mənzil 8 olub.
AEM tərəfindən keçirilmiş yoxlamalara və tətbiq edilmiş inzibati tədbirlərə baxmayaraq, fərdi sahibkarın lisenziya olmadan kosmetoloji fəaliyyətini davam etdirməsi müəyyən edilib.
Bununla əlaqədar onun fəaliyyətinin dayandırılması istiqamətində əlavə hüquqi tədbirlərin görülməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən 13 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilib.
Nazirlik müraciətində lisenziya olmadan özəl tibbi fəaliyyətlə, o cümlədən kosmetoloji fəaliyyətlə məşğul olma faktına hüquqi qiymət verilməsini və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsini xahiş edib.
Səhiyyə Nazirliyi və AEM bildiriblər ki, qeyd olunan şəxsin fəaliyyəti ilə bağlı qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində zəruri tədbirlər görülüb və məsələ ilə bağlı hüquq-mühafizə orqanına da müraciət edilib.
AEM vətəndaşlara özəl tibb müəssisələrində və aptek təşkilatlarında qanunsuz fəaliyyət, şikayət və digər pozuntularla bağlı məlumat vermək imkanlarının olduğunu da xatırladıb.
Müraciətlər AEM-in “Bir pəncərə” sektoru, (012) 596 05 20 nömrəli qaynar xətti, [email protected] elektron poçt ünvanı və www.pharma.az saytının “Müraciət” bölməsi vasitəsilə qəbul olunur.












